Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun iştirakı ilə Gəncədə Müstəqillik Gününə həsr olunmuş regional konfrans keçirilib

May ayının 26-da Azərbaycan Ağsaqqallar Şurası Gəncə şəhərində 28 may 1918-ci ildə qurulmuş Azərbaycan Demokratik Respublikasının 108-ci ildönümünə həsr edilmiş “Müasir, müstəqil və qalib Azərbaycan Respublikası Ulu Öndər Heydər Əliyevin şah əsəridir” mövzusunda regional konfrans keçirib.

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) akt zalında keçirilən regional konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın qərb regionu üzrə kuratoru Bayram Yusifov, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Əməkdar müəllim, hüquq elmləri doktoru, professor İbrahim Quliyev, ADAU-nun rektoru Zəfər Qurbanov, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, eləcə də Gəncə ilə yanaşı, ölkəmizin qərb bölgəsi – Şəmkir, Ağstafa, Daşkəsən, Gədəbəy, Samux, Tovuz, Göygöl, habelə Kəlbəcər rayonu üzrə Azərbaycan Ağsaqqallar Şurasının, YAP-ın və gənclər təşkilatlarının rəhbər şəxsləri və üzvləri, ağsaqqallar, ziyalılar, şəhid valideynləri, qazilər, gənclər, həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin, Gəncə Dövlət Universitetinin, Azərbaycan Texnologiya Universitetinin, o cümlədən Gəncə Tibb Kollecinin müəllim və tələbələri iştirak ediblər.

Regional konfransda Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açaraq konfrans iştirakçılarını salamlayan Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov belə əlamətdar tədbirin Azərbaycan Dövlət Aqrar Universitetində, bu tarixi binada keçirilməsindən məmnunluq duyduğunu bildirib. Qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın dövlətçilik tarixində mühüm dönüş nöqtəsi olmuşdur. Bu tarixi ənənələrin yaşadılması və gənc nəslə çatdırılması ali təhsil müəssisələrinin də mühüm vəzifələrindəndir. Sonra natiq Ulu Öndər Heydər Əliyevin elmə, təhsilə və gənclərə daim xüsusi diqqət göstərməsindən bəhs edib, bu siyasətin hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov konfrans iştirakçılarını İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun və öz adından salamlayaraq Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddətdə dövlətçilik ənənələrinin formalaşdırılması istiqamətində mühüm addımlar atdığını qeyd edib. Vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyi yenidən möhkəmləndirilmiş, ölkəmiz inkişaf yoluna qədəm qoymuşdur və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun ən güclü dövlətlərindən birinə çevrilmişdir. Natiq Gəncə şəhərinin də hər zaman ölkəmizin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynadığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonra ADAU-nun İctimai fənlər kafedrasının müdiri, dosent Elgün Aslanov “Müasir, müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” adlı məruzə ilə çıxış edib.

Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın qərb regionu üzrə kuratoru Bayram Yusifov çıxış edərək tədbir iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayıb. Hər kəsi qarşıdan gələn müqəddəs Qurban bayramı və Müstəqillik Günü münasibətilə təbrik edərək Azərbaycanın inkişafı və əmin-amanlığı naminə edilən duaların, kəsilən qurbanların Allah dərgahında qəbul olunmasını diləyib, müstəqil dövlətimizin daha da qüdrətlənməsini, xalqımızın daim tərəqqi, rifah və sülh şəraitində yaşamasını arzulayıb. Sonra natiq müasir, müstəqil və qalib Azərbaycan Respublikasının memarı, Ümummilli Liderimiz Heydər Əliyevin müstəsna xidmətlərindən, onun zəngin həyat və fəaliyyətindən ətraflı söz açıb. Bildirib ki, məhz dahi rəhbərin xilaskarlıq missiyası nəticəsində dövlət müstəqilliyimiz qorunmuş, ölkəmiz parçalanmaq təhlükəsindən xilas edilmişdir. Bayram Yusifov Azərbaycan xalqının möhtəşəm olduğu qədər də xoşbəxt xalq olduğunu vurğulayıb. Çünki bizim Ulu Öndər Heydər Əliyev kimi ağsaqqalımız, rəhbərimiz olub və hazırda onun yolunu yüksək səviyyədə davam etdirən dünyaşöhrətli Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız var. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə öz tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan artıq qalib dövlət kimi regionda söz sahibi olmaqla yanaşı, beynəlxalq aləmdə də böyük nüfuz qazanmışdır. Natiq çıxışının sonunda qeyd edib ki, ölkəmizdəki bu inkişaf şəraitində Azərbaycan Ağsaqqallar Şurası da cəmiyyətimizdə milli-mənəvi dəyərlərin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində mühüm missiya daşıyır. Bizim əsas vəzifəmiz Ulu Öndər Heydər Əliyevin zəngin irsini gənclərə aşılamaq, milli həmrəyliyi və dövlətçilik ənənələrini daim yaşatmaq, ölkə başçısının uğurlu siyasətini hər zaman təbliğ etmək və dəstəkləməkdir. Əminik ki, müasir, müstəqil və qalib Azərbaycan davamlı olaraq inkişaf edəcək və gənc nəsil dövlətimizə sədaqətlə xidmət göstərərək ölkəmizə daha böyük nailiyyətlər qazandıracaqdır.

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Əməkdar müəllim, hüquq elmləri doktoru, professor İbrahim Quliyev tədbir iştirakçılarını salamlayaraq, ona doğma olan Gəncə şəhərində belə bir mötəbər tədbirdə iştirak etdiyinə görə çox məmnun olduğunu bildirib. 28 May 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin Şərqdə ilk demokratik respublika kimi tarixə düşdüyünü qeyd edən natiq vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev məhz bu tarixi irsə söykənərək müasir Azərbaycan dövlətçiliyini, onun müstəqilliyini qoruyub və möhkəmləndirib. Xalqımızın Ümummilli Lideri ilə bağlı xatirələrini, eləcə də onun titanik fəaliyyətinin müxtəlif dövrlərini tədbir iştirakçılarının diqqətinə çatdıran İbrahim Quliyev bildirib ki, dahi şəxsiyyətin rəhbərliyi dövründə ölkəmizdə hüquqi dövlət quruculuğu, milli həmrəylik və sabitlik təmin olunmuşdur. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan Respublikasının beynəlxalq nüfuzu daha da artmış, ölkəmiz regionun aparıcı dövlətinə çevrilmişdir. Bizim borcumuz dövlət müstəqilliyimizi qorumaq və gələcək nəsillərə daha güclü Azərbaycan ötürməkdir.

Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədov da öz çıxışında hər kəsi salamlayaraq, onlarla növbəti dəfə regional konfransda görüşməkdən məmnun olduğunu bildirib. Bütün tədbir iştirakçılarını Qurban bayramı və Müstəqillik Günü münasibətilə təbrik edib. Azərbaycan Xalq Cümhuriyyətinin qısa, lakin çox əhəmiyyətli fəaliyyətindən söz açıb. O dövrdə həyata keçirilən dövlətçilik ənənələrinin sonradan Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində yenidən dirçəldildiyini və möhkəmləndirildiyini vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin böyük uğurlara imza atdığını bildirib. Əlavə edib ki, ağsaqqallar olaraq bizim əsas vəzifəmiz gənclərdə Vətənə sevgi, dövlətə sədaqət hisslərini gücləndirməkdir. İnanırıq ki, Azərbaycan bundan sonra da daim tərəqqi yolu ilə irəliləyəcəkdir.

Regional konfransın sonunda xatirə şəkilləri çəkilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.