Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının rəhbər şəxsləri Türkiyədə rəsmi səfərdə olublar

Dekabrın 17-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlamentin nümayəndə heyətinin tərkibində Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Hesablayıcı komissiyasının sədri, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun üzvü, professor Eldar Quliyev, Şura sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov, Şura sədrinin müavini, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun üzvü Ağalar Vəliyev, eləcə də Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun digər üzvləri Musa Quliyev, Elşən Musayev, Heydər Əsədov, Elnarə Akimova Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinə rəsmi səfərə gediblər.

Ankaranın Esenboğa Beynəlxalq Hava limanında nümayəndə heyətini Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində spiker Sahibə Qafarova və nümayəndə heyəti Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən “2024 TÜBA və TÜBİTAK Elm Ödülləri Mərasimi”ndə iştirak edib. Tədbirdə Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Səfər zamanı Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla da görüş keçirilib. Görüşdə qardaş ölkələrimiz və parlamentlərimiz arasında yüksək səviyyəli əlaqələrə dair fikir mübadiləsi aparılıb. Azərbaycan parlamentinin nümayəndə heyətini səmimiyyətlə salamlayan Numan Kurtulmuş yenidən Milli Məclisin sədri seçilməsi münasibətilə Sahibə Qafarovanı təbrik edib. İki qardaş ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayaraq, Şuşa Bəyannaməsi ilə əlaqələrimizin yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb.

Rəsmi səfər dəvətinə və göstərilən qonaqpərvərliyə görə TBMM sədrinə minnətdarlığını bildirən Milli Məclisin sədri Sahibə Qafarova yenidən qardaş ölkədə olmaqdan məmnunluğunu ifadə edib. Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirildiyini xatırladan spiker deyib ki, bu seçkilərin ən böyük xüsusiyyəti o idi ki, ilk dəfə olaraq Azərbaycanın bütün suveren ərazilərində keçirildi. Yenidən Milli Məclisin sədri seçildikdən sonra, onu ilk olaraq TBMM sədri Numan Kurtulmuşun təbrik etdiyini deyən Sahibə Qafarova mövcud ənənəyə uyğun olaraq, ilk rəsmi səfərini də qardaş Türkiyəyə edib.

Söhbət zamanı əlaqələrin belə yüksək səviyyəyə gəlib çatmasında dövlət başçılarımızın – cənab İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın müstəsna rolu qeyd edilərək, onların şəxsi dostluğunun və qardaşlığının, siyasi iradəsinin və qətiyyətinin münasibətlərin hazırki səviyyədə olmasını təmin etdiyi bildirilib. Görüşdə ölkələrimiz arasında dostluq-qardaşlıq münasibətlərinin daha da genişləndirilməsinə parlamentlərin verdiyi töhfələr də yüksək qiymətləndirilib.

Sonra Milli Məclisin sədri Sahibə Qafarovanın Türkiyə Böyük Millət Məclisinin plenar iclas zalında salamlanması mərasimi olub.

Daha sonra Azərbaycan parlament nümayəndə heyəti 15 iyul 2016-cı ildə baş vermiş dövlət çevrilişi cəhdi zamanı TBMM-in zədələnmiş ərazilərini ziyarət edib.

Milli Məclisin sədri Sahibə Qafarova və Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş arasında görüşdən sonra spikerlər mətbuat üçün bəyanatla çıxış ediblər.

Mətbuat konfransında vurğulanıb ki, Azərbaycan və Türkiyə regionda sülh və sabitliyin, inkişafın təmin olunmasına mühüm töhfələr verir. Ölkələrimizin öncüllüyü ilə Türk dünyasının daha da güclənməsi, Türk dövlətləri arasında birliyin möhkəmlənməsi istiqamətində atılan addımları təqdir edilir və bu istiqamətdə atılan addımlar tarixi addımlar kimi qiymətləndirilir. Həmçinin tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi, qətiyyəti və birgə səyləri sayəsində iki qardaş ölkə arasında münasibətlərin özünün ən yüksək zirvəsinə – müttəfiqlik səviyyəsinə çatdığı qeyd edilib. Bildirib ki, əməkdaşlığımız, o cümlədən də parlamentlərarası əlaqələrimiz bütün istiqamətlər üzrə hərtərəfli inkişaf edir, dövlət başçılarımızın müəyyən etdikləri hədəflər, verdikləri tapşırıqlar uğurla icra olunur.

Səfər çərçivəsində Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun üzvləri ilə də görüşüblər.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Azərbaycan nümayəndə heyətini salamlayaraq, dost və qardaş ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə uğurlu inkişafının məmnunluq doğurduğunu bildirib.

Görüşdə Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov da ölkələrimiz arasında münasibətlərin, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ifadə etdiyi kimi, dünyada oxşarı olmadığını, əlaqələrimizin Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamına söykəndiyini bildirib. Qeyd edib ki, bu gün Azərbaycan və Türkiyə bütün sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinə malikdirlər və münasibətlərimiz günbəgün daha da möhkəmlənir.

Söhbət zamanı Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Hesablayıcı komissiyasının sədri, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun üzvü, professor Eldar Quliyev də parlamentlərimizin iki qardaş və dost ölkələrimiz arasında əlaqələrin dərinləşməsinə özünəməxsus töhfələr verdiyini, həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament təşkilatlarında uğurlu əməkdaşlığın mövcud olduğunu xüsusi vurğulayıb. Azərbaycan və Türkiyə arasındakı hazırkı yüksək səviyyəli əməkdaşlığın Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurası çərçivəsində tanınmış ictimai-siyasi xadim Binəli Yıldırımın rəhbərliyi ilə ağsaqqallarımız tərəfindən də böyük ruh yüksəkliyi və uğurla ilə həyata keçirildiyini bildirib.

Görüşdə çıxış edən Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri – Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Ağalar Vəliyev, Musa Quliyev, Elşən Musayev, Heydər Əsədov, Elnarə Akimova, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri – Orhan Erdem, Derya Ayaydın, Veysal Tipioğlu, Cüneyt Yüksel, Uğur Bayraktutan, Yusuf Beyazit, Vedat Bilgin, Cantürk Alagöz, Ahmet Erbaş qardaş və dost ölkələrimiz arasında münasibətlərin hazırki yüksək səviyyəsindən, parlamentlərarası münasibətlərin daha da dərinləşməsindən danışıblar, qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikirlərini ifadə ediblər.

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlamentin nümayəndə heyəti Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Ankara şəhərindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib. Heyət üzvləri Ümummilli Lider Heydər Əliyevin parkda ucaldılan abidəsi önünə güllər düzərək xatirəsini ehtiramla anıblar. Qeyd edək ki, Ankaradakı Heydər Əliyev Parkı 2004-cü ildə salınıb. 2012-ci ildə parkda əsaslı yenidənqurma işləri aparılıb və bu park Türkiyə paytaxtının ən gözəl istirahət məkanlarından birinə çevrilib.

Nümayəndə heyətinin üzvləri, həmçinin, Anıtqəbirdə Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını da ziyarət edərək, önünə əklil qoyublar və xatirəsini ehtiramla anıblar. Sonra Milli Məclisin sədri Sahibə Qafarova Xatirə kitabına ürək sözlərini yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.