Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurası ağsaqqalların və gənclərin Qərbi azərbaycanlılara dəstəyi devizi ilə Gəncədə regional konfrans keçirib

Fevral ayının 13-də Azərbaycan Ağsaqqallar Şurası Gəncə şəhərində ağsaqqalların və gənclərin Qərbi azərbaycanlılara dəstəyi devizi ilə “Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir” mövzusuna həsr edilmiş regional konfrans keçirib.

Regional konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın qərb regionu üzrə kuratoru Bayram Yusifov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin sədri,  akademik Fuad Əliyev, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, ölkəmizin qərb bölgəsi – Gəncə, Qazax, Şəmkir, Ağstafa, Daşkəsən, Gədəbəy, Samux, Tovuz, Göygöl, o cümlədən Kəlbəcər rayonu üzrə Azərbaycan Ağsaqqallar Şurasının, Qərbi Azərbaycan İcmasının, YAP-ın və gənclər təşkilatlarının üzvləri, ağsaqqallar, ziyalılar, müəllimlər, tələbələr və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycan Dövlət Aqrar Universitetinin binasında baş tutan regional konfransda Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açaraq konfrans iştirakçılarını salamlayan Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin uğurlarından və hazırda bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsindən söz açıb. Bildirib ki, bu gün təhsil və digər  sahələrdə özlərini doğruldan gənclərimiz ölkəmizin daha qüdrətli dövlətə çevrilməsi prosesində yaxından iştirak edirlər. Natiq, həmçinin, torpaqlarımızın azadlığı uğrunda şəhid və qazi olan gənclərimizdən də bəhs edərək, onların xalqımıza böyük qürur hissi yaşatdığını qeyd edib. Zəfər Qurbanov, ağsaqqalların gənclərlə apardığı işləri yüksək qiymətləndirərək əlavə edib ki, günümüzün aparıcı qüvvəsi olan gənclərlə birlikdə ağsaqqalların Qərbi Azərbaycana qayıdış məsələsində fəal iştirakı mühüm əhəmiyyət kəsb edir. O, tədbirin aktual mövzuya həsr olunduğunu vurğulayaraq konfransın işinə uğurlar arzulayıb.

Konfransda çıxış edən Adil Tağıyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adından tədbir iştirakçılarını salamlayaraq ağsaqqalların və  gənclərin Azərbaycan tarixində hər zaman xüsusi yeri olduğunu diqqətə çatdırıb. Natiq Qərbi Azərbaycan İcmasının ötən ilin yekunlarına dair keçirdiyi iclasda iştirak etdiyini bildirərək qeyd edib ki, həmin tədbirdə Gəncə şəhərində bu sahədə görülən işlər xüsusi vurğulanıb və təqdir edilib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev Azərbaycan Ağsaqqallar Şurasının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən regional konfransı Qərbi Azərbaycana qayıdış istiqamətində növbəti uğurlu addım hesab edərək ölkəmiz üçün əhəmiyyətli olan bu işə hər vətəndaşımızın dəstək olmasının zəruriliyini vurğulayıb.

Sonra regional konfransda YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin sədri,  akademik Fuad Əliyev, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elvin Quliyev, Qərbi Azərbaycan İcmasının üzvü, tanınmış alim Bayram Apoyev, Qərbi Azərbaycan İcmasının Gəncə nümayəndəsinin müavini Arifə Əhmədova və başqaları çıxış edərək yüz minlərlə Qərbi azərbaycanlıların haqlarının bərpası və onların öz ata-baba yurdlarına qayıdışının həyata keçirilməsi üçün böyük işlər görüldüyünü vurğulayıblar. Qeyd ediblər ki, öz tarixi torpaqlarından qovulmuş azərbaycanlıların doğma yurd-yuvalarına qayıtmaq hüququnun gerçəkləşməsinə dəstək vermək məqsədilə hər bir təşkilat, hər bir vətəndaşımız əlindən gələni etməlidir.

