Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Hesablayıcı komissiyasının sədri, professor Eldar Quliyevin parlamentdə 2023-cü il dövlət büdcəsinin layihəsi haqqında çıxışı

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Hesablayıcı komissiyasının sədri, professor Eldar Quliyev parlamentdə 2023-cü il dövlət büdcəsinin layihəsi haqqında çıxış edib. Çıxışın mətnini təqdim edirik:

 

Hörmətli Xanım Sədr!

Hörmətli deputatlar və hökumət üzvləri!

Bildiyiniz kimi, bu günlərdə Azərbaycan vətəndaşları və bütün dünya azərbaycanlıları 44 günlük Vətən müharibəsində qazandığımız parlaq qələbəyə həsr olunmuş Zəfər bayramının ikinci ildönümünü böyük coşğu və fərəh hissi ilə qeyd etdilər. Müharibədə əldə edilən bu uğurlu nəticə, şübhəsiz ki, ölkə iqtisadiyyatının inkişafı ilə sıx əlaqədədir. 2023-cü ilin dövlət büdcəsinin təhlili onu deməyə əsas verir ki, əvvəlki illərdə olduğu kimi gələn ilin büdcə gəlirləri və xərclərində də əsaslı artımların nəzərdə tutulması ölkəmizin iqtisadi qüdrətinin daim dinamik inkişaf etdiyini sübut edir. Bunu büdcə gəlirləri və xərclərinin ilk dəfə olaraq 30 milyard manatdan çox nəzərdə tutulması, iqtisadi təsnifatın bütün sahələrinin yüksək artımı da göstərir.

Əlbəttə, istər Vətən müharibəsində möhtəşəm qələbə əldə etməyimiz, istərsə də ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafında yüksək nailiyyətlər qazanmağımız, hər şeydən əvvəl, hörmətli Prezidentimiz İlham Əliyev cənablarının formalaşdırdığı və daim təkmilləşdirdiyi iqtisadi strategiyanın uğurla həyata keçirilməsi sayəsində mümkün olmuşdur. Bu siyasətin nəticəsidir ki, gələn ilin dövlət büdcəsinin gəlirlərində Dövlət Neft Fondundan transferlərin payı əvvəlki illərə nisbətən xeyli azalaraq cəmi 36,7 faiz təşkil edəcək. Büdcə daxilolmalarının 60 faizə yaxın hissəsi isə vergi və gömrük xətti ilə təmin olunacaq ki, bu da ölkə iqtisadiyyatının sürətli inkişafını göstərir.

Hər bir ölkənin gələcəyi onun təhsil və elm sahəsində inkişafından asılıdır. 2023-cü ilin dövlət büdcəsində bu amilə xüsusi diqqət yetirilmişdir. Belə ki, gələn il büdcədən təhsilə 4,4 milyard manat vəsait ayrılması nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 536 milyon manat və ya 13,8 faiz çoxdur. Elmin inkişafı da diqqətdən yayınmamış, bu sahəyə də cari ilə nisbətən 11,5 faiz çox vəsait ayrılacaqdır. Bütün bunlar isə ölkəmizdə təhsilin və elmin əsaslı inkişafına imkan verəcəkdir.

Qeyd olunanlarla yanaşı, bəzi məsələləri də hörmətli hökumət üzvlərinın diqqətinə çatdırmaq istəyirəm.

Bildirirəm ki, Bakı şəhərində son illər orta təhsil müəssisələrində şagird yerlərinin az olması məktəblərdə hədsiz dərəcədə sıxlıq yaradıb. Bəzi məktəblərdə  bir sinifdə 40-45 şagird oxuyur, bir çox məktəblərdə ikinci, hətta üçüncü və dördüncü növbədə təhsil alanlar da var. Bu da təhsilin keyfiyyətinə öz mənfi təsirini göstərir. Ona görə yaxşı olar ki, yeni məktəb binaları və mövcud məktəblərin ərazisində əlavə təhsil korpusları tikintisi üçün büdcədən vəsait ayrılsın.

Son illər Azərbaycan Respublikasının Avtomobil Yolları Agentliyi istər Qarabağ bölgəsində və istərsə də respublikamızın digər ərazilərində asfalt yolların tikintisində xeyli işlər görüb. Bununla belə Bakının kənd və qəsəbələrində məhəllədaxili asfalt yolların çəkilməsi istiqamətində görülən işləri davam etdirməyə və genişləndirməyə ciddi ehtiyac vardır. Ona görə də xahiş edirik ki, hökumət büdcədən tikinti üçün nəzərdə tutulan vəsaitin bölgüsünü apararkən həmin yaşayış məntəqələrində əhalinin rahatlığını təmin etmək üçün bu yolların tikintisini,  asfaltlanmasını da nəzərə alsın.

Cəmiyyətdə narahatlıq doğuran məsələlərdən biri də Bakıda qəbiristanlıqların çatmamasıdır. Bu barədə əhalinin çoxlu müraciətləri vardır. Xüsusilə Xəzər və Sabunçu rayonlarından. Lakin boş ərazilər olsa da, qəbiristanlıqlar üçün müvafiq yer ayrılmır. Bu məsələyə də baxmağı hökumətdən xahiş edirəm.

Mən qanun layihəsini dəstəkləyirəm və deputat həmkarlarımı da səs verməyə çağırıram.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.