Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Heydər Əliyev irsi: Güclü dövlət, möhkəm ailə dəyərləri” mövzusuna həsr olunan konfransda iştirak edib.
Konfransda, həmçinin, millət vəkilləri, zabitlər və veteranlar, ölkə ziyalıları, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Odlar Yurdu Universitetinin tələbələri iştirak ediblər.
Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Zərifə xanım Əliyevanın, həmçinin, respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Ümummilli Lider Heydər Əliyev və Zərifə xanım Əliyevaya həsr olunan “Əsl məhəbbət haqqında” film nümayiş olunub.
Konfransda çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov Ulu Öndər Heydər Əliyev və akademik Zərifə Əliyevanın Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərinə diqqət çəkib, onların işıqlı ideyalarının bu gün də öz aktuallığını qoruyub saxladığını vurğulayıb. Bildirib ki, konfrans Azərbaycan xalqının Ümummilli Lideri, müasir dövlətçiliyimizin memarı Heydər Əliyev və Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, akademik Zərifə xanım Əliyeva kimi iki böyük şəxsiyyətin əziz xatirəsinə ithaf olunub. Onların zəngin irsi, çoxşaxəli fəaliyyəti və yüksək mənəvi keyfiyyətləri bu gün də cəmiyyətimiz üçün bir yol xəritəsi, örnək həyat məktəbi kimi dəyərini qoruyub saxlayır.
Tədbirdə, həmçinin, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq yazıçısı Sabir Rüstəmxanlı, millət vəkili Hicran Hüseynova, Azərbaycan Dövlət Pedaqoji Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova, Yasamal Rayon Ağsaqqallar Şurasının sədri, kulturoloq, professor Fuad Məmmədov və başqaları çıxış edərək Ulu Öndər Heydər Əliyevin vətən sevgisinin, daşıdığı və təbliğ etdiyi dəyərlərin hər bir azərbaycanlıya nümunə olduğunu bildiriblər. Vurğulayıblar ki, Ümummilli Lider Heydər Əliyev sadəcə dövlət xadimi kimi çoxşaxəli fəaliyyəti ilə deyil, həm də ömür yolunun hər bir anı, hər bir epizodu ilə Azərbaycan gəncliyinə örnəkdir.









