Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ağsaqqalları təbrik edib

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Şuranın İdarə Heyətinin üzvləri adından 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ağsaqqalları təbrik edib. Təbrikdə deyilir:
Dəyərli ağsaqqallar!
Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımızı çatdırırıq!
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu Dünya Azərbaycanlılarının həmrəyliyi müasir dövrümüzdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tərəfindən daha da möhkəmlənir və genişlənir. Bu gün dünya miqyasında böyük nüfuz qazanan və özünə layiqli yer tutan ölkəmiz bütün soydaşlarımızın, dünya azərbaycanlılarının arasında birliyin və həmrəyliyin yaradılmasında, onların milli və beynəlxalq hüquqlarının qorunmasında mühüm rol oynayır.
2023-cü il – “Heydər Əliyev İli” xalqımızın və ağsaqqallarımızın yaddaşında Azərbaycan üçün uğurlu bir il kimi qalacaq. Əlamətdar hadisələrlə zəngin olan bu il ərzində Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu nəticəsində ölkəmiz yüksək nailiyyətlər qazanmış, ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin edilmişdir. Ötən illərdə olduğu kimi, bu il də iqtisadi tərəqqiyə nail olunmuş, qeyri-neft sektorunun inkişafı, işğaldan azad edilmiş şəhər və rayonlarımızda bərpa-quruculuq işlərinin genişmiqyaslı şəkildə həyata keçirilməsi, həmçinin iqtisadi və sosial sahələrdə islahatların aparılması yüksək səviyyədə davam etdirilmişdir.
Azərbaycan Ağsaqqallar Şurasının 77 şəhər və rayon təşkilatında fəaliyyət göstərən 35 min üzvü hər zaman olduğu kimi, 2023-cü il ərzində də respublikamızda gedən proseslərdə yaxından iştirak etməklə xalqımızın milli mənafeyinə xidmət göstərmiş, aktual məsələrlə bağlı, xüsusilə də Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bir çox tədbirlər, konfranslar, görüşlər keçirmiş, ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və humanitar inkişafına, cəmiyyət həyatının müxtəlif məsələlərinin həllinə ağsaqqalların töhfəsini təmin etmişlər. Cəmiyyətimiz, əsasən də gənclərimiz arasında Ümumilli Lider Heydər Əliyevin zəngin irsinin, habelə əxlaqi normaların və sağlam həyat tərzinin təbliğini geniş şəkildə həyata keçirmiş, gənc nəslin Vətənə, xalqa, dövlətə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmişlər.
Əminliklə deyə bilərik ki, 2024-cü ildə də ağsaqqallarımız uğurlu fəaliyyətlərini davam etdirəcək, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və bu gün uğurla davam etdirilən daxili və xarici siyasət kursunun vətəndaşlarımız arasında təbliğ edilməsi, əhalinin bütün təbəqələrinin Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev ətrafında daha sıx birləşməsi üçün əllərindən gələni əsirgəməyəcəklər.
Əziz ağsaqqallar!
Bir daha Sizi bu gözəl və əlamətdar bayramlar – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edir, 2024-cü ildə hər birinizə möhkəm cansağlığı, əmin-amanlıq, ailə səadəti və işlərinizdə uğurlar arzulayırıq!

Dərin hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri, millət vəkili, professor                                     Eldar QULİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.