Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının Ucar və Yevlax rayon təşkilatlarında hesabat konfransları keçirilib

İyun ayının 4-də Azərbaycan Ağsaqqallar Şurasının Ucar və Yevlax rayon təşkilatlarında hesabat konfransları keçirilib.

Konfranslarda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili Ağalar Vəliyev, Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, habelə rayon ağsaqqalları, ziyalıları, şəhid ailələri, qazilər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.

Konfranslarda torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman Vətən övladlarının və hesabat dövründə vəfat etmiş ağsaqqalların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili Ağalar Vəliyevi və tədbir iştirakçılarını salamlayan icra hakimiyyətlərinin başçıları bildiriblər ki,  ölkəmizin hər bir bölgəsində olduğu kimi, Ucar və Yevlax rayonlarında da ağsaqqallar yüksək nüfuza malikdirlər. Ağsaqqal sözü, ağsaqqal nəsihəti hər birimiz üçün böyük əhəmiyyət kəsb edir. Natiqlər rayonların ictimai-mədəni həyatında, gənc nəslin sağlam təməllər üzərində formalaşmasında ağsaqqalların daim xüsusi rol oynadıqlarını vurğulayıblar. Bildiriblər ki, ağsaqqallara həmişə böyük diqqət ayıran, onları “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandıran Ümummilli Lider Heydər Əliyevin yolunu hər sahədə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də ağsaqqallara hərtərəfli qayğı ilə yanaşır.

Sonra Ucar Rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev və Yevlax Rayon Ağsaqqallar Şurasının sədri Minnət Mürsəlov təşkilatların fəaliyyətləri ilə bağlı hesabat məruzələri ilə çıxış ediblər. Məruzələrdə bildiriblər ki, hesabat dövrü ərzində rayon təşkilatları öz fəaliyyətlərini Azərbaycan Ağsaqqallar Şurasının Nizamnaməsinə, yerli təşkilatlar üçün nəzərdə tutulmuş Əsasnaməyə və təsdiq olunmuş İş Planına uyğun quraraq rayonların ictimai-siyasi və mədəni həyatında, sosial-iqtisadi sahələrin inkişafında və bir çox aktual məsələlərin həllində yaxından iştirak edirlər. Səmərəli fəaliyyət göstərmək üçün iş otaqları və lazımı şəraitlə təmin olunduqlarını bildirən natiqlər vurğulayıblar ki, rayon ağsaqqalları xalqımızın milli-mənəvi dəyərlərinin, adət və ənənələrinin qorunması, yaşadılması və gələcək nəslə ötürülməsi, gənclərimizdə vətənpərvərlik hissinin gücləndirilməsi və digər məsələlərlə bağlı tədbirlər, maarifləndirici görüşlər keçirir, problemlərin həllinə öz töhfələrini verirlər. Ucar Rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev və Yevlax Rayon Ağsaqqallar Şurasının sədri Minnət Mürsəlov 2023-cü il – “Heydər Əliyev ili”ndə yerli təşkilatlar tərəfindən görülən işlərdən, cari ilin fevral ayında keçirilmiş prezident seçkilərindəki aktiv fəaliyyətlərindən də ətraflı bəhs ediblər. Vurğulayıblar ki, doğma Azərbaycanımızın inkişafı naminə gələcəkdə də öz səylərini əsirgəməyəcəklər.

Konfranslarda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili Ağalar Vəliyev Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını tədbir iştirakçılarına çatdıraraq, ona doğma olan bu rayonlarda ağsaqqallarla və sakinlərlə növbəti dəfə görüşdüyü üçün böyük məmnunluq hissi keçirdiyini bildirib. Natiq Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan genişmiqyaslı quruculuq və abadlıq işlərindən, əhalinin rifah halının daha da yaxşılaşdırılması üçün atılan səmərəli addımlardan söz açıb. Bildirib ki, dövlət başçısının həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan beynəlxalq miqyasda nüfuzlu, qüdrətli, o cümlədən dayanıqlı iqtisadiyyata malik bir ölkəyə çevrilib. Müzəffər Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə artan iqtisadi gücümüz, beynəlxalq nüfuzumuz, mükəmməl ordu quruculuğumuz və igid oğullarımızın qəhrəmanlıqları  sayəsində torpaqlarımız işğaldan azad olunub.  Son zamanlarda Qazax rayonunun 4 kəndinin geri qaytarılması, beynəlxalq tədbirlərin, o cümlədən COP29-un Bakıda keçirilməsi ilə bağlı razılığın əldə olunması və digər nailiyyətlərimiz Azərbaycanın artan qüdrətindən xəbər verir. Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili Ağalar Vəliyev yerli təşkilatların hesabatlarını qənaətbəx hesab edərək, ağsaqqallara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Konfranslarda çıxış edən digər natiqlər də Rayon Ağsaqqallar Şuralarının fəaliyyətini qənaətbəxş qiymətləndirərək, ağsaqqallarımızın bundan sonra da ölkəmizin ictimai-siyasi və mədəni həyatında yaxından iştirak edəcəklərinə əmin olduqlarını bildiriblər.

Ucar Rayon Ağsaqqallar Şurasının hesabat konfransında bəzi təşkilati məsələlərə də baxılıb, İdarə Heyətinin dünyasını dəyişmiş üzvünün yerinə səsvermə yolu ilə yeni üzv seçilib.

Yevlaxda keçirilən tədbirdə isə rayonun ictimai-siyasi həyatında fərqləndiklərinə görə bir qrup ağsaqqal Fəxri fərmanlarla təltif olunub.

Konfranslarda, həmçinin, bildirilib ki, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili Ağalar Vəliyevin təşəbbüsü və maddi dəstəyi ilə hər iki rayonun Ağsaqallar Şurasının fəaliyyətində aktiv iştirak edən 50 nəfər aztəminatlı ağsaqqala qarşıdan gələn “Qurban” və digər bayramlarda ərzaq yardımı ediləcək, bayram sovqatları veriləcək. Habelə hər rayon üzrə 5 nəfər ağsaqqalın  müalicə-sağlamlıq müəssisələrinə putyovkalarla (yollayışlarla) təmin edilməsinə köməklik göstəriləcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.