Opera Studiyasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev irsinin konseptual əsasları: ənənə ilə müasirliyin vəhdəti” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə digər natiqlərlə yanaşı, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski də çıxış edib. O öz çıxışında Azərbaycanın tərəqqisində Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edib. Bildirib ki, hələ SSRİ dövründə ölkəmizin yüksəlişini təmin edən dahi rəhbər müstəqilliyin bərpasından sonra yenidən siyasi hakimiyyətə gəldikdən sonra xalqımıza böyük uğurlar qazandırdı. Professor Vaqif Şadlinski, həmçinin, qeyd edib ki, bu gün möhtəşəm Zəfərin təməlində Ümummilli Lider Heydər Əliyevin böyük əməyinin, zəkasının, uzaqgörənliyinin izləri var: “Ulu Öndər Heydər Əliyev bütün varlığı, bilik və bacarığı ilə xalqına, torpağına bağlı dahi şəxsiyyət idi. Onun sayəsində Azərbaycan parçalanmaqdan, bir dövlət kimi yox olmaq təhlükəsindən xilas oldu. Güclü və qüdrətli Azərbaycanın gələcək nailiyyətləri məhz Ulu Öndərin adı ilə bağlıdır. Bu gün biz qalib xalq kimi bir daha fəxr edirik ki, azərbaycanlıyıq. Hər birimiz Ümummilli Liderimiz Heydər Əliyevin ruhu qarşısında baş əyir, onun xatirəsini daim uca tuturuq. Ulu Öndərin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yürütdüyü siyasət bizi daha da qüdrətli və yenilməz bir dövlətə çevirir”.
Sonra tədbir konsert proqramı ilə davam edib.




