Əziz həmvətənlər!
Sizi 20 sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan Ağsaqqallar Şurasının çoxsaylı üzvləri adından səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti, firavanlıq və doğma Azərbaycanımızın tərəqqisi naminə dəyərli fəaliyyətinizdə davamlı uğurlar arzulayırıq!
Bu əlamətdar tarix əsrlər boyu yaşatdığımız müstəqillik idealının, milli iradənin və dövlətçilik əzminin təntənəsini özündə ehtiva edən möhtəşəm bir Zəfər salnaməsidir. 20 sentyabr Azərbaycan dövlətinin öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsinin rəmzi olmaqla yanaşı, xalqımızın milli iradəsinin, həmrəyliyinin və Vətən sevgisinin təzahürünü ifadə edir. 2023-cü il 19–20 sentyabr tarixlərində Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində Konstitusiyanın hüquqi qüvvəsi bərpa edilmiş, dövlət suverenliyimiz tam təmin olunmuşdur. Məhz bu tarixi reallığın ifadəsi olaraq 20 sentyabr Dövlət Suverenliyi Günü elan edilmişdir. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbə ilə başlayan yeni mərhələ 2023-cü ilin sentyabrında suverenliyimizin tam bərpası ilə öz məntiqi nəticəsinə çatdı. Bu yolda canından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qəhrəman qazilərimizə Uca Allahdan möhkəm cansağlığı diləyirik.
Hörmətli həmvətənlər!
Bu gün Azərbaycanın qarşısında duran əsas vəzifə əldə edilmiş Zəfərin nəticələrini möhkəmləndirmək, doğma torpaqlarımızda həyatın bütün sahələrini yenidən canlandırmaq və qüdrətli dövlətimizi gələcəyə daha böyük inamla aparmaqdır. Bu baxımdan Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri xüsusi əhəmiyyət daşıyır. Şəhər və kəndlərimiz yenidən qurulur, müasir infrastruktur yaradılır, tarixi və mədəni irsimiz bərpa edilir, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı davam edir. Böyük Qayıdış artıq tarixi arzudan real həyata keçən böyük ümummilli layihəyə çevrilib.
Qürurverici haldır ki, Azərbaycan son illərdə yalnız öz ərazi bütövlüyünü və suverenliyini bərpa edən dövlət kimi deyil, həm də regional və beynəlxalq münasibətlərdə fəal mövqeyə malik, iqtisadi və siyasi imkanlarını davamlı şəkildə genişləndirən ölkə kimi tanınır. Bütün bu uğurların təməlində xalqımızın birliyi, dövlətimizə inamı və milli həmrəyliyi dayanır. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi yüksək dövlətçilik xəttinin möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən ardıcıl və qətiyyətlə davam etdirilməsi nəticəsində Azərbaycan öz tarixinin yeni və şərəfli mərhələsinə qədəm qoymuşdur.
Azərbaycan Ağsaqqallar Şurası olaraq hesab edirik ki, dövlətçilik ənənələrinin qorunması, milli-mənəvi dəyərlərimizin yaşadılması, gənc nəslin Vətənə, dövlətə və milli tariximizə bağlı ruhda tərbiyə olunması hər birimizin müqəddəs borcudur. Ağsaqqal sözü, ağsaqqal mövqeyi və ağsaqqal məsuliyyəti cəmiyyətimizdə həmişə birlik və həmrəyliyin möhkəmlənməsinə xidmət etməlidir.
Bu əziz gündə bir daha hər birinizi ürəkdən təbrik edir, bütün xalqımıza daim sülh, əmin-amanlıq, xoşbəxtlik və yeni-yeni nailiyyətlər diləyirik! Qoy Azərbaycanın dövlət suverenliyi əbədi və sarsılmaz olsun, üçrəngli Bayrağımız daim ucalarda dalğalansın!
Yaşasın müstəqil, suveren, qalib Azərbaycan və Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev!
Hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının
çoxsaylı üzvləri adından Şuranın sədri,
millət vəkili, professor Eldar QULİYEV