Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının Astara və Yardımlı rayon təşkilatlarının hesabat-seçki konfransları keçirilib

İyul ayının 17-də Azərbaycan Ağsaqqallar Şurasının Astara və Yardımlı rayon təşkilatlarının hesabat-seçki konfransları keçirilib.
Konfranslarda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın cənub regionu üzrə kuratoru, akademik Abel Məhərrəmov, Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, ağsaqqallar, ziyalılar, şəhid valideynləri, gənclər və ictimaiyyətin digər nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Konfranslarda Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin və hesabat dövründə dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən rayon icra hakimiyyətlərinin başçıları Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmovu və digər tədbir iştirakçılarını salamlayaraq xalqımızın Ümummilli Lideri Heydər Əliyevin uğurlu siyasətini yüksək səviyyədə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi hər zaman dəstəkləyən ağsaqqalların ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı əhəmiyyətli rolundan, dəyərli xidmətlərindən bəhs ediblər. Milli-mənəvi dəyərlərimizin qızıl fondu hesab edilən ağsaqqalların hər iki rayondakı aktiv fəaliyyətlərindən, onların qiymətli öyüd-nəsihətlərinə hər bir kəsin ehtiyacının olmasından danışıblar. Əmin olduqlarını bildiriblər ki, ağsaqqallar gələcəkdə də ölkəmizin, o cümlədən də rayonlarımızın ictimai-siyasi, sosial-iqtisadi və humanitar inkişafına, cəmiyyət həyatında müxtəlif məsələlərin həllinə öz dəyərli töhfələrini verəcəklər.
Sonra Astara Rayon Ağsaqqallar Şurasının sədri Natiq İbadovun və Yardımlı Rayon Ağsaqqallar Şurasının sədri Ehtibar Əməşovun hesabat dövrü ərzində təşkilatların gördüyü işlər və qarşıda duran vəzifələr barəsində məruzələri dinlənilib. Bildirilib ki, ötən dövr ərzində rayon ağsaqqalları vətənpərvərlik ruhunun aşılanması, sağlam həyat tərzinin və fiziki aktivliyin təşviqi, narkomaniyanın fəsadları, boşanmaların sayının artması, erkən nikahların cəmiyyətə təsiri və digər aktual mövzular üzrə maarifləndirici tədbirlərdə fəal iştirak etmiş, gənclərin tərbiyə və inkişafında mühüm rol oynamışlar. Ötən dövrdə Rayon Ağsaqqallar Şuraları İcra hakimiyyətləri, YAP rayon təşkilatları və digər qurumlarla səmərəli əməkdaşlıqlarını davam etdirərək, birlikdə bir sıra əhəmiyyətli tədbirlər, görüşlər keçirmişlər. Sədrlər, həmçinin, Azərbaycan Ağsaqqllar Şurasının IX Qurultayının qərarlarından irəli gələn məsələlər və qarşıdakı dövrdə həyata keçirilməsi planlaşdırılan fəaliyyət istiqamətləri barədə də məlumat verərək, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsində üzərlərinə düşən məsuliyyəti daim yüksək səviyyədə yerinə yetirəcəklərini vurğulayıblar.
