Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun iştirakı ilə Şuranın Şəmkir, Gəncə və Tovuz təşkilatlarında hesabat konfransları keçirilib

Şəhər və rayon Ağsaqqallar Şuralarında təşkilatların son dövrdəki fəaliyyətləri ilə bağlı hesabat konfranslarının keçirilməsi davam edir. Növbəti dəfə sentyabr ayının 24-də Şəmkirdə hesabat-seçki konfransı, 25-də isə Gəncə və Tovuzda hesabat konfransları təşkil olunub.

Konfranslarda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın qərb bölgəsi üzrə kuratoru Bayram Yusifov, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, Şəmkir Rayon Ağsaqqallar Şurasının sədri Bilal Məmmədov, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədov, Tovuz Rayon Ağsaqqallar Şurasının sədri Məzahir Bayramov, eləcə də ağsaqqallar, ziyalılar, şəhid valideynləri, gənclər və ictimaiyyətin digər nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Konfranslarda Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin və hesabat dövründə dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Giriş nitqi ilə çıxış edən rayon  və şəhər icra hakimiyyətlərinin rəhbərləri Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovu və digər tədbir iştirakçılarını salamlayaraq ölkəmizin  ictimai-siyasi və mədəni həyatında ağsaqqalların göstərdikləri dəyərli xidmətlərdən bəhs ediblər. Bildiriblər ki, cəmiyyət həyatında ənənələrin və mənəvi dəyərlərin yaşadılmasında xüsusi mövqeyə malik olan ağsaqqalların həyat təcrübəsi və mövcud ictimai proseslərə yanaşması müxtəlif nəsillər arasında əlaqələrin möhkəmlənməsinə, milli-mənəvi irsin qorunmasına və cəmiyyətin mənəvi bütövlüyünün təmin olunmasına mühüm töhfə verir. Natiqlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə yaşlı nəslə göstərilən qayğının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu diqqətə çatdıraraq ağsaqqallara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Sonra Şəmkir Rayon Ağsaqqallar Şurasının sədri Bilal Məmmədovun, Gəncə Şəhər Ağsaqqallar Şurası sədrinin birinci müavini Zabit Xəlilovun və Tovuz Rayon Ağsaqqallar Şurasının sədri Məzahir Bayramovun hesabat dövrü ərzində görülən işlər və qarşıda duran vəzifələr barəsində məruzələri dinlənilib. Qeyd olunub ki, Azərbaycan Ağsaqqallar Şurasının yerli təşkilatları tərəfindən mütəmadi olaraq gənclərimizin maariflənməsinə, əlamətdar və tarixi günlərə,  cəmiyyətimizdə milli-mənəvi dəyərlərin təşviqinə və bir çox digər aktual məsələlərə həsr olunmuş tədbirlər, şəhid ailələri və qazilərlə, o cümlədən ali və orta məktəblərdə tələbə və şagirlərlə  görüşlər keçirilib. İcra Hakimiyyətləri, habelə YAP, Qərbi Azərbaycan İcması və Veteranlar Təşkilatının yