Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının 28 May – Müstəqillik Günü münasibətilə təbriki

Əziz həmvətənlər!

Sizi Azərbaycan dövlətçilik tarixinin ən parlaq və şərəfli səhifələrindən biri olan 28 May – Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti, firavan həyat, dövlətimizin tərəqqisi və xalqımızın rifahı naminə həyata keçirdiyiniz dəyərli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq!

1918-ci il mayın 28-də Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrinə söykənərək müsəlman Şərqində yaratdığı ilk parlamentli demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, milli dövlətçilik tariximizdə silinməz iz qoymuş, xalqımızın gələcək müstəqilliyi üçün möhkəm siyasi və ideoloji təməl formalaşdırmışdır. Cümhuriyyət dövründə dövlət atributlarımız təsis edilmiş, milli ordumuz yaradılmış, Azərbaycan dili dövlət dili elan olunmuş, parlament formalaşdırılmış, mühüm demokratik qanunlar qəbul edilmiş, milli təhsil və maarifçilik sahəsində əhəmiyyətli addımlar atılmış, qadınlara seçmək və seçilmək hüququ verilmişdir.

XX əsrin sonlarında Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etsə də, həmin dövrdə ölkəmiz ağır siyasi böhran, iqtisadi tənəzzül, xaos və parçalanma təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir mürəkkəb və taleyüklü mərhələdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas etdi, ölkədə ictimai-siyasi sabitliyi təmin etdi və müstəqilliyimizin əbədi, dönməz xarakter almasına nail oldu. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası nəticəsində Azərbaycan qısa müddətdə regionun aparıcı dövlətinə çevrildi, beynəlxalq aləmdə nüfuzu artdı, hüquqi dövlət quruculuğu və milli həmrəylik prinsipləri möhkəmləndi. Bu gün Ümummilli Liderin siyasi kursu möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və müasir Azərbaycan hərtərəfli inkişaf yolu ilə inamla irəliləyir. Ölkə başçısı ilə birlikdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da müstəqil dövlətimizin tərəqqisi, xalqımızın rifahı naminə yüksək fəaliyyət əzmi ilə böyük xidmətlər göstərir. Hazırda Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun işğaldan azad etdiyi bütün torpaqlarımızda üçrəngli bayrağımız qürurla dalğalanır və xalqımız Müstəqillik Gününü qalib xalq kimi böyük ruh yüksəkliyi ilə qeyd edir. Doğma Qarabağımızda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, “Böyük Qayıdış” proqramının uğurla həyata keçirilməsi, şəhər və kəndlərimizin yenidən qurulması Azərbaycanın gücünü, dövlətimizin siyasi iradəsini və xalqımızın sarsılmaz birliyini bütün dünyaya nümayiş etdirir. İşğaldan azad edilmiş ərazilərimizdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, müasir infrastruktur layihələrinin həyata keçirilməsi, ekoloji və dayanıqlı inkişaf prinsiplərinə əsaslanan şəhərsalma siyasəti artıq beynəlxalq miqyasda böyük maraq doğurur. Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) məhz Bakıda keçirilməsi müstəqil Azərbaycanın qlobal şəhərsalma siyasətinə töhfə verən, innovativ inkişaf modelini uğurla tətbiq edən qabaqcıl dövlətlərdən birinə çevrilməsinin bariz nümunəsidir.

Dəyərli həmvətənlər!

Müstəqillik hər bir xalqın ən böyük sərvəti, ən ali mənəvi və siyasi dəyəridir. Bu müqəddəs neməti qorumaq, möhkəmləndirmək və gələcək nəsillərə daha qüdrətli şəkildə ötürmək hər bir Azərbaycan vətəndaşının şərəfli borcudur. Azərbaycan Ağsaqqallar Şurasının üzvləri olaraq biz bundan sonra da dövlətçiliyimizin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində səylərimizi davam etdirəcəyik.

Müzəffər Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla bir daha hər birinizi 28 May – Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, müstəqil dövlətimizin daha da qüdrətlənməsini, xalqımızın daim sülh, rifah və əmin-amanlıq şəraitində yaşamasını arzulayırıq!

Yaşasın müstəqil və qüdrətli Azərbaycan!

 

Hörmətlə,

Azərbaycan Ağsaqqallar Şurasının çoxsaylı

üzvləri adından Şuranın sədri,

millət vəkili, professor Eldar QULİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.