Aprel ayının 15-də Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun iştirakı ilə Göygöl və Ağstafa rayonlarında Şuranın yerli təşkilatlarının seçki konfransları keçirilib.
Konfranslarda Bayram Yusifovla yanaşı, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Kəlbəcər Rayon Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, eləcə də rayon ağsaqqalları və ziyalıları, şəhid valideynləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Konfranslarda Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin, həmçinin dünyasını dəyişmiş Göygöl Rayon Ağsaqqallar Şurasının sədri Dilqəm Dilənovun və Ağstafa Rayon Ağsaqqallar Şurasının mərhum sədri Hüseyn Hüseynovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra çıxış edən rayonların icra hakimiyyətlərinin rəhbərləri Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovu və digər tədbir iştirakçılarını salamlayaraq ağsaqqalların ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı dəyərli xidmətlərindən, eləcə də yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından söz açıblar. Qeyd ediblər ki, rayonun nüfuzlu ziyalıları, müdrik ağsaqqalları həmişə dövlətə və dövlətçiliyə sədaqət nümayiş etdiriblər, ölkəmizin inkişafı və daha da güclənməsi naminə əllərindən gələni əsirgəməyiblər. Göygöl və Ağstafa rayonlarının ağsaqqallarının fəaliyyətini yüksək dəyərləndirən natiqlər konfransların işinə uğurlar arzulayıblar.
Sonra konfranslarda gündəlikdə olan məsələlər müzakirəyə çıxarılıb. Qeyd olunub ki, gündəlikdəki əsas məsələlər dünyasını dəyişən sədrlərin yerinə yeni sədrlərin, həmçinin İdarə Heyətinin üzvlərinin seçilməsidir.
Konfranslarda çıxış edənlər tərəfindən Göygöl Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsinə Ələddin Qurbanovun, Ağstafa Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsinə isə Sənan Mustafayevin namizədliyi irəli sürülüb. Vurğulanıb ki, hər iki ağsaqqal dövlətimiz qarşısında dəyərli xidmətləri, eləcə də rayonda yüksək nüfuzu, böyük hörməti olan şəxslərdir və bu vəzifələrə ən layiqli namizədlər hesab edilirlər. Sonra açıq səsvermə yolu ilə Ələddin Qurbanov Göygöl Rayon Ağsaqqallar Şurasına, Sənan Mustafayev isə Ağstafa Rayon Ağsaqqallar Şurasına sədr seçilib. Daha sonra İdarə Heyətlərinə rayonların nüfuzlu ağsaqqallarının, ziyalılarının, eləcə də ictimai aktiv qadınların namizədliyi irəli sürülüb. Açıq səsvermə yolu ilə rayonlarının Ağsaqqallar Şuralarının yeni İdarə Heyətləri formalaşdırılıb.
Konfranslarda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın qərb regionu üzrə kuratoru Bayram Yusifov öz nitqində tədbir iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayıb. Yeni seçilən sədrləri və İdarə Heyətlərinin üzvlərini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin işıqlı yolunu yüksək səviyyədə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizdə inkişaf və sabitlik hökm sürür. Natiq bu inkişaf prosesində ağsaqqalların da yaxından iştirak etdiyini vurğulayaraq ağsaqqallıq institutunun qədim tarixindən söz açıb. Azərbaycanda tarix boyu böyük nüfuz sahibi olan ağsaqqallarımızdan cəmiyyətimizin daha təsirli və səmərəli fəaliyyət gözlədiyini qeyd edib. Vurğulayıb ki, insanlığa xas olan bütün müsbət keyfiyyətləri özündə cəmləyən nüfuzlu şəxsiyyətlərin – ağsaqqalların həyat təcrübəsindən, bilik və bacarığından dövlətimizin, dövlətçiliyimizin inkişafı, gənclərimizin hərtərəfli və əsaslı şəkildə maarifləndirilməsi üçün maksumum istifadə olunmalıdır. Bayram Yusifov yeni rayon sədrlərini, üzvləri, ağsaqqalları daha fəal olmağa çağıraraq bildirib ki, bu gün cəmiyyətimizdə, təəssüflər olsun ki, boşanmaların sayı gündən-günə çoxalır, bəzi bölgələrdə hələ də erkən nikahlar bağlanır, gənclərimizdə zərərli vərdişlərə, narkomaniyaya, siqaretə aludəçilik problemləri artır. Bütün bu və digər mənfi hallara qarşı cəmiyyətimiz birlikdə mübarizə aparmalıdır və biz ağsaqqallar hər zaman öndə olmalıyıq. O, xüsusilə təhsil müəssisələrində tədbirlərin sayının və effektinin yüksəldilməsini zəruri hesab edərək bildirib ki, ağsaqqallarımız gənclərimzdən öz öyüd və nəsihətlərini, məsləhətlərini heç zaman əsirgəməməli, maarifləndirici işlərini davamlı surətdə həyata keçirməlidirlər.
Daha sonra Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və digər iştirakçılar da hər iki təşkilatın yeni seşilmiş sədrlərini, İdarə Heyətlərinin üzvlərini təbrik edərək onlara məsuliyyətli və şərəfli vəzifələrində uğurlar arzulayıblar. Əmin olduqlarını bildiriblər ki, ağsaqqallar bundan sonra da rayonların ictimai-siyasi və mədəni həyatında aktiv iştirak edəcək, xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, əxlaqi normaların və sağlam həyat tərzinin təbliğinə, eləcə də gənclər arasında vətənpərvərlik hissinin gücləndirilməsinə böyük töhfələr verəcəklər.
Konfransların sonunda Göygöl Rayon Ağsaqqallar Şurasının sədri Ələddin Qurbanov və Ağstafa Rayon Ağsaqqallar Şurasının sədri Sənan Mustafayev çıxış edərək onlara göstərilən yüksək etimada görə minnətdarlıqlarını bildiriblər. Rayon təşkilatlarının fəaliyyətini daha aktiv və səmərəlı davam etdirmələri üçün bilik və təcrübələrini əsirgəməyəcəklərini vurğulayıblar.












