Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş iclası keçirilib

May ayının 6-da Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş iclası keçirilib.

Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayında respublikamızın tanınmış ziyalılarından, ictimai-siyasi xadimlərindən yeni üzvlər qəbul olunmaqla formalaşan İdarə Heyətinin üzvlərinin iştirakı ilə keçirilən iclasda əvvəlcə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev İdarə Heyətinin üzvlərini salamlayaraq görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin əvəzsiz xilaskarlıq missiyasından, müstəqil Azərbaycanın quruculuğu və xalqımızın parlaq gələcəyi naminə həyata keçirdiyi misilsiz xidmətlərindən ətraflı bəhs edib. Heydər Əliyev şəxsiyyətinin və zəngin irsinin Azərbaycanda ağsaqqallıq institutunun inkişafına verdiyi töhfələrdən, Ulu Öndərin ağsaqqallara göstərdiyi böyük diqqət və qayğıdan söz açıb. Vurğulayıb ki, bu yüksək münasibət hazırda Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Natiq dövlət başçısının Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayının iştirakçılarına ünvanladığı müraciəti xüsusi qeyd edərək cənab İlham Əliyevə göstərdiyi yüksək diqqət və qayğıya görə bütün ağsaqqallar adından bir daha öz dərin minnətdarlığını bildirib. Qeyd edib ki, Azərbaycan ağsaqqalları Ümummilli Liderin siyasi xəttinə daim sadiqdirlər və xalqımızın mənəvi dəyərlər xəzinəsi olan Ulu Öndərin zəngin irsi, dövlətçilik təcrübəsi ağsaqqallarımız tərəfindən daim cəmiyyətimizə, xüsusilə gənclərimizə təbliğ olunur. Eldar Quliyev, həmçinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətindən, onun dəyərli rəhbərliyi sayəsində ölkəmizdə hökm sürən sabitlik və inkişafdan, beynəlxalq səviyyəli görüşlərindən, Azərbaycanı sevməyən qüvvələrə qarşı apardığı gərgin mübarizədən bəhs edib. Bildirib ki, xalqımızın hər bir nümayəndəsi kimi, biz ağsaqqallar da möhtərəm Prezidentimizin nailiyyətlərindən qürur duyaraq hər zaman onu dəstəkləyirik və Azərbaycan Ağsaqqallar Şurasının üzvləri qarşıya qoyulmuş vəzifələrin uğurla icrası üçün fəaliyyətlərini bundan sonra da əzmkarlıqla davam etdirəcəklər.

Çıxışının sonunda Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev İdarə Heyətinin yeni seçilən üzvlərini – millət vəkili Heydər Əsədovu, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanı, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayevi, akademiklər – Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Akif Əlizadəni və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərovu, Azərbaycanın Türkmənistan və Əfqanıstandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Həsən Zeynalovu, 132-134 nömrəli Təhsil Kompleksinin keçmiş direktoru, Əməkdar müəllim Sara Xanlarovanı tədbir iştirakçılarına təqdim edib. Onları və İdarə Heyətində təmsil olunan bütün üzvləri təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, sədr müavinləri – millət vəkili, professor Eldar İbrahimov, akademik Abel Məhərrəmov, professor Vahid Novruzov, həmçinin İdarə Heyətinin üzvləri – professor Vaqif Şadlinski, professor Aqiyə Naxçıvanlı, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov, Milix Yevdayev, professor Mahirə Hüseynova, Sara Xanlarova və Akif Rəfiyev Ulu Öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunub saxlanılması, inkişafı, demokratik dəyərlərin formalaşması, milli-mənəvi irsimizin təbliği və digər sahələrdəki əvəzsiz xidmətlərindən bəhs ediblər. Vurğulayıblar ki, Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan Respublikası hazırda dahi rəhbərin tərəqqi yolunu yüksək səviyyədə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edərək siyasi sabitliyini və iqtisadi qüdrətini, beynəlxalq aləmdə nüfuzunu gündən-günə artırır, regionda və dünyada etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Azərbaycan Ağsaqqallar Şurasının üzvləri bundan sonra da möhtərəm Prezidentimizin ətrafında sıx birləşərək öz fəaliyyətlərini yüksək səviyyədə davam etdirəcəklər. İdarə Heyətinin üzvləri, həmçinin, onlara göstərilən böyük etmada görə təşəkkürlərini bildiriblər və Azərbaycan Ağsaqqallar Şurasının daha geniş və səmərəli fəaliyyiyyəti üçün əllərindən gələni əsirgəməyəcəklərini vurğulayıblar.

İclasda İdarə Heyətinin üzvlərinə yeni vəsiqələr təqdim olunub və xatirə şəkli çəkilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.