Türkiyənin nüfuzlu ictimai-siyasi xadimləri – TÜRKPA-nın Hüquq işləri və beynəlxalq münasibətlər komissiyasının sədri, Türkiyə Böyük Millət Məclisinin üzvü Erol Kaya, millət vəkilləri Yüksəl Özkan, Rəcəb Şəkər və qardaş ölkənin Baş ombudsmanı Şərəf Malkoç Azərbaycan Ağsaqqallar Şurasının qonağı olublar.
Görüşdə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevlə yanaşı sədrin birinci müavini, akademik Əhliman Əmiraslanov, sədr müavinləri, millət vəkili, professor Eldar İbrahimov, professor Elmira Süleymanova, Tahir Süleymanov, həmçinin Aparat rəhbəri Ramin Həsənli, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və digər qonaqlar iştirak ediblər.
Görüş zamanı qarşıdan gələn 28 May – Müstəqillik Günü ilə əlaqədar hər kəsi təbrik edən Eldar Quliyev Şuranın fəaliyyəti barədə məlumat verərək son zamanlarda nümayəndə heyəti ilə birgə həyata keçirilən Türkiyə və Türkmənistan səfərləri haqqında təəsüratlarını bölüşüb. Səfər çərçivəsində Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri, Türkiyənin sabiq Baş naziri, Ədalət və İnkişaf Partiyasının sədr müavini Binəli Yıldırımla, Türkmənistanın sabiq prezidenti və Türkmənistan Milli Şurasının Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla və digər nüfuzlu şəxslərlə keçirilmiş səmərəli və maraqlı görüşlərdən bəhs edib. İdarə Heyətinin qərarı ilə Qurbanqulu Berdiməhəmmodovun “Fəxri Ağsaqqal” ordeni ilə təltif olunduğunu diqqətə çatdırıb. Türkiyə və Azərbaycanı, həmçinin bütün türkdilli ölkələri ayrılmaz dostluq və qardaşlıq əlaqələrinin birləşdirdiyini qeyd edən Eldar Quliyev ulu öndər Heydər Əliyevin tarixə düşən “İki dövlət, bir millət” fikrini səfərdə olarkən həm də “Altı dövlət, bir millət” kimi qürurla səsləndirdiyini bildirib. O, 44 günlük Vətən müharibəsində bütün Türkiyənin Azərbaycana göstərdiyi dəstəyin xalqımız tərəfindən çox yüksək dəyərləndirildiyini vurğulayıb. Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan uğurlu inkişaf siyasətindən danışan Eldar Quliyev Azərbaycan Ağsaqqallar Şurasının və onun yerli təşkilatlarının gördüyü digər işlər barəsində də qonaqlara ətraflı məlumat verib.
Öz çıxışlarında göstərilən diqqətə görə minnətdarlıqlarını bildirən Erol Kaya, Yüksəl Özkan, Rəcəb Şəkər və Şərəf Malkoç Bakıda iştirak etdikləri “TEKNOFEST Azərbaycan” festivalından bəhs edərək bu kimi möhtəşəm tədbirlərin iki qardaş ölkə arasında bütün sahələr üzrə daha sıx əlaqələrin yaranmasına böyük təkan verdiyini vurğulayıblar. Onlar da, öz növbələrində, 28 May – Müstəqillik Günü ilə bağlı səmimi təbriklərini bölüşərək, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamını vurğulayıblar. Vətən müharibəsində hər iki dövlətin nümayiş etdirdiyi qardaşlıq münasibətinə toxunan natiqlər qazanılan böyük Zəfərin bütün türk dünyasına aid olduğunu fəxrlə bildiriblər. Hər şeyin ağıla, ağılın isə təcrübəyə möhtac olduğunu qeyd edən natiqlər bu baxımdan bütün cəmiyyətlərdə ağsaqqallara həmişə böyük ehtiyac duyulduğunu diqqətə çatdırıblar. Əmin olduqlarını bildiriblər ki, Azərbaycan ağsaqqalları üzərlərinə düşən bütün vəzifələrin öhdəsindən layiqincə gəlirlər.
Daha sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, akademik Əhliman Əmiraslanov, Ombudsman Səbinə Əliyeva və digər natiqlər bu cür hörmətli və dəyərli qonaqlarla Azərbaycanda görüşdükləri üçün məmnunluqlarını ifadə edərək, insanlarımız və dövlətlərimiz arasındakı bu sarsılmaz körpünü, dostluq və qardaşlıq əlaqələrini qorumağın və daha da inkişaf etdirməyin vacibliyini vurğulayıblar.
Qarşılıqlı xatirə hədiyyələri təqdim edildikdən sonra görüş çay süfrəsi arxasında davam etdirilib.
Sonda qonaqlarla birgə xatirə şəkli çəkdirilib.
Azərbaycan Ağsaqqallar Şurasının sədri Türkiyənin nüfuzlu ictimai-siyasi xadimləri ilə görüşüb
- 26-05-2022
- [17:05]
- [ ]
26
May