Konfransda çıxış edən digər natiqlər hesabat dövründə görülmüş işləri qənaətbəxş qiymətləndirərək, ölkəmizdə ağsaqqallar institutunun cəmiyyət tərəfindən hər zaman yüksək dəyərləndirildiyini vurğulayıblar. Qeyd ediblər ki, tarixən xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında, ailə və cəmiyyət institutunun möhkəmləndirilməsində, gənc nəslin tərbiyəsində ağsaqqalların rolu danılmazdır və bu gün də həmin ənənə uğurla davam etdirilir.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın cənub regionu üzrə kuratoru, akademik Abel Məhərrəmov öz çıxışlarında Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından konfrans iştirakçılarını salamlayaraq Vətənimizin dilbər guşələrindən sayılan cənub bölgəsində olmaqdan və bu rayonların müdrik insanları, ağsaqqalları, ziyalıları ilə görüşməkdən böyük məmnunluq hissi duyduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycanın cənub rayonlarında ziyalılıq, elm həmişə inkişaf edib. Bu bölgənin tanınmış şəxsiyyətlərinin Azərbaycan dövlətçiliyinin, elm və təhsilinin formalaşmasında böyük xidmətləri olub. Sonra Abel Məhərrəmov Azərbaycan Ağsaqqllar Şurasının IX Qurultatından, ölkə başçısı cənab İlham Əliyevin Qurultay iştirakçılarına ünvanladığı müracətdən və bu müraciətdə ağsaqqallara verdiyi yüksək dəyərdən söz açıb. Ağsaqqal sözünün xüsusi məna kəsb etdiyini vurğulayaraq bildirib ki, ağsaqqal adı böyük addır. Əsl ağsaqqal bütün parametrlər üzrə mükəmməl, müdrik, dövlətə, dövlətçiliyə sadiq, nüfuzlu, hörmətli, dünyagörüşlü, xeyirxah, milli təəssübkeş olmalı və bir çox digər keyfiyyətləri özündə birləşdirməlidir. Ağsaqqal olmağın akademik olmaqdan daha məsuliyyətli, daha çətin olduğunu vurğulayan natiq bildirib ki, biz xoşbəxt xalqıq, çünki Heydər Əliyev kimi böyük Ağsaqqalımız, Ümummilli Liderimiz olub və bu gün onun işıqlı yolunu uğurla davam etdirən möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev var. O, ağsaqqallara üz tutaraq qeyd edib ki, vaxtilə Ulu Öndər Heydər Əliyev dövrünün yetirmələri olan biz hazırda dövlət başçımız cənab İlham Əliyev dövrünün ağsaqqallarıyıq. Abel Məhərrəmov, həmçinin, rayonların hesabatlarını, gördükləri işləri, əsasən də Ağsaqqallar Şuraları ilə İcra hakimiyyətlərinin, YAP-ın yerli təşkilatlarının və digər qurumların sıx əməkdaşlığını, bir çox məsələlərdə birgə fəaliyyətlərini yüksək dəyərləndirib. Bununla yanaşı, cəmiyyətimizdə mövcud olan neqativ hallara – boşanmaların sayının ciddi şəkildə artmasına, erkən nikahların fəsadlarına, narkomaniya bəlasının getdikcə daha çox yayılmasına da toxunaraq qeyd edib ki, ağsaqqallar bu sahədə daha fəal olmalı maarifləndirmə işlərini artırmalı, milli ideologiyanı inkişaf etdirməli, gənclərimizə vətənpərvərlik, azərbaycançılıq ruhunu aşılamalı, mütərəqqi adət-ənənələrimizi qorumalı və gələcək nəslə ötürməlidirlər.
Konfranslarda, həmçinin, Astarada kənd təsərrüfatının inkişaf perspektivləri, Yardmlıda qazlaşdırma ilə bağlı mövcud problemlər və bir sıra digər aktual məsələlər də müzakirə olunub. Mövzular ətrafında maraqlı çıxışlar edilib, səmərəli təkliflər səsləndirilib.
Sonda təşkilati məsələlər də müzakirə olunub. Hər iki rayon təşkilatının səlahiyyət müddəti başa çatan sədrləri, İdarə Heyəti və Təftiş Komissiyalarına seçki keçirilib. Açıq səsvermə yolu ilə Natiq İbadov Astara Rayon Ağsaqqallar Şurasının, Ehtibar Əməşov isə Yardımlı Rayon Ağsaqqallar Şurasının sədri seçiliblər. Sonra isə onların təqdimatı əsasında hər iki rayonun ictimai fəal və nüfuzlu ağsaqqalarından ibarət İdarə Heyəti və Təftiş Komissiyası formalaşdırılıb.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov və digər natiqlər yeni seçilən sədrləri və heyət üzvlərini təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Konfransların sonunda xatirə şəkilləri çəkilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.