Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin adına gəmi istismara verilib

Dekabrın 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan “Akademik Xoşbəxt Yusifzadə” tankerinin istismara verilməsi mərasimində iştirak edib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev Prezident İlham Əliyevə raport verərək, yeni inşa edilmiş “Akademik Xoşbəxt Yusifzadə” gəmisinin istismara hazır olduğunu bildirib. Həmçinin dövlətimizin başçısına məlumat verilib ki, uzunluğu 141, eni 16,9 metr olan “Akademik Xoşbəxt Yusifzadə” tankerinin yükgötürmə qabiliyyəti 7800 tondur. Gəminin daimi heyəti 15 nəfərdən ibarətdir.

Yeni tanker Bakı gəmiqayırma zavodunda inşa olunan 4 tankerdən üçüncüsüdür. Bundan əvvəl istismara verilən “Laçın” (2019-cu il, dekabr) və “Kəlbəcər” (2021-ci il, sentyabr) neft tankerlərindən fərqli olaraq, “Akademik Xoşbəxt Yusifzadə” ilə həm neft, həm də kimyəvi məhsulların daşınması mümkündür.

Onu da qeyd edək ki, Azərbaycanın dəniz nəqliyyatı tarixində 1957-ci ildən sonra ilk dəfədir hər hansı bir gəmiyə həyatda olan şəxsin adı verilir. Bu da Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, ölkəmizin neft sənayesinin canlı əfsanəsi, görkəmli neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadəyə diqqət və qayğının, eləcə də böyük hörmətin göstəricisidir. Tankerə bu ad 2020-ci il yanvarın 15-də Xoşbəxt Yusifzadənin 90 illik yubileyi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əlavə tədbirlər haqqında imzaladığı Sərəncama əsasən verilib.

Mərasimdə dövlət başçısı cənab İlham Əliyevlə Xoşbəxt Yusifzadə arasında olan səmimi və maraqlı dialoqdan sonra onlar tankerin istismara verilməsini bildirən lenti kəsiblər.

Sonda xatirə şəkilləri çəkdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.