Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Gəncədə şəhid Asiman İmamverdiyevin dəfnində iştirak ediblər

Sentyabrın 12-sindən 13-ünə keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı hərbi təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun giziri, 1988-ci il təvəllüdlü şəhər sakini İmamverdiyev Asiman Mehman oğlu Gəncənin Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Şəhidin vida mərasimində Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın region üzrə kuratoru Bayram Yusifov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, QMİ-nin Qazılar Şurasının üzvü Hacı Tahir Abbasov, ağsaqqallar, Gəncədə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat, həmçinin hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri və şəhidlərin yaxınları iştirak ediblər.

Dəfn mərasimində şəhidimizin ruhuna dualar oxunub, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov şəhidin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, Allahdan səbr diləyib. Şəhidlərimizin qanının yerdə qalmadığını, Vətənimizin bütövlüyü, torpaqlarımız azadlığı uğrunda canını fəda edən igid oğullarımızın əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildirib.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.