Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının Siyəzən və Xızı rayon təşkilatlarında hesabat konfransları keçirilib

Azərbaycan Ağsaqqallar Şurasının yerli təşkilatlarının növbəti hesabat konfransları may ayının 27-də Siyəzən və Xızı rayonlarında keçirilib.

Konfranslarda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov, Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavini Aqşin Ağayev, Azərbaycan Ağsaqqallar Şurasının baş məsləhətçi-hüquqşünası Kamal Əliyev, rayon ağsaqalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Siyəzən və Xızı rayonlarında keçirilən konfranslarda tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.
Konfranslarda torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin və hesabat dövrü ərzində dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra giriş nitqi ilə çıxış edən Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavini Aqşin Ağayev və Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov Respublika Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanovu və tədbir iştirakçılarını salamlayaraq 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən sonra yeni inkişaf mərhələsinə qədəm qoyan ölkəmizin davamlı inkişaf prosesindən, əldə edilən uğurlardan, ağsaqqallara dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açıblar. Vurğulayıblar ki, Siyəzən və Xızı rayonlarının ictimai-mədəni həyatında ağsaqqallarımız yaxından iştirak edirlər və onların sözü güclü təsir qüvvəsinə malikdir.
Sonra Siyəzən Rayon Ağsaqqallar Şurasının sədri Qəzənfər Nəcəfov və Xızı Rayon Ağsaqqallar Şurasının sədri Arif Nağıyev yerli təşkilatların hesabatlarını konfrans iştirakçılarının diqqətinə çatdıraraq, öz fəaliyyət planları əsasında gördükləri işlərdən, rayon əhalisi, xüsusilə də şəhid ailələri və qazilərlə keçirdikləri görüşlərdən, onlara göstərdikləri mənəvi dəstəkdən və digər məsələlərdən söz açıblar. Həmçinin 2023-cü il – “Heydər Əliyev İli”ndə rayon Ağsaqqallar Şuraları tərəfindən təşkil olunana tədbirlərdən bəhs ediblər, ağsaqqalların 7 fevral 2024-cü ildə keçirilən prezident seçkilərində yaxından iştirak etdiklərini, Azərbaycanın əvəzedilməz Lideri cənab İlham Əliyevi dəstəklədiklərini diqqətə çatdırıblar.
Konfranslarda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və idarə Heyətinin üzvlərinin səmimi salamalarını tədbir iştirakçılarına çatdırıb. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı böyük Zəfərin ardınca işğaldan azad olunmuş torpaqlarımızda genişmiqyaslı quruculuq işlərinin getdiyini vurğulayıb. Bildirib ki, artıq Ölkə Başçısının Azərbaycanın mədəniyyət paytaxtı elan etdiyi Şuşada və digər şəhərlərdə böyük əhəmiyyətə malik olan yerli və beynəlxalq tədbirlər keçirilir. Tahir Süleymanov onu da qeyd edib ki, bu gün təkcə Qarabağda deyil, bütün Azərbaycanda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın birbaşa təşəbbüsü və nəzarəti ilə yüksək səviyyəli, müasir avadanlıqlarla təchiz edilmiş gözəl məktəblər, xəstəxanalar, idman-sağlamlıq kompleksləri və digər sosial yönümlü obyektlər tikilərək xalqın ixtiyarına verilir. Vətənimiz gündən-günə gözəlləşir.
Natiq, həmçinin, vurğulayıb ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Qazaxın 4 kəndinin qaytarılması, dünya səviyyəli dövlət başçılarının Azərbaycana olan mütəmadi işgüzar və səmərəli səfərləri və digər uğurlarımız, həmçinin ən mötəbər beynəlxalq tədbirlərdən biri olan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bir neçə ay sonra Bakıda keçirilməsi Azərbaycanın dünya ölkələri arasında böyük nüfuza sahib olduğunu bir daha sübut edir. O, COP29-un Azərbaycanda keçirilməsini Dövlət başçısı cənab İlham Əliyevin və xalqımızın yüksək uğuru kimi dəyərləndirib.
Hər iki rayonun hesabatını qənaətbəxş qiymətləndirən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov öz təklif və tövsiyələrini də bildirib. Cəmiyyətimizdə, xüsusilə də gənc nəsil arasında bir sıra problemlərin olduğunu təəssüf hissi ilə qeyd edərək, əsrimizin bəlası olan narkomaniyaya, erkən nikahlara və son dövrdə daha da artan boşanmalara qarşı hər bir Azərbaycan vətəndaşının, xüsusilə də ağsaqqalların ciddi mübarizə, təsirli maarifləndirmə işləri aparmalı olduğunun əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Sonda hər iki rayonun ağsaqqallarına möhkəm sağlamlıq və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Konfranslarda çıxış edən digər natiqlər də ağsaqqalların hər zaman Azərbaycanda nüfuz və söz sahibi olduqlarını, Ulu Öndər Heydər Əliyevin ağsaqqallara göstərdiyi diqqət və qayğını hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirdildiyini vurğulayıblar. Bildiriblər ki, respublikanın hər yerində olduğu kimi Siyəzən və Xızıda da Azərbaycanın tərəqqisi naminə həyata keçirilən bütün tədbirlərdə rayon ağsaqqalları yaxından iştirak edir, əhalinin, xüsusilə də gənclərin maarifləndirilməsində öz zəngin bilik və təcrübələrini əsirgəmirlər.
Xızı Rayon Ağsaqqallar Şurasının hesabat konfransında bəzi təşkilati məsələlərə də baxılıb, Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin dünyasını dəyişmiş üzvünün yerinə açıq səsvermə yolu ilə yeni üzv seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.