Sentyabr ayının 9-da Cəbrayıl Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib. Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Milli Məclisin deputatı Ceyhun Məmmədov, Cəbrayıl Rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan Ağsaqqallar Şurasının Nəzarət-Təftiş Komissiyasının üzvü Vaqif Məhərrəmov, Şuranın mətbuat katibi Rafiq Rzayev, eləcə də rayon ağsaqqalları, ziyalıları, şəhid valideynləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Konfransda Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının və ötən dövr ərzində vəfat etmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov tədbir iştirakçılarını salamlayaraq, respublikamızın hər yerində olduğu kimi, Cəbrayıl rayonunda da hər zaman böyük hörmət və nüfuz sahibi olan ağsaqqalların fəaliyyətindən söz açıb. Onların cəmiyyətimizin inkişafında, xüsusilə də yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərlərinə düşən öhdəlikləri layiqincə yerinə yetirdiklərini bildirib. Cəbrayıl Rayon Ağsaqqallar Şurasının Rayon İcra Hakimiyyəti və digər qurumlarla birlikdə həyata keçirdikləri tədbirlərdən bəhs edib. O, həmçinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Cəbrayıl rayonunda aparılan genişmiqyaslı yenidənqurma və tikinti-quruculuq işlərindən də söhbət açıb. Artıq işğaldan azad olunan doğma yurda qayıdan Cəbrayıl sakinlərinin, eləcə də ağsaqqalların hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarını qeyd edib.
Cəbrayıl Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Məhərrəmov görülən işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, Cəbrayıl ağsaqqalları möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun azad etdiyi ata-baba yurdunda, doğma Cəbrayılda öz fəaliyyətlərini uğurla davam etdirirlər. Hər zaman dövlətə və dövlətçiliyə dəstək olan Cəbrayıl Rayon Ağsaqqallar Şurasının üzvləri Rayon İcra Hakimiyyəti, eləcə də Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə sıx əməkdaşlıq şəraitində birgə səmərəli işlər həyata keçirirlər. Mütəmədi olaraq tədbirlər, görüşlər, yubileylər keçirən ağsaqqallar rayonda aparılan yaşıllıq, abadlıq və bərpa işlərində də yaxından iştirak edir, öz zəngin təcrübələri ilə bölüşür, bir çox zəruri və əhəmiyyətli təşəbbüslər irəli sürürlər. Vaqif Məhərrəmov bu günlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbər şəxsləri ilə görüşərək Cəbrayılda inşa olunan məsciddə mərasim zalının tikilməsinin də məqsədəuyğun olduğunu vurğuladıqlarını, habelə küçələrin asfaltlanması, marşurut xətlərinin artırılması və digər vacib məsələrlə bağlı təkliflərlə çıxış etdiklərini bildirib. Əlavə edib ki, aidiyyatı qurumlar tərəfindən onların bu təklifləri müsbət qarşılanır və mərhələli şəkildə öz həllini tapır. Çıxışının sonunda natiq öz fəaliyyətlərini bundan sonra yüksək səviyyədə həyata keçirəcəklərini vurğulayıb.
Hesabat məruzəsi ətrafında çıxış edən Cəbrayıl Rayon Ağsaqqallar Şurasının üzvləri – Əyyub Quliyev, Mahmud Musayev, Famil Balayev, Əlirza Xələfli və başqaları Şuranın fəaliyyətini müsbət qiymətləndiriblər, ölkəmizdə milli-mənəvi dəyərlərin, o cümlədən ağsaqqallıq ənənələrinin inkişaf tarixinin başlanğıcının məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu, ağsaqqalların cəmiyyətdaxili sabitliyin əsas qoruyucusu kimi çıxış etdiyini, insanların nizam-intizama dəvət edilməsində əsas söz sahibi kimi ağsaqqal öyüd-nəsihətlərinə böyük hörmətlə yanaşıldığını diqqətə çatdırıblar.
Konfransda çıxış edən Milli Məclisin deputatı Ceyhun Məmmədov nüfuzlu ziyalıları, görkəmli şəxsiyyətləri ilə tanınan və ona doğma olan Cəbrayıl rayonunun ağsaqqalları və rayon sakinləri ilə görüşdən məmnun olduğunu bildirib. Ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli vərdişlərdən uzaq sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyacın olduğunu qeyd edib. O da, öz növbəsində, Cəbrayıl Rayon Ağsaqqallar Şurasının fəaliyyətini müsbət qiymətləndirərək təşkilata gələcək fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov çıxışında konfrans iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayaraq artıq 3-cü dəfədir ki, Cəbrayıl Rayon Ağsaqqallar Şurasının konfransında iştirak etdiyini və hər bir tədbirin böyük ruh yüksəkliyi ilə keçirildiyini xüsusi vurğulayıb. Ağsaqqallıq institutunun tarixindən, keçdiyi yoldan bəhs edən natiq ölkəmizdə hər zaman böyük hörmət və nüfuz sahibi olan ağsaqqallara ən yüksək qiymətin xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən verildiyini, onları “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırdığını xatırladıb. Hazırda ağsaqqallara bu diqqət və qayğının möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini bildirib. Bayram Yusifov öz çıxışında qeyd edib ki, o ailə, o nəsil, o cəmiyyət xoşbəxtdir ki, onun əsl ağsaqqalı var. Biz də xalq olaraq xoşbəxtik ki, Ulu Öndər Heydər Əliyev kimi çox müdrik ağsaqqalımız olub və bu gün dahi şəxsiyyətin yolunu yüksək səviyyədə davam etdirən cənab İlham Əliyev kimi dünya səviyyəli, qüdrətli rəhbərimiz var. Natiq, həmçinin, professor Eldar Quliyevin sədrliyi ilə Azərbaycan Ağsaqqallar Şurasının gündən-günə inkişaf edən səmərəli fəaliyyətindən söz açıb və bu prosesə Cəbrayıl Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Məhərrəmov kimi dəyərli ağsaqqalların böyük töhfə verdiyini vurğulayıb. Onun hesabat məruzəsini, Cəbrayıl rayonunda ağsaqqalların fəaliyyətini çox müsbət qiymətləndirib və işğaldan azad olunmuş torpaqlarımızda Şuranı yüksək səviyyədə təmsil etdiklərini diqqətə çatdırıb. Bayram Yusifov cəmiyyətimizdə mövcud olan müəyyən mənfi hallara da toxunub, xüsusilə yaşadığımız süni intellekt dövründə gənclərimizin ağsaqqalların təsirli nəsihət və tövsiyələrinə, maarifləndirmə işlərinə ciddi ehtiyacın olmasını vurğulayıb. Bu hallara qarşı ağsaqqalları daha aktiv olmağa dəvət edib. Çıxışının sonunda natiq bütün ağsaqqallara Allahdan uzun ömür, möhkəm cansağlığı və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.











