Şəhər və rayon Ağsaqqallar Şuralarında təşkilatların son dövrdəki fəaliyyətləri ilə bağlı növbəti hesabat-seçki konfransları iyun ayının 19-da Cəlilabad və Lənkəran rayonlarında təşkil olunub.
Konfranslarda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, professor İbrahim Quliyev və təşkilatın şöbə müdiri Elşad Quliyev, eləcə də ağsaqqallar, ziyalılar, şəhid valideynləri, qazilər, gənclər və ictimaiyyətin digər nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Konfranslarda Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin və hesabat dövründə dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş nitqi ilə çıxış edən rayon icra hakimiyyətlərinin başçıları Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmovu və konfrans iştirakçılarını salamlayaraq ağsaqqalların ölkəmizin, eləcə rayonların ictimai-siyasi və mədəni həyatındakı əhəmiyyətli rolundan, dəyərli xidmətlərindən söz açıblar. Qeyd ediblər ki, hər iki rayonun ağsaqqalları gənclərin maarifləndirilməsində, vətənpərvərlik və milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə edilməsində yaxından iştirak edirlər. Natiqlər əmin olduqlarını bildiriblər ki, ağsaqqallar bundan sonra da şəhər və rayonlarımızın ictimai-siyasi, sosial-iqtisadi və humanitar inkişafına, cəmiyyət həyatında müxtəlif məsələlərin həllinə öz layiqli töhfələrini verəcəklər. Çıxışlarının sonunda natiqlər konfransların işinə uğurlar arzulayıblar.
Sonra Cəlilabad Rayon Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərovun və Lənkəran Rayon Ağsaqqallar Şurasının sədri Eldar Hüseynovun görülən işlər və qarşıda duran vəzifələr barəsində hesabat məruzələri dinlənilib. Məruzələrdə vurğulanıb ki, yerli təşkilatlar tərəfindən mütəmadi olaraq gənclərin maarifləndirilməsinə, tarixi və əlamətdar günlərə və digər müxtəlif aktual məsələlərə həsr olunmuş tədbirlər, şəhid ailələri və qazilərlə, o cümlədən ali və orta məktəblərdə tələbə və şagirdlərlə görüşlər keçirilir, bir sıra problemlərin həllində rayon ağsaqqalları yüksək fəallıqları ilə seçilirlər. Rayon sədrləri, həmçinin, Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayının yekunlarından və qarşıda duran vəzifələrdən də söz açıblar. Qeyd ediblər ki, üzərlərinə düşən vəzifələri gələcəkdə də layiqincə yerinə yetirəcəklər.
Konfranslarda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov çıxış edərək Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını tədbir iştirakçılarına çatdırıb və növbəti dəfə Cəlilabad və Lənkəranda ağsaqqallarla görüşməkdən böyük məmnunluq hissi duyduğunu vurğulayıb. Natiq xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ağsaqqallara daim böyük ehtiram göstərdiyini xatırladaraq əlavə edib ki, bu diqqət və qayğı hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Öz nitqində Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə gündən-günə inkişaf edən Azərbaycanın uğurlu daxili və xarici siyasətindən bəhs edən Abel Məhərrəmov, həmçinin, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda gedən genişmiqyaslı quruculuq işlərindən, eləcə də Qərbi Azərbaycana qayıdışla bağlı aparılan yüksək fəaliyyətdən, ölkəmizin iqtisadi-siyasi və digər sahədə qazandığı nailiyyətlərdən ətraflı söz açıb. Bildirib ki, vaxtilə Ümummilli Lider dövrünün yetirmələri olan biz hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev dövrünün ağsaqqallarıyıq və qüdrətli Azərbaycanı, əvəzsiz Liderimizi öz fəaliyyətimizlə hər zaman dəstəkləyirik. Natiq, həmçinin, hər iki rayonun hesabatını, gördükləri işləri və səmərəli fəaliyyətlərini qənaətbəxş qiymətləndirib. Cəmiyyətimizdə mövcud olan mənfi hallara – boşanmaların sayının artmasına, narkomaniya bəlasının və digər zərərli vərdişlərin çoxalmasına da münasibət bildirib. Vurğulayıb ki, ağsaqqallar bu problemli sahələrə daha çox diqqət ayırmalı, gənclərlə maarifləndirmə işlərini artırmalı, onlara mənəvi və fiziki sağlamlığı təbliğ etməli, vətənpərvərlik ruhunu aşılamalı, adət və ənənələrimizi qoruyaraq gələcək nəslə ötürməlidirlər. Abel Məhərrəmov Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayında müzakirə olunan və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Qurultay iştirakçılarına ünvanladığı müraciətdə öz əksini tapan məsələlərə də toxunub. Qarşıya qoyulan vəzifələri bir daha xatırladaraq əmin olduğunu bildirib ki, yerli təşkilatlar öz fəaliyyətlərini bundan sonra daha səmərəli şəkildə davam etdirəcəklər.
Lənkəran Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransında çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, cənub regionunda bir sıra məsul vəzifələrdə çalışmış professor İbrahim Quliyev doğulub boya-başa çatdığı rayonun bütün sakinlərini salamlayaraq bu bölgədə yaşayan ağsaqqalların hər zaman dövlətə və dövlətçiliyə bağlı insanlar olduğunu vurğulayıb. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ölkəmizin dirçəlişində, ictimai-siyasi və sosial-iqtisadi inkişafında əvəzsiz rolundan, Ulu Öndərin uğurlu siyasi kursunu qətiyyətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı uğurlardan geniş söz açıb. Çıxışı zamanı natiq rayon ağsaqqallarının fəaliyyətini qənaətbəxş qiymətləndirərək qeyd edib ki, ağsaqqallar hər zaman dövlət başçımızın uğurlu daxili və xarici siyasət kursunu vətəndaşlarımız arasında geniş təbliğ etməli, xüsusilə ailə dəyərlərinin qorunması, boşanmaların sayının minimuma endirilməsi və erkən nikahların qarşısının alınması üçün bir çox işlər, eləcə də maarifləndirici söhbətlər, davamlı tədbirlər həyata keçirməlidirlər.
Konfranslarda təşkilati məsələlər də müzakirə olunub. Hər iki rayon təşkilatının səlahiyyət müddəti başa çatan sədrləri, İdarə Heyəti və Təftiş Komissiyalarına seçki keçirilib. Açıq səsvermə yolu ilə Ədalət Əsgərov Cəlilabad Rayon Ağsaqqallar Şurasının, Eldar Hüseynov isə Lənkəran Rayon Ağsaqqallar Şurasının sədri seçiliblər. Sonra isə onların təqdimatı əsasında hər iki rayonun ictimai fəal və nüfuzlu ağsaqqalarından ibarət İdarə Heyəti və Təftiş Komissiyası formalaşdırılıb.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov və digər natiqlər yeni seçilən sədrləri və heyət üzvlərini təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Konfransların sonunda hər iki rayon təşkilatının aktiv üzvlərinə səmərəli fəaliyyətlərinə görə Fəxri fərmanlar təqdim edilib.
















