Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin iclası keçirilib

Oktyabr ayının 19-da Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib.

İclasda Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkil, professor Eldar Quliyev, Şura sədrinin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov,  müavinlər – millət vəkili, professor Eldar İbrahimov, Bayram Yusifov, İdarə Heyətinin üzvləri – millət vəkili, akademik Ziyad Səmədzadə, millət vəkili Ağalar Vəliyev, akademik Arif Həşimov, Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, millət vəkili, akademik İsa Həbibbəyli, Bakı Dövlət Universitetinin sabiq rektoru, akademik Abel Məhərrəmov, Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru, professor Şəmsəddin Hacıyev, o cümlədən Şuranın Aparat rəhbəri Ramin Həsənli, baş məsləhətçi-hüquqşünas Kamal Əliyev, məsləhətçi Zahid Abbasov və başqaları iştirak ediblər.
Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin və Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin vəfat etmiş üzvlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra Eldar Quliyev müasir Azərbaycanın şanlı qalibiyyət tarixini yazan Ölkə başçısı, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 20 illik şərəfli prezidentlik fəaliyyətindən ətraflı bəhs edib. Xalqımızın gündən-günə yüksələn rifahı, respublikamızın davamlı inkişafı, əbədi müstəqilliyi və sarsılmaz dövlətçiliyi naminə həyata keçirilən möhtəşəm işlərdən söz açıb. Vurğulayıb ki, Ata vəsiyyətini yerinə yetirən müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə rəşadətli Ordumuzun tarixi torpaqlarımızı erməni işğalından tam azad etməsi və bu müqəddəs torpaqlarımızda, xüsusilə də Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və Əsgəranda möhtərəm Prezidentimizin şəxsən üçrəngli dövlət bayrağımızı ucaltmağı xalqımıza tükənməz sevinc və qürur hissi yaşadıb.
Eldar Quliyev, həmçinin, ölkəmizin ictimai-siyasi həyatında hər zaman yaxından iştirak edən Azərbaycan Ağsaqqallar Şurasının son illərdəki aktiv fəaliyyətindən, Şuranın təşkilatçılığı ilə respublikamızın, demək olar ki, bütün şəhər və rayonlarında ağsaqqalların, ziyalıların, gənclərin və ictimaiyyətin digər nümayəndələrinin iştirakı ilə mütəmadi olaraq aktual məsələlərlə bağlı toplantıların, konfrans və görüşlərin keçirilməsindən söz açıb. Bu günlərdə Şuranın Nəsimi və Abşeron rayonlarında fəaliyyət göstərən təşkilatlarında keçirilən konfranslardan bəhs edib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin işıqlı yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini daim dəstəkləyən ağsaqqallar ölkəmizin ictimai-siyasi və mədəni həyatı ilə bağlı bütün aktual məsələlərə, həyata keçirilən demokratik proseslərə, konstruktiv islahatlara, o cümlədən beynəlxalq əlaqələrin inkişafına vətənpərvər ictimai xadim, əsl ziyalı, müdrik ağsaqqal və vətəndaş məsuliyyətilə münasibət bildirir, öz əməli fəaliyyətləri ilə bu prosesin fəal iştirakçısı olurlar.
Sonra çıxış edən Əhliman Əmiraslanov, Eldar İbrahimov, Ziyad Səmədzadə və başqaları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 2003-2023-cü illərdə respublikamızda həyata keçirilən əhəmiyyətli işlərdən, xalqımızın və dövlətlimizin tərəqqisinə xidmət edən uğurlu daxili və xarici siyasətdən bəhs ediblər. Həmçinin torpaqlarımızın erməni işğalından tamamilə azad olunmasından, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycanın üçrəngli bayrağını Xankəndi şəhərində və Qarabağın digər ərazilərində ucaltmağından, dinc sakinlərimizin öz ata-baba yurdlarına geri dönmələrindən söz açıblar.
Daha sonra Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkil, professor Eldar Quliyev İdarə Heyətində boş qalan yerlərə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, millət vəkili, akademik İsa Həbibbəyli, Bakı Dövlət Universitetinin keçmiş rektoru, akademik Abel Məhərrəmov və Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru, professor Şəmsəddin Hacıyevin namizədliyinin irəli sürüldüyünü tədbir iştirakçılarının diqqətinə çatdırıb. Onların namizədliyini səsə qoyub. Hər üç namizəd yekdilliklə Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinə üzv seçiliblər.
Tədbir iştirakçıları İdarə Heyətinin üzvləri sıralarına tanınmış ziyalıların qatılmağını böyük məmnuniyətlə qarşılayıblar. Onların Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyətini daha da gücləndirəcəklərinə əminliklərini ifadə edərək, gələcək işlərində uğurlar arzulayıblar.
Onlara göstərilən bu yüksək etimada görə öz təşəkkürlərini bildirən İsa Həbibbəyli, Abel Məhərrəmov və Şəmsəddin Hacıyev Şuranın daha aktiv fəaliyyəti üçün əllərindən gələni əsirgəməyəcəklərini qeyd ediblər.
Sonda yeni üzvlərə vəsiqələr təqdim olunub və xatirə şəkli çəkdirilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.