Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev növbəti dəfə Sabunçu rayonunda yaşayan qazilərlə görüşüb. Görüşdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun igid əsgər və zabitlərinin torpaqlarımızın işğaldan azad edilməsi uğrunda göstərdikləri misilsiz qəhrəmanlıqlardan söz açan Eldar Quliyev əbədiyaşar şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən hər zaman böyük ehtiramla yad edildiyini bildirib. Vurğulayıb ki, ölkəmizdə şəhid ailələrinə və vətənpərvər, mərd qazilərimizə daim yüksək dövlət qayğısı göstərilir. Səmimi şəraitdə keçən görüşdə Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan və Qələbəmizin möhtəşəm simvoluna çevrilən hərbi paradın keçirilməsindən də söhbət açılıb. Vurğulanıb ki, Müzəffər Ali Baş Komandanımızın başçılığı ilə keçirilən və 30 ildən artıq səbirsizliklə gözlədiyimiz bu möhtəşəm parad xalqımıza bir daha qalibiyyət qürurunu yaşadıb.
Görüşdə iştirak edən qazilər bütün rayon qaziləri adından daim onlara göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevə öz dərin minnnətdarlıqlarını bildirərək ona Fəxri Fərman təqdim ediblər və gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Eldar Quliyev ona verilən bu yüksək dəyərə görə qazilərə təşəkkürünü bildirib və qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasətinin əsas istiqamətlərindən birini şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunmaları təşkil edir və biz də ölkə vətəndaşları olaraq bu sahədə əlimizdən gələni etməyə həmişə hazırıq.