Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının iclası keçirilib

Yanvar ayının 16-da Azərbaycan Ağsaqqallar Şurasının iclası keçirilib. İclasda Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev, sədr müavinləri – millət vəkili, professor Eldar İbrahimov, Bayram Yusifov, professor Vahid Novruzov, akademik Abel Məhərrəmov, eləcə də İdarə Heyətinin üzvləri – millət vəkili, akademik Ziyad Səmədzadə, professor Vaqif Şadlinski, Akif Rəfiyev, professor Şəmsəddin Hacıyev, professor İbrahim Quliyev, Vahid Quliyev, Şuranın Nəzarət-Təftiş Komissiyasının sədri Zakir Nazıyev və Komissiyanın üzvü Saleh Abdullayev, eləcə də Şuranın Aparat rəhbəri Ramin Həsənli, Yasamal Rayon Ağsaqqallar Şurasının sədri Fuad Məmmədov, “İçərişəhər” Ağsaqqallar Şurasının sədri Əliheydər Dadaşov, təşkilatın baş məsləhətçi-hüquqşünası Kamal Əliyev, məsləhətçi Zahid Abbasov və başqaları iştirak ediblər.
Tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin, eləcə də 20 Yanvar faciəsi zamanı həlak olan soydaşlarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Giriş nitqi ilə çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev iclas iştirakçılarını salamlayaraq 20 Yanvar faciəsinin otuz altıncı ildönümü ərəfəsində olduğumuzu xatırladıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə qəsbkar sovet ordusunun erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı terror aktı həyata keçirdiyini, bu qanlı təcavüz nəticəsində ümumilikdə Bakıda 131 mülki vətəndaşın öldürüldüyünü, yüzlərlə insanın yaralandığını, həbs olunduğunu bildirib. Həmin faciə zamanı Azərbaycan vətəndaşlarına, dinc əhaliyə qarşı törətdilən cinayətlərdən ətraflı danışan natiq, həmçinin, qeyd edib ki, o ağır günlərdə 20 Yanvar hadisələri ilə bağlı Moskvada cəsarətli bəyanatı ilə məhz Ulu Öndər Heydər Əliyev xalqımızın haqq səsini dünyaya çatdırdı. Azərbaycan xalqına qarşı soyqırımı aktının həyata keçirildiyini bəyan etdi. Eldar Quliyev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər ilə Birinci Qarabağ müharibəsi, 44 günlük Vətən müharibəsi şəhidlərinin, eləcə də azadlıq yolunda canlarını qurban verən 20 Yanvar şəhidlərinin qisaslarının alındığını, ruhlarının rahatlıq tapdığını vurğulayıb.
Çıxışı zamanı Eldar Quliyev Azərbaycan Ağsaqqallar Şurasının 2025-ci ildəki fəaliyyəti barədə də danışıb, bununla bağlı hesabat-kataloqun hazırlandığını vurğulayıb və yaxın zamanlarda Şuranın Ümumi Yığıncağının keçiriləcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Natiq, həmçinin, bu günlərdə tarix elmləri doktoru, professor, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycanda kulturologiya elminin yaradıcısı Fuad Məmmədovun Yasamal Rayon Ağsaqqallar Şurasına sədr seçilməsini yüksək dəyərləndirib. Cəmiyyətimizin Fuad Məmmədov kimi müdrik ağsaqqala, dəyərli ziyalıya ehtiyacı olduğunu xüsusi vurğulayıb və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Sonra iclasda Azərbaycan Ağsaqqallar Şurasının 2026-cı il üçün hazırlanmış İş Planı müzakirə edilib, bir sıra səmərəli təkliflər irəli sürülüb. Çıxış edən natiqlər cəmiyyətimizdə mövcud olan problemlərə, eləcə də texnoloji inkişafın tərəqqi ilə yanaşı gənclərə olan mənfi təsirinə də toxunublar, xüsusilə son illərdə boşanmaların sayının həddən artıq çoxaldığını təəssüf hissi ilə qeyd ediblər. Vurğulayıblar ki, ağsaqqallar bu hallara qarşı daha aktiv mübarizə aparmalı, maarifləndirmə işlərini genişləndirməli, ali və orta təhsil müəssisələrində, eləcə də təhsildən kənarda qalan gənclərlə, mənəvi cəhətdən düşkün inşanlarla da ciddi iş aparmalı, onları ətraflı şəkildə maarifləndirməlidirlər. İclasda cəmiyyətimizin yaralı yeri olan bu problemlə, ailə dəyərləri ilə bağlı milli strategiyanın qəbul edilərək həyata keçirilməsi, ağsaqqallara televiziya kanallarında mütəmadi olaraq maarifləndirici verilişlər aparmaları üçün lazımi şəraitin yaradılması və digər məsələlərlə əlaqədar təkliflər irəli sürüblər. Natiqlər vurğulayıblar ki, bu gün cəmiyyətimizin ağsaqqal sözünə, nəsihətinə daha böyük ehtiyacı var.
Çıxışların ardınca Eldar Quliyev Azərbaycan Ağsaqqallar Şurasının Nəzarət-Təftiş Komissiyasının üzvü, xalqımızın vətənpərvər ziyalısı, müdrik ağsaqqal və alicənab şəxsiyyət Saleh Abdullayevin ölkəmizin elmi-pedaqoji və ictimai həyatında, Şuranın işində səmərəli fəaliyyəti ilə xalqımıza, Vətənimizə göstərdiyi dəyərli xidmətlərə görə və 80 illik yubileyi münasibətilə “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif edildiyini bildirib. Sonra “Fəxri Ağsaqqal” döş nişanını və hədiyyələri yubilyara təqdim edərək ona öz təbriklərini çatdırıb.
Digər tədbir iştirakçıları da yubilyarla bağlı səmimi fikirlərini, xoş arzularını bölüşüblər. Azərbaycan Ağsaqqallar Şurasının Nəzarət-Təftiş Komissiyasının üzvü Saleh Abdullayevi 80 illik yubileyi və “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif olunmağı münasibətilə ürəkdən təbrik edərək, ona daim sağlam həyat, cəmiyyətimiz üçün nümunə olan ömür yolunda və gələcək işlərinə yeni-yeni nailiyyətlər diləyiblər.
Yubilyar Saleh Abdullayev təbriklərə və “Fəxri Ağsaqqal” döş nişanına layiq görüldüyünə görə başda Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev olmaqla bütün tədbir iştirakçılarına öz dərin minnətdarlığını bildirib. Bundan sonra da fəaliyyətini böyük əzmkarlıqla və yüksək səviyyədə davam etdirəcəyini vurğulayıb.
Sonda xatirə şəkli çəkilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.