Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev növbəti dəfə gənclərlə görüş keçirib.

Bu gün Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində Cəfər Cabbarlı adına 187 nömrəli tam orta məktəbdə Azərbaycan Ağsaqqallar Şurasının təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində gənclərlə növbəti görüş keçirilib. Görüşdə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevlə yanaşı, Şuranın Aparat rəhbəri Ramin Həsənli, baş məsləhətçi-hüquqşünas Kamal Əliyev, məktəbin müəllim heyəti, şagirdlər, gənclər və başqaları iştirak ediblər. Görüşün təşkilində məqsəd gənclərin vətənpərvər ruhda inkişafında ağsaqqalların rolunun daha da təşviq etmək, gənclərin özünüdərk prosesində cəmiyyətin təcrübəli zümrəsinin nəsihət və tövsiyələrindən faydalanmaqla milli Azərbaycançılıq ideologiyasının, Ulu Öndər Heydər Əliyev irsinin təbliğidir.

Bu məqsədlə tədbirdə iştirak edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev çıxış edərək bildirdi ki, “Müasir dövrdə gənc nəslin düzgün yetişdirilməsi dövlət siyasətində önəmli yer tutur. Əsası xalqımızın Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini sözün həqiqi mənasında doğruldurlar.
Ötən əsrin 90-cı illərinin əvvəllərində dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr dəyişdikcə, gənclər qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başladı. Bütün bunları dərindən bilən müdrik siyasətçi Heydər Əliyev gənc nəslin mütəşəkkil formada yetişdirilməsi üçün tarixi addımlar atdı. İctimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar aparan böyük Öndərimiz bütün bu proseslərdə gənclərin roluna həmişə xüsusi fikir verirdi. Müxtəlif qurumlarda, dölət idarələrində, siyasi və iqtisadi arenalarda gənclərin fəal iştirakını təmin edirdi. Ulu Öndərin başlatdığı bu siyasəti mahiyyət və keyfiyyət etibarilə Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir”.
Sonra Bakı şəhəri C.Cabbarlı adına 187 nömrəli tam orta məktəbin direktor vəzifəsinin icraçısı Gülnarə Məmmədova çıxış edərək Azərbaycan Ağsaqqallar Şurasına və onun rəhbərliyinə görüşə təşəbbüs göstərdikləri üçün minnətdarlığını bildirib. G. Məmmədova məktəbin fəaliyyəti haqqında məlumat verərək bildirib ki, 187 nömrəli tam orta məktəb 1936-cı ildən fəaliyyət göstərir. Hal-hazırda 105 sinifdə 2864 şagird təhsil alır. Məktəbdə iki bölmə – Azərbaycan və rus bölmələri vardır. 1959-cu ildən etibarən Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin qərarı ilə məktəb görkəmli dramaturq Cəfər Cabbarlının adını daşıyır. Məktəbdə şagirdlərin təlim-tərbiyəsi ilə 150 nəfərdən çox müəllim məşğuldur. Sabunçu rayon RTŞ-nin 40 saylı 2004-cü il tarixli əmri ilə 2004-cü ildə rayon miqyasında məktəbin qabaqcıl iş təcrübəsi öyrənilib yayılmışdır. Məktəb 9 il ardıcıl olaraq “İlin yaradıcı fəalliyəti ilə fərqlənən ən yaxşı təlim-tərbiyə müəssisəsi” adına layiq görülmüş, müxtəlif mükafatlar və diplomlarla, fəxri fərmanlarla təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 05 iyul 2010-cu il tarixli, 997 nömrəli sərəncamı ilə Bakı şəhəri 187 nömrəli orta məktəb 2009/2010-cu tədris ilində keçirilmiş “50 ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur.
Sonda Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev məktəbə xatirə hədiyyələri bağışlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.