Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasında Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

Fevralın 23-də Azərbaycan Ağsaqqallar Şurasında Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin rəhbərliyi ilə keçirilən tədbirdə sədrin birinci müavini, deputat, akademik Əhliman Əmiraslanov, müavinlər – deputat, professor Eldar İbrahimov, professor Elmira Süleymanova, Bayram Yusifov, Tahir Süleymanov,  professor Vahid Novruzov, İdarə Heyətinin üzvləri – deputat, akademik Ziyad Səmədzadə, deputat, professor Aqiyə Naxçıvanlı, professor İbrahim Quliyev, həmçinin Bakı şəhərinin  rayonlarının Ağsaqqallar Şuralarının sədrləri, o cümlədən Şuranın Aparat rəhbəri Ramin Həsənli, böyük məsləhətçi-hüquqşünas Kamal Əliyev və təşkilatın digər rəsmi şəxsləri Zahid Abbasov, Rafiq Rzayev, Vüqar Əmiraslanov, Elşad Quliyev iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün qəhrəman Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev tariximizə ən dəhşətli və faciəli günlərdən biri kimi daxil olan, təkcə Azərbaycana qarşı deyil, bütün insanlığa qarşı törədilmiş bəşəri cinayətin – Xocalı soyqırımının 30 ilinin tamam olduğunu xatırladıb. O bildirib ki, Xocalı soyqırımı da daxil olmaqla tarix boyu xalqımıza qarşı törədilən bütün cinayətlərə  hüquqi-siyasi qiymətin verilməsi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hal-hazırda  bu proses davam etdirilir – Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib.  Bu faciə haqqında həqiqətin dünyada bilinməsinin, bu qətliamın  xalqımıza qarşı soyqırımı  aktı kimi tanınmasının Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdiyi məqsədyönlü fəaliyyət istiqamətlərindən biri olduğunu vurğulayan natiq, həmçinin, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən geniş şəkildə “Xocalıya ədalət” beynəlxalq kampaniyası başlandığını qeyd edib. Bildirib ki, bütün beynəlxalq təşkilatlar, dünya dövlətləri Ermənistanın törətdiyi bu hərbi cinayətə – Xocalı qətliamına əsl soyqırımı hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər. Eldar Quliyev, həmçinin, vurğulayıb ki, bu sahədə biz ağsaqqalların üzərinə düşən əsas vəzifə Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılmasında yaxından iştirak etmək, cəmiyyətimizin, xüsusilə də gənclərimizin soyqırımı qurbanlarının xatirəsini daim uca tutmaları və erməni vandallarının bu antiinsani əməllərini heç vaxt unutmamaları üçün əlimizdən gələni əsirgəməməkdir. Natiq onu da bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər  Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı  Ordumuz 44 günlük  Vətən müharibəsində tarixi Zəfər qazanaraq bu faciəni törədənlərin layiqli cəzalarını verib, yalnız Xocalı qurbanlarının deyil, bütün şəhidlərimizin qisasını alıb.

Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov çıxışında bildirib ki, çox təəssüf biz bura belə bir ağır faciə ilə bağlı yığışmışıq. Bu, dəhşətli bəşəri soyqırımdır. Akademik bildirib ki, Xocalıda vəhşicəsinə qətlə yetirilən insanların – qadınların, qocaların, uşaqların  heç bir günahı yox idi, onların “günahı” azərbaycanlı olmalarıydı. Əhliman Əmiraslanov da ulu öndər Heydər Əliyevin ölkəmizin digər taleyüklü məsələlərində olduğu kimi, Xocalı soyqırımının da siyasi-hüquqi qiymətini almasında, dünyaya çatdırılmasında böyük işlər həyata keçirdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. O həmçinin qeyd edib ki, bu faciəni yalnız ildönümlərdə deyil, hər zaman xatırlatmalı, unutmamalı, unutdurmamalıyıq.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanova öz çıxışında ermənilərin milli zəmində törətdikləri Xocalı soyqırımının dəhşətlərini televiziya kanallarında, dərsliklərdə daha çox gənclərə çatdırmağın, onların məsuliyyət hissini artırmağın vacibliyini  vurğulayıb. O, ümidvar olduğunu bildirb ki, aparılan işlər sayəsində daha çox sayda beynəlxalq təşkilatlar və  dövlətlər bu soyqırımı tanıyacaq və ona hüquqi-siyasi qiymətlərini verəcəklər. Lakin biz bu gün bədbinlik ruhunda deyilik, qalib xalq kimi nikbin ruhdayıq, çünki müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında rəşadətli Ordumuz bu cinayəti törədənlər üzərində böyük Qələbə qazanıb.

Daha sonra İdarə Heyətinin üzvləri – Aqiyə Naxçıvanlı, İbrahim Quliyev, Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, Xətai Rayon Ağsaqqallar Şurasının sədri İzzət Rüstəmov, Yasamal Rayon Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qurbanov, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, Səbail Rayon Ağsaqqallar Şurasının sədri Baba Bayramlı, Nizami  Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev və digər natiqlər Xocalı soyqırımı barədə çıxış edərək bu sahədə gənclər arasında aparılan təbliğatın daha da gücləndirilməsinin zəruriliyini qeyd ediblər. Vurğulayıblar ki, ermənilər tərəfindən törədilmiş bu dəhşətli cinayət cəzasız qalmamalı, xüsusilə bu vandalizm aktına rəhbərlik edən  cinayətkarlar öz layiqli cəzalarını almalıdırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.