Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbriki

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Şuranın çoxsaylı üzvləri adından 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə soydaşlarımızı təbrik edib. Təbrikdə deyilir:

Əziz həmvətənlər!

Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2026-cı il münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti, uzun ömür, Vətənimizə, xalqımıza sevinc, firavanlıq, sülh və əmin-amanlıq arzulayırıq!

Dünya azərbaycanlılarının milli birlik və həmrəyliyinin rəmzinə çevrilmiş bu əlamətdar gün hər bir soydaşımız üçün xüsusi mənəvi məna daşıyır. Harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlıları ortaq tarix, milli kimlik, dil, mədəniyyət və Vətən sevgisi birləşdirir. Məhz bu birlik və həmrəylik sayəsində xalqımız əsrlərin sınağından üzüağ çıxmış, müasir dövrdə müstəqil və suveren dövlət quruculuğu yolunda möhtəşəm nailiyyətlər əldə etmişdir.

Geridə qoyduğumuz 2025-ci il Azərbaycanın tarixində “Konstitusiya və Suverenlik İli” kimi dərin məzmunlu, taleyüklü hadisələrlə yadda qalmışdır. Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu müdrik dövlətçilik siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyətli və uzaqgörən rəhbərliyi ilə ölkəmiz bütün ərazisində tam suverenliyini möhkəmləndirmiş, dövlət idarəçiliyində, iqtisadiyyatın şaxələndirilməsində, sosial rifahın yüksəldilməsində, beynəlxalq mövqelərin gücləndirilməsində mühüm uğurlara imza atmışdır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında genişmiqyaslı bərpa və quruculuq işlərinin ardıcıl şəkildə davam etdirilməsi, Böyük Qayıdış proqramının uğurla icrası, doğma yurdlarına qayıdan vətəndaşlarımızın firavan yaşayışı üçün yaradılan müasir infrastruktur, yeni şəhər və kəndlərin salınması Azərbaycanın gücünün, xalq-dövlət birliyinin və tarixi ədalətin təntənəsinin bariz nümunəsidir.

Azərbaycan Ağsaqqallar Şurasının 80 şəhər və rayon təşkilatında fəaliyyət göstərən 35 mindən çox üzvü də 2025-ci il ərzində ölkəmizdə gedən proseslərdə yaxından iştirak etməklə xalqımızın milli mənafeyinə xidmət göstərmiş, bir çox tədbirlər, konfranslar, görüşlər keçirmiş, respublikamızın ictimai-siyasi, sosial-iqtisadi və humanitar inkişafına, cəmiyyət həyatının müxtəlif məsələlərinin həllinə ağsaqqalların töhfəsini təmin etmişlər. Gənclərimiz arasında əxlaqi normaların və sağlam həyat tərzinin təbliğini geniş şəkildə həyata keçirmiş, gənc nəslin Vətənə, xalqa, dövlətə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmişlər.

Hörmətli soydaşlar!

Müasir dünyada mürəkkəb geosiyasi proseslərin fonunda ölkəmizə qarşı ikili standartlar, əsassız ittihamlar və təzyiq cəhdləri hələ də mövcuddur. Belə bir şəraitdə milli həmrəyliyin qorunması, dövlət maraqlarının müdafiəsi və vahid mövqedən çıxış etmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Dünya azərbaycanlıları Vətənimizin haqq səsinin beynəlxalq aləmdə daha dolğun eşidilməsi üçün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşməli, müstəqil Azərbaycanın maraqlarını qətiyyətlə müdafiə etməlidirlər.

Əminik ki, yeni – 2026-cı il ölkəmiz üçün sülh, sabitlik, inkişaf və yeni nailiyyətlər ili olacaq, Azərbaycan dövləti daha da güclənəcək, xalqımız rifah və əmin-amanlıq şəraitində yaşayacaqdır. Milli-mənəvi dəyərlərimizə sadiq qalan ağsaqqallar üçün gənclərə örnək olmaq, dövlətçiliyimizin möhkəmlənməsinə töhfə vermək bundan sonra da əsas amalımız olacaqdır.

Bu gözəl və əlamətdar bayramlar münasibətilə bir daha Sizi – bütün dünya azərbaycanlılarını ürəkdən təbrik edir, Yeni ilin hər bir ailəyə sevinc, ruzi-bərəkət, sağlamlıq, xoşbəxtlik və uğur gətirməsini diləyirik!

Bayramlarınız mübarək olsun!

 

 

Dərin hörmətlə,

Azərbaycan Ağsaqqallar Şurasının

çoxsaylı üzvləri adından Şuranın sədri,

millət vəkili, professor.                                                                                                            Eldar QULİYEV

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.