26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ağsaqqallar Şurasının çoxsaylı üzvləri adından möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev başda olmaqla Vətən naminə müqəddəs xidmətini şərəflə yerinə yetirən bütün hərbi qulluqçularımızı, veteranlarımızı, qazilərimizi, qalib Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətini, qəhrəman əsgər və zabitlərimizi səmimi-qəlbdən təbrik edir, onlara uzun ömür, möhkəm cansağlığı, ailə səadəti, yüksək mübarizə əzmi və uğurlar arzulayırıq!
Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaranan və hazırda 106-cı ildönümünü böyük ruh yüksəkliyi ilə qarşılayan Silahlı Qüvvələrimizin və hərb tariximizin şanlı səhifəsini yazan Milli Ordumuzun nizami ordu kimi formalaşması və inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə siyasi uzaqgörənliklə milli zabit kadrların yetişdirilməsinə çalışan, gənclərimizi SSRİ-nin qabaqcıl hərbi məktəblərinə təhsil almağa göndərən Ulu Öndər Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbi yaratdı. Həmin məktəbdə yetişən milli zabit kadrlarımız erməni işğalçıları ilə mübarizədə, Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində, Vətən müharibəsində misilsiz qəhrəmanlıqlar göstərdilər.
Bu gün Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu sahəsindəki nailiyyətlərini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi sayəsində Milli Ordumuzun hərbi hazırlığı, peşəkarlığı, maddi-texniki təchizatı, döyüş və müdafiə qabiliyyəti ən yüksək səviyyədədir. Bütün dünya 44 günlük Vətən müharibəsində bunun bariz nümunəsinin şahidi oldu. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Silahlı Qüvvələri, igid əsgər və zabitlərimiz yüksək peşəkarlıq və böyük şücaət göstərərək 44 gün ərzində ölkəmizin ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdilər.
Bu əlamətdar bayram günündə bir daha Azərbaycan xalqının 30 illik həsrətinə son qoyan əbədiyaşar şəhidlərimizi ehtiramla anırıq, şəhid ailələrinin üzvlərini, bizə Zəfər sevincini yaşadan qəhrəman qazilərimizi, daim Vətənimizin keşiyində ayıq-sayıq duran Silahlı Qüvvələrimizin hər bir əzmkar nümayəndəsini ürəkdən təbrik edir, onlara şərəfli və məsuliyyətli xidmətlərində davamlı uğurlar, yeni-yeni zəfərlər diləyirik!
Yaşasın qüdrətli və yenilməz Azərbaycan Ordusu!
Hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri,
millət vəkili, professor Eldar Quliyev