Tədbirdə, həmçinin, ADAU-nun İctimai fənlər kafedrasının müdiri, dosent Elgün Aslanov “Ulu Öndər Heydər Əliyevin Qərbi Azərbaycançılıq ideologiyasının gənc nəslin tərbiyəsində və vətənpərvərlik hisslərinin aşılanmasında rolu”, AMEA-nın Gəncə bölməsinin elmi işçisi İlahə Əsədzadə “Vətənpərvər Azərbaycan gəncliyinin Qarabağ zəfərindən Qərbi Azərbaycana aparan yol” mövzularında maraqlı məruzələrlə çıxış ediblər.

Daha sonra Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın qərb regionu üzrə kuratoru Bayram Yusifov çıxış edərək konfrans iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayıb. Bildirib ki, ağsaqqalların və gənclərin Qərbi azərbaycanlılara dəstəyi devizi ilə keçirilən bu tədbir böyük əhəmiyyətə malikdir. “Ümummiyyətlə,  bu gün bizim milli ruha malik möhtəşəm gəncliyimiz var. Bunu onlar 44 günlük Vətən müharibəsində  Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə erməni işğalıçıları üzərində şanlı Zəfər qazanaraq öz  tarixi qəhrəmanlıqları, misilsiz şücaətləri ilə sübut etdilər. Hazırda qarşımızda növbəti hədəfimiz – tarixi torpaqlarımıza, Qərbi Azərbaycana qayıdış məsələsi durur. Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən hər zaman prioritet və aktual hesab edilən Qərbi Azərbaycan məsələsini bu gün möhtərəm Prezidentimiz cənab  İlham Əliyev öz uğurlu dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevririb. Dövlət başçısının böyük diqqət ayırdığı bu prosesdə biz ağsaqqallar və gənclər də bütün imkanlarımızla yaxından iştirak etməli, xüsusilə informasiya müharibəsində üstünlük qazanmalı, Qərbi azərbaycanlıların haqq səsini beynəlxalq aləmə çatdırmalıyıq. Bu, bizim mənəvi borcumuzdur”. Natiq, həmçinin, yanvar ayının 15-də Azərbaycan Ağsaqqallar Şurasının üzvləri ilə Qərbi Azərbaycan İcmasında keçirilən görüşün əhəmiyyətindən söz açıb. Vurğulayıb ki, bu görüşdə Şura sədri, millət vəkili, professor Eldar Quliyev öz nitqində bir sıra səmərəli təkliflərlə yanaşı, beynəlxalq aləmdə daha fəal olmağın, Qərbi Azərbaycanla bağlı həqiqətlərin müxtəlif dillərdə yazılı şəkildə Avropa ölkələrinə yaymağın üstünlüklərindən danışıb. Eləcə də Azərbaycan Ağsaqqallar Şurasının şəhər və rayon təşkilatlarının Qərbi Azərbaycan İcmasının yerli nümayəndəliklərinə göstərdiyi dəstəyi qeyd edib və bütün təşkilatları bu prosesə qoşulmağa çağırıb. Bayram Yusifov ata-baba topaqlarımıza, Qərbi Azərbaycana qayıtmağımızla bağlı Ulu Öndər Heydər Əliyevin tarixi fikrini tədbir iştirakçılarının diqqətinə çatdıraraq bir daha əmin olduğunu bildirib ki, dəmir iradəni dəmir yumruğa çevirən, xalqımıza qalibiyyət duyğusunu yaşadan  Müzəffər Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə biz Qərbi Azərbaycana mütləq qayıdacağıq!

Regional konfransın sonunda Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin sədri,  akademik Fuad Əliyev Gəncə Şəhər Ağsaqqallar Şurası tərəfindən səmərəli fəaliyyətinə görə və 75 illik yubileyi münasibətilə Fəxri Fərmanla təltif olunub. Həmçinin Gəncə Şəhər Ağsaqqallar Şurasının qadın üzvlərinə üzvlük vəsiqələri təqdim edilib.

 

 

 

 

 

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.