Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli Özbəkistan-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunda iştirak edib

Dekabrın 5-də Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunda Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli ilə yanaşı, Azərbaycan Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Milli Məclisin deputatı Azər Allahverənov, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli, Özbəkistanın Qeyri-Hökumət, Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının sədri Kamoliddin İşanxojayev, eləcə də Özbəkistan Ali Məclisi Senatının nümayəndələri, Azərbaycan və Özbəkistandan olan bir qrup QHT təmsilçisi, ölkəmizin Özbəkistandakı səfirliyinin əməkdaşları, jurnalistlər və digər şəxslər iştirak ediblər.

Əvvəlcə Forum iştirakçıları Daşkənddə Ümummilli Lider Heydər Əliyev Meydanını ziyarət ediblər, Ulu Öndərin abidəsi önün gül dəstələri düzərək əziz xatirəsini ehtiramla anıblar.

Forumun rəsmi açılış mərasimində hər iki ölkənin dövlət himnləri səsləndirilib, Azərbaycan-Özbəkistan əməkdaşlığı ilə bağlı videoçarx nümayiş edilib.

Özbəkistanın Qeyri-Hökumət, Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının sədri Kamoliddin İşanxojayev öz çıxışında 2023-cü ilin noyabrında Füzulidə Azərbaycan-Özbəkistan QHT-lərinin Əməkdaşlıq Forumunu məmnunluqla xatırlayıb və bildirib ki, indiki forum bu prosesin davamıdır.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev qeyd edib ki, iki qardaş ölkənin vətəndaş cəmiyyəti, QHT-ləri arasında çox güclü dostluq, əməkdaşlıq, həmrəylik körpüsü fəaliyyətdədir: “Azərbaycan və Özbəkistan qardaş ölkələrdir, müttəfiqlərdir. Siyasi münasibətlər ən yüksək səviyyədədir. İki ölkənin QHT-ləri arasında da bağların möhkəmləndirilməsi, əlaqələrin genişləndirilməsi dövrün mühüm çağırışıdır. Azərbaycan və Özbəkistan münasibətləri sürətlə inkişaf edir, bu tarixi uğur Azərbaycan Prezidenti cənab İlham Əliyev və Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevin yürütdüyü uzaqgörən siyasətə söykənir. Həm Azərbaycan, həm də Özbəkistan öz xalqlarının milli maraqlarına əsaslanan müstəqil, ləyaqətli siyasət yürüdürlər”. O, Özbəkistan QHT-lərinə COP29-la əlaqədar ilk gündən Azərbaycana verilən qardaş dəstəyinə görə təşəkkür edib: “Ötən müddətdə 100-ə yaxın Özbəkistan QHT-si COP29-la əlaqədar Azərbaycanla həmrəylik bəyanatı yayıb. Onlar Türk dünyasında ilk dəfə COP29-a evsahibliyi və sədrlik edən Azərbaycana güclü dəstək ifadə ediblər. Yeri gəlmişkən, ölkələrimiz artıq yaşıl enerji sahəsində də sıx əməkdaşlığa başlayır. COP29 çərçivəsində türk dövlətlərinin QHT-lərinin I forumu da keçirildi. Özbəkistan heyəti orada çox fəal iştirak etdi, vacib təşəbbüslər irəli sürüldü”.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva qeyd edib ki, ötən il Füzulidə baş tutan forumdan sonra iki ölkənin QHT-ləri arasında əməkdaşlıq güclənib, Agentlik bu əlaqələrin daha da genişləndirilməsi üçün qarşıdakı dövrdə də fəal iş aparacaq.

Forumun ikinci hissəsində “Qadınların ictimai həyatda fəal iştirakını təmin etmək: problemlər və perspektivlər”,”Vətəndaş cəmiyyətləri təşkilatlarının yerli və qlobal səviyyədə qərarların qəbul edilməsində iştirakı:Azərbaycan QHT-lərinin COP29 Milli Forumu təcrübəsi”,”Xaricdə Türkdilli dövlətlərin diaspor təşkilatlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili və bu prosesdə QHT-lərin rolu” və digər mövzularda  təqdimatlar edilib. Təqdimatlardan sonra ətraflı müzakirələr aparılıb, Özbəkistan QHT-lərinin sualları cavablandırılıb, təcrübə mübadilələri edilib.

Hər iki ölkənin bir sıra QHT-ləri arasında birgə fəaliyyətə dair Əməkdaşlıq Memorandumları imzalanıb. Memorandumların imzalanmasında məqsəd iki qardaş ölkənin qeyri-hökumət təşkilatları arasında birgə layihələrin həyata keçirilməsinə, təcrübə mübadiləsinə, tərəfdaşlıq əlaqələrinin qurulmasına dəstəkdir.

Səfər zamanı nümayəndə heyətinin üzvləri paytaxtdakı Mukimi adına Musiqili Teatrda dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin dünyaşöhrətli “Arşın mal alan” operettası əsasında hazırlanmış “Qayçı qudalar” tamaşasına baxıblar.

Həmçinin Özbəkistan-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunda iştirak edən ölkəmizin nümayəndə heyəti dekabrın 3-4-də Səmərqənddə olub. Özbəkistanın Qeyri-Hökumət, Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının xətti ilə təşkil olunan səfərdə heyət İslam Kərimovun məqbərəsi, Həzrəti Xızır məscidi, Şaxi Zinda Kompleksi, Registan Meydanı, Əmir Teymurun məqbərəsi, Uluqbəy Rəsədxanası, Bibixanım Məscidi və digər tarixi yerlər ilə tanış olub. Bundan başqa, Səmərqənd şəhərində yerləşən “Dostluq Evi”ndə Özbəkistan QHT-ləri ilə silsilə görüşlər keçirilib. Görüşlərdə təcrübə mübadilələri aparılıb, yeni əlaqələr qurulub.

Özbəkistana səfər çərçivəsində Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli Forumun işində və aparılan müzakirələrdə yaxından iştirak edib, səmərəli təkliflər irəli sürüb.

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.