Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə olaraq bütün ərazilərimizdə parlament seçkiləri keçirilib. Müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan üçün artıq yeni bir inkişaf mərhələsi başlayır. Sözsüz ki, hər zaman Azərbaycanın bütövlüyünə, birliyinə, sabahına birmənalı olaraq birlik, həmrəylik göstərmiş xalqımız 1 sentyabr 2024-cü ildə baş tutan parlament seçkilərində də böyük fəallıq nümayiş etdirib. Bu il fevralın 7-də ilk dəfə olaraq ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin edildikdən sonra ölkəmizdə demokratik və yüksək seçici fəallığı ilə baş tutmuş növbədənkənar prezident seçkiləri tariximizin mühüm bir hissəsi kimi yaddaşlarımıza həkk olunub.
Müasir Azərbaycan tarixinə Zəfər seçkiləri kimi daxil olan növbədənkənar parlament seçkilərində səsvermə hüququ olan hər kəs böyük həvəs və şövqlə iştirak edib. VII çağırış Milli Məclisə keçirilən seçkilərdə Azərbaycan Ağsaqqallar Şurasının sədri, professor Eldar Quliyevin deputatlığa namizəd olduğu 28 saylı Sabunçu üçüncü seçki dairəsini əhatə edən Maştağa və Bilgəh qəsəbələrinin sakinləri prosesdə fəal iştirak ediblər. 28 saylı Sabunçu üçüncü seçki dairəsini əhatə edən seçki məntəqələrində insanların öz millət vəkilini seçmək üçün məntəqələrə gələrək mövqeyini açıq, sərbəst şəkildə ifadə etməsi üçün hər bir şərait mövcud idi. Müşahidələrimiz onu sübut etdi ki, seçicilər məntəqəyə gələrək öz seçimlərini sərbəst, heç bir maneə ilə üzləşmədən, rahat şəkildə ifadə ediblər.
Maştağa və Bilgəh qəsəbələrində məntəqə sədrləri və üzvləri, prosesi yaxından izləyən müşahidəçilər parlament seçkilərinin tam demokratik və Seçki Qanunvericiliyinə uyğun şəkildə keçirildiyini bildiriblər. Vurğulayıblar ki, məntəqələrdə qeydiyyatda olan ən yaşlı seçici və ilk dəfə səs verən gənclərimiz böyük həvəslə gəlib öz mövqelərini ifadə ediblər. Məntəqədə müşahidəçilər seçki prosesini yaxından izləyib və heç bir qanun pozuntusu qeydə alınmadığını bildiriblər. Qeyd edilib ki, növbədənkənar parlament seçkiləri Seçki Qanunvericiliyinə uyğun olaraq keçirilir və heç bir qanun pozuntusu və şikayət qeydə alınmayıb. Prosesi izləyən xarici müşahidəçilər də məntəqələrdə səsvermə zamanı heç bir pozuntunun olmadığını bəyan ediblər.
Səsverməyə gələn seçicilər də prezident seçkilərindən sonra parlament seçkilərinin fərqli bir ab-havada keçdiyini vurğulayıblar. “Torpaqlarımız azad edilib, suverenliyimiz bərpa olunub. Xalqımız öz ərazi bütövlüyünü təmin edib. Bu seçkilər də Azərbaycanımız üçün yeni bir başlanğıc olacaq” – deyə onlar qeyd ediblər.









