Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının Salyan və Neftçala rayon təşkilatlarında hesabat konfransları keçirilib

May ayının 23-də Azərbaycan Ağsaqqallar Şurasının Salyan və Neftçala rayon təşkilatlarında hesabat konfransları keçirilib.

Konfranslarda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli və təşkilatın məsul şəxsi Elşad Quliyev, habelə rayon ağsaqqalları, ziyalıları, şəhid ailələri, qazilər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Salyan və Neftçala rayonlarında keçirilən konfranslarda tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.
Konfranslarda Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının və hesabat dövründə vəfat etmiş Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanovanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmovu və tədbir iştirakçılarını salamlayan icra hakimiyyətlərinin başçıları bildiriblər ki, rayonlarda ağsaqqallarla daim əhəmiyyətli görüşlər keçirilir, onların istək və təklifləri dinlənilir. Ölkəmizin inkişafında, ictimai-mədəni həyatında, gənc nəslin formalaşmasında ağsaqqallar hər zaman xüsusi rol oynayırlar. Vurğulayıblar ki, Ulu Öndər Heydər Əliyev ağsaqqallara həmişə böyük qayğı və diqqət göstərib, onları “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırıb. Bu qayğı və diqqət hal-hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir.
Sonra Salyan Rayon Ağsaqqallar Şurasının sədri Beydulla İmanovun və Neftçala Rayon Ağsaqqallar Şurasının sədri Əbülfəz Ağayevin təşkilatların fəaliyyətləri ilə bağlı hesabat məruzələri dinlənilib. Məruzələrdə təşkilatların hesabat dövrü ərzində həyata keçirdikləri və iştirak etdikləri bir sıra əhəmiyyətli tədbirlərdən, görülən işlərdən bəhs olunub. Şəhid ailələri və qazilərlə mütəmadi görüşlərin keçirildiyi, həmçinin gənclərlə davamlı olaraq maarifləndirici işlərin aparıldığı vurğulanıb. Qeyd edilib ki, hər iki rayonun ağsaqqalları fevralın 7-də keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat, həmçinin səsvermə prosesində fəal iştirak ediblər və qalib xalqın qalib Lideri cənab İlham Əliyevi qətiyyətlə dəstəkləyiblər.
Konfranslarda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını tədbir iştirakçılarına çatdıraraq, ölkəmizin hər iki aparıcı rayonunda olmaqdan fərəh hissi duyduğunu bildirib. Yerli təşkilatların hesabatlarını qənaətbəx hesab edərək, gənclərlə aparılan işlərin daha da artırılmasının, bu sahədə, əsasən də rayonlarımızda hərtərəfli maarifləndirici fəaliyyətin həyata keçirilməsinin vacibliyini qeyd edib. Vurğulayıb ki, biz ağsaqqallar ölkəmizin ictimai-siyasi həyatında daha yaxından iştirak etməli, gənc nəslin milli-mənəvi dəyərlərimizə və doğma Vətənimizə hörmət ruhunda formalaşdırılması işinə əlimizdən gələn köməkliyi göstərməliyik, çünki gənclər bizim gələcəyimizdir. Natiq, həmçinin, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Müzəffər Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan genişmiqyaslı quruculuq və abadlıq işlərindən, vətəndaşların rifah halının yaxşılaşdırılması üçün atılan məqsədyönlü addımlardan danışıb. Bildirib ki, biz hamımız Ümummilli Liderimiz Heydər Əliyev dövrünün yetirmələriyik. Hal-hazırda isə möhtərəm Prezidentimiz cənab İlham Əliyev dövrünün ağsaqqallarıyıq və onun ətrafında hər zaman sıx birləşərək dövlətimizə, dövlətçiliyimizə hərtərəfli xidmət edəcəyik.
Tədbirlərdə çıxış edən digər natiqlər də ölkənin, eləcə də rayonun ictimai-siyasi həyatında ağsaqqalların əhəmiyyətli rolundan və nüfuzundan danışıblar. Xalqımızın milli-mənəvi dəyərlərinin formalaşmasında ağsaqqal tövsiyəsinin və məsləhətinin əhəmiyyətini vurğulayaraq, xalqımızın mənəvi dünyasında, milli mentalitetində ağsaqqal, ağbirçək sözünün, xeyir-duasının həmişə ən ali həyat məramı olduğunu qeyd ediblər.
Salyan Rayon Ağsaqqallar Şurasının hesabat konfransında təşkilati məsələlərə də baxılıb. Səhhətindəki problemlər səbəbindən fəaliyyətini davam etdirə bilmədiyini tədbir iştirakçılarının diqqətinə çatdıran Salyan Rayon Ağsaqqallar Şurasının sədri Beydulla İmanovunun yerinə rayonun nüfuzlu ağsaqqalı və ziyalısı Məhəmməd Ağayev açıq səsvermə yolu ilə yeni sədr seçilib. Həmçinin təşkilatın İdarə Heyətinin və Təftiş Komissiyasının tərkibi yenidən formalaşdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.