23 aprel tarixində Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayı keçirilib.
Qurultayda Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev, sədrin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov, sədr müavinləri – millət vəkili, professor Eldar İbrahimov, millət vəkili Ağalar Vəliyev, Tahir Süleymanov, Bayram Yusifov, professor Vahid Novruzov, akademik Abel Məhərrəmov, İdarə Heyətinin üzvləri – AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, millət vəkili, akademik Ziyad Səmədzadə, akademik Arif Həşimov, professorlar Misir Mərdanov, Vaqif Şadlinski, Aqiyə Naxçıvanlı, Elbay Qasımzadə və İbrahim Quliyev, həmçinin millət vəkili Heydər Əsədov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov, Şuranın Aparat rəhbəri Ramin Həsənli, baş məsləhətçi-hüquqşünas Kamal Əliyev, eləcə də Şuranın 81 şəhər və rayon təşkilatının nümayəndləri, respublikamızın tanınmış ziyalıları, ağsaqqalları, şəhid ailələrinin üzvləri və gənclər iştirak ediblər.
Tədbirdən öncə Qurultay iştirakçıları Fəxri Xiyabana gələrək müasir, müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Əvvəlcə Qurultayda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin və ötən dövr ərzində dünyasını dəyişmiş ağsaqqalların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Qurultayın gündəliyi səsə qoyularaq təsdiq edildikdən sonra Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev giriş nitqi ilə çıxış edərək qonaqları salamlayıb və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayının iştirakçılarına ünvanladığı müraciəti oxuyub. Ölkə başçısının göstərdiyi yüksək diqqət və qayğıya görə bütün ağsaqqallar adından öz dərin minnətdarlığını bildirib. Sonra natiq Şuranın son 5 illik fəaliyyətindən bəhs edərək 81 şəhər və rayon təşkilatında fəaliyyət göstərən minlərlə üzvün hər zaman Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini, tarixi irsini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini xalqımız arasında təbliğ etdiklərini, zəngin həyat təcrübələrindən, bilik və bacarıqlarından istifadə etməklə müxtəlif sahələrin inkişafına öz dəyərli töhfələrini verdiklərini vurğulayıb. Qeyd edib ki, son 5 ildə ölkəmizin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayan ağsaqqallar Azərbaycan üçün tarixi məqamlarda, xüsusilə 44 günlük Vətən müharibəsi və birgünlük antiterror tədbirləri zamanı Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin ətrafında sıx birləşərək rəşadətli Ordumuzu dəstəkləmiş, gənclərimizə daha çox vətənpərvərlik ruhu aşılamış, hər zaman şəhid ailələrinə, qazilərə diqqət və qayğı ilə yanaşmışlar. Hazırda öz fəaliyyətini uğurla davam etdirən Şura hər il üçün təsdiq olunmuş İş planına uyğun olaraq şəhər və rayonlarda ağsaqqalların, ziyalıların, gənclərin və ictimaiyyətin digər nümayəndələrinin iştirakı ilə geniş toplantılar, görüşlər, dəyirmi masalar təşkil edir. Ağsaqqallar xalqımızın milli-mənəvi dəyərlərinin, tarixi ənənələrinin qorunması, boşanmaların sayının azadılması, gənclərin təhsilə və hərbi xidmətə marağının yüksəldilməsi, onların xalqa və dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması, sağlam həyat tərzi keçirərək pis vərdişlərdən uzaq tutulması üçün hərtərəfli səy göstərməyi özlərinin prioritet vəzifələri hesab edirlər. Eldar Quliyev çıxışının sonunda vurğulayıb ki, Azərbaycan Ağsaqqallar Şurasının üzvləri bundan sonra da möhtərəm Prezidentimizin ətrafında sıx birləşərək öz fəaliyyətlərini yüksək səviyyədə davam etdirəcəklər.
Qurultayda, həmçinin, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri – AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, akademik Ziyad Səmədzadə, professor Aqiyə Naxçıvanlı, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski, eləcə də Yasamal Rayon Ağsaqqallar Şurasının sədri, professor Fuad Məmmədov, gənc fəal, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Nəzrin Abdullayeva, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Arif Hümbətov, Xətai Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədov, Bərdə Rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov, Beyləqan Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov, Sabunçu Rayon Ağsaqqallar Şurasının sədri Vəli Səfərov və Quba Rayon Ağsaqqallar Şurasının sədri İldırım Məmmədov çıxış ediblər. Natiqlər çıxışlarında Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət kursundan, davamlı inkişaf prosesindən, əldə olunan nailiyyətlərdən, eləcə də möhtəşəm Zəfərdən, Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərindən, soydaşlarımızın doğma torpaqlarına qayıdışından bəhs ediblər. Bu davamlı inkişaf fonunda ölkəmizdəki ictimai-siyasi və sosial-mədəni proseslərdə yaxından iştirak edərək, dövlətimizin və xalqımızın milli mənafeyinə xidmət göstərən Azərbaycan Ağsaqqallar Şurasının aktiv fəaliyyətindən söz açıblar. Şuranın 81 şəhər və rayon təşkilatının 35 mindən çox üzvünün xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, cəmiyyətimizdə sağlam ictimai münasibətlərin formalaşdırılması istiqamətində bilik və təcrübələrini əsirgəmədiklərini vurğulayıblar. Ağsaqqalların və ziyalıların daim Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunduqlarını qeyd ediblər.
Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayında təşkilati məsələlərə də baxılıb, səsvermə yolu ilə Şuranın Nizamnaməsi əlavə və dəyişikliklər edilməklə yeni redaksiyada qəbul olunub. Sonra Şuranın sədri vəzifəsinə yenidən professor Eldar Quliyevin namizədliyi irəli sürülüb və o, səvermə yolu ilə Azərbaycan Ağsaqqallar Şurasına sədr seçilib. Qurultayda, həmçinin, yeni üzvlər qəbul olunmaqla İdarə Heyətinin və Nəzarət-Təftiş Komissiyasının yeni tərkibi formalaşdırılıb. Daha sonra Qurultayın nümayəndələri adından Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri cənab Binəli Yıldırıma Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayının keçirilməsi ilə bağlı məlumat məktubunun göndərilməsi qərara alınıb və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilib. Müraciət Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov tərəfindən Qurultay iştirakçılarının diqqətinə çatdırılıb. Bununla da Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayı öz işini yekunlaşdırıb.


















