Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının Ramazan bayramı münasibətilə təbriki

Azərbaycan Ağsaqqallar Şurası Ramazan bayramı münasibətilə xalqımızı təbrik edib. Təbrikdə deyilir:

Əziz həmvətənlər!

Sizi İslam dünyasının ən əlamətdar və əziz bayramlarından olan mübarək Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, uca Allahdan xeyirxahlıq, mərhəmət və şəfqət rəmzi olan bu müqəddəs ayda tutduğunuz orucların, qıldığınız namazların, etdiyiniz duaların və niyyətlərin qəbul olunmasını diləyir, hər birinizə sağlamlıq, rifah, uğur və sülh arzulayırıq!

Müqəddəs kitabımız Qurani-Kərimin nazil edildiyi mübarək Ramazan ayında oruc tutmaqla, ibadət etməklə Tanrı qarşısında öz borclarını ləyaqətlə yerinə yetirən vətəndaşlarımız həm də insanlara maddi və mənəvi dəstək olaraq bir-birinə daha çox hörmət, diqqət və qayğı göstərir, Azərbaycan xalqının mərhəmət və humanizm ənənələrini yaşadırlar. Milli və dini dəyərlərinə həmişə sadiq qalan xalqımız mənəvi zənginliklə dolu mübarək bir ayı ruhani təmizliklə başa vuraraq hazırda bütün dünya müsəlmanları ilə birlikdə müqəddəs Ramazan bayramını böyük təntənə ilə qeyd edir. Çox sevindirici haldır ki, bu Ramazan bayramında da Azərbaycanın uğurlarına şahidlik edirik. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu siyasi kursu inamla və ardıcıl şəkildə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət, aparılan çoxsaylı islahatlar və əhalinin artan rifah halı, gündən-günə genişlənən abadlıq işləri, həyata keçirilən nüfuzlu beynəlxalq tədbirlər və layihələr, eləcə də diplomatiya, ordu quruculuğu və digər sahələrdəki yüksək nailiyyətlər nəticəsində ölkəmizdə inkişaf, sabitlik və əmin-amanlıq hökm sürür.

Hörmətli həmvətənlər!

Bu əziz bayram günündə müasir Azərbaycanın memarı, xalqımızın milli, mənəvi, dini dəyərlərini qoruyan və yaşadan Ümummilli Liderimiz Heydər Əliyevin, canlarını fəda edərək şərəfli Azərbaycan tarixini yazan qəhrəman şəhidlərimizin xatirəsini bir daha ehtiramla yad edirik. Vətənimizə daim zəfər, tərəqqi və sülh bəxş edən möhtərəm Prezidentimiz cənab İlham Əliyevə qüdrətli Azərbaycan naminə dəyərli fəaliyyətində davamlı uğurlar, xalqımıza və dövlətimizə əmin-amanlıq və inkişaf diləyirik. Qoy bu bayram öz bərəkəti ilə ailələrinizə və doğmalarınıza xoşbəxtlik, sağlamlıq, firavanlıq və nailiyyətlər gətirsin.

Bir daha uca Allahdan oruc və ibadətlərinizin qəbul edilməsi diləyilə Ramazan bayramınız mübarək olsun!

 

Dərin hörmətlə,

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin

üzvləri adından Şuranın sədri,

millət vəkili, professor Eldar Quliyev

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.