Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Hesablayıcı komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində (QDİƏT PM) Azərbaycanın nümayəndə heyətinin rəhbəri, professor Eldar Quliyev və deputat Səbinə Salmanova Rumıniyanın Buxarest şəhərinə səfər ediblər.
Buxarestdə keçirilən QDİƏT PM-in İqtisadi siyasət və inkişaf komitəsinin 64-cü iclasında Azərbaycan nümayəndə heyəti ilə yanaşı, Türkiyə, Bolqarıstan, Yunanıstan, Rumıniya, Ukrayna və Ermənistanın nümayəndə heyətləri, həmçinin QDİƏT Beynəlxalq Katibliyinin əməkdaşları da iştirak ediblər. QDİƏT Ukrayna Nümayəndəliyinin üzvü Oleksandr Marikovski sədrlik etdiyi iclasın açılış mərasimində QDİƏT-in Baş Katibi Asəf Hacıyev də məruzəçi qismində iştirak edib. Tədbirdə bir sıra aktual məsələlər, eləcə də QDİƏT Baş Assambleyasının 65-ci Sessiyasına təqdim olunacaq “Daha yaşıl gələcəyə doğru: Qara dəniz regionunda texnoloji həllər üçün əməkdaşlıq” hesabat layihəsi müzakirə olunub. Komitənin 2025-ci ilin payızında Serbiya Respublikasında keçiriləcək növbəti 65-ci iclasında əsas məsələ kimi “QDİƏT regionunda davamlı sosial-iqtisadi inkişaf üçün süni intellektin istifadəsi – iqtisadi aspektlər” mövzusunun müzakirəsi təklif edilib. Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Hesablayıcı komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində (QDİƏT PM) Azərbaycan nümayəndə heyətininin rəhbəri, professor Eldar Quliyev də “Ekoloji cəhətdən daha təhlükəsiz gələcək yolunda: Qara dəniz regionunda yeni texnoloji həllərin tətbiqi sahəsində əməkdaşlıq” mövzusunda çıxış edib.
İclasda, həmçinin, Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov da iştirak edib.