Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurası işğaldan azad edilmiş torpaqlarımızda öz fəaliyyətini genişləndirir

Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz doğma Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad etdikdən sonra bu bölgələrdə həyat gündən-günə canlanır – genişmiqyaslı bərpa-quruculuq işləri sürətlə davam edir, infrastruktur yenidən qurulur, “Böyük Qayıdış” proqramı çərçivəsində yerli sakinlər öz ata-baba yurdlarına qayıdırlar.

Hər zaman dövlətimizin və xalqımızın yanında olan Azərbaycan Ağsaqqallar Şurası da işğaldan azad edilmiş torpaqlarımızda öz fəaliyyətini bərpa edir. Hazırda Şuranın digər yerli təşkilatları ilə yanaşı, Ağdam, Kəlbəcər, Zəngilan və Cəbrayıl rayonlarının Ağsaqqallar Şuraları fəaliyyətlərini uğurla davam etdirir və genişləndirirlər. Buna misal olaraq Cəbrayıl Rayon Ağsaqqallar Şurasının 07 aprel 2026-cı il tarixdə Horovlu kənd tam orta məktəbində keçirdiyi iclası göstərmək olar. İclasın keçirilməsində məqsəd işğaldan azad edilmiş torpaqlarımızda, Cəbrayılda yenidən qurulmuş Horovlu kəndində Ağsaqqallar Şurasının fəaliyyətini bərpa etmək, təşkilatın İdarə Heyətinin üzvlərini və sədrini seçmək idi.

150-dən çox Horovlu sakininin iştirak etdiyi iclasda Ulu Öndər Heydər Əliyevin və qəhrəman şəhidlərimizi əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə Horovlu kənd tam orta məktəbinin direktoru Ramin Həziyev açaraq qonaqları salamlayıb. Sonra söz Cəbrayıl Rayon Ağsaqqallar Şurasının sədri, ehtiyatda olan polis polkovniki Vaqif Məhərrəmova verilib. Vaqif müəllim Milli Məclisin deputatı, professor Eldar Quliyevin sədrliyi ilə Azərbaycan Ağsaqqallar Şurasının aktiv fəaliyyətindən, hayata keçirilən tədbirlərdən, eləcə də Cəbrayıl Rayon Ağsaqqallar Şurasının gördüyü işlərdən ətraflı bəhs edib. Sonra Horovlu barədə məlumat verən natiq bildirib ki, işğaldan azad edildikən sonra normal həyatın bərpa olunduğu kəndə artıq 291 ailə, təxminən 1331 nəfər Horovlu sakini köçürülmüşdür. Bütün bunlar möhtərəm Prezidentimizin, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin məqsədyönlü və hərtərəfli fəaliyyətinin nəticəsidir. Natiq öz çıxışında Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyevin də fəaliyyətini yüksək dəyərləndirib. “Bu gün axarlı-baxarlı yeni Horovlu kəndində Ağsaqqallar Şurasının seçki tədbiri keçirilir. Bu münasibətlə bütün horovluları təbrik edirəm”- deyə Vaqif Məhərrəmov vurğulayıb.

Səmimi şəkildə keçirilən seçki yığıncağında çıxış edən Horovlu kənd sakini Tahir Muradov qeyd edib ki, mən uzun illər Horovluda, sonra isə 15 il Cəbrayılda baş mühasib işləmişəm. “Horovlu camaatı zəhmətkeş və qədirbilən camaatdır. Onların hər biri dəyərli ağsaqqaldır. Mən kənd Ağsaqqallar Şurasının sədri vəzifəsinə Azad Cəfərovun namizədliyini təklif edirəm.”

Sonra təklif ətrafında müzakirələr başlayıb. Çıxış edən kənd ağsaqqalları – Kamal Quliyev, Teymur Əliyev, Vüqar İsmayılov, Faiq Quliyev, Kamal Əsgərov, Yaqub Rəhimov, Rafiq Maqsudov, İlkin İmanov və başqaları Azad Cəfərovun şəxsi keyfiyyətlərindən danışaraq onun əsl ağsaqqal, hər şeyin yerini bilən, kəndin bütün tədbirlərində öndə olan bir insan olduğunu vurğulayıblar. Bildiriblər ki, Azad müəllimi uzun illərdir ki, tanıyıriq. Onun onun intellektul səviyyəsinə, bacarığına bələdik və hesab edirik ki, Azad Cəfərov bu vəzifənin öhdəsindən layiqincə gələcək.

Çıxışlardan sonra açıq səsvermə yolu ilə Azad Cəfərov yekdilliklə Horovlu kənd Ağsaqqallar Şurasının sədri seçilib. İclasda digər təşkilati məsələlərə də baxılıb, İdarə Heyəti və Nəzarət-Təftiş Komissiyası formalaşdırılıb.

Tədbirdə çıxış edən Azad Cəfərov öz adından və İdarə Heyətinin üzvləri adından onlara göstərilən etimada görə minnətdarlığını bildirib və bu etimadı doğrultmaq üçün əllərindən gələni edəcəklərini vurğulayıb.

Cəbrayıl Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Məhərrəmov və digər tədbir iştirakçıları Azad Cəfərovu və İdarə Heyətinin üzvlərini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.