Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Hesablayıcı komissiyasının sədri, professor Eldar Quliyev, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, deputat Mahir Süleymanlı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) komitə iclaslarında iştirak etmək üçün oktyabrın 16-da Türkiyə Respublikasının İstanbul şəhərinə səfər ediblər.
Səfər çərçivəsində Eldar Quliyevin başçılıq etdiyi Azərbaycanın nümayəndə heyəti oktyabrın 17-də qurumun İqtisadi siyasət və inkişaf komitəsinin iclasında “Nəqliyyat infrastrukturu QDİƏT-ə üzv dövlətlərdə inkişaf amili kimi” mövzusunda, eləcə də Sosial və humanitar siyasət komitəsinin iclasında “QDİƏT-ə üzv dövlətlərdə mədəni irsin qorunmasının gücləndirilməsində parlamentarilərin rolu” mövzusunda hesabat və tövsiyə layihələrinin müzakirəsində iştirak edib.
Tədbirdə çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev dünyada mədəni irsin qorunmasında QDİƏT-ə üzv dövlətlərin yaxından iştirakının zəruriliyini diqqətə çatdırıb. O, həmçinin, ermənilər tərəfindən həm Ermənistanda, həm də Qarabağda Azərbaycan xalqının tarixi-mədəni, etnik və dini irsinə ağır zərbələr vurulduğunu bildirib. Qeyd edib ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında mədəni irsin məhv edilməsinə və saxtalaşdırılmasına yönələn, beynəlxalq konvensiyalarda bəşəri cinayət kimi qiymətləndirilən vandalizm əməlləri törədib. Nankor qonşularımız bu ərazilərdə yüzlərlə tarix-mədəniyyət abidələrini, o cümlədən muzeyləri, kitabxanaları, ibadətgahları, məscidləri dağıtmış, böyük bir qismini də erməni abidələri kimi saxtalaşdırmışlar. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun möhtəşəm Zəfərindən sonra işğaldan azad olunan ata-baba ərazilərimizdə aparılan böyük quruculuq işləri ilə yanaşı, tarixi-mədəni abidələrimizin də bərpasına başlanılmışdır. Lakin Ermənistan törətdiyi vandalizmə, vəhşiliklərə görə beynəlxalq hüquq qarşısında cavab verməlidir.
Qeyd edək ki, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev QDİƏT PM sədrinin müavini və qurumdakı Azərbaycan nümayəndə heyətinin rəhbəridir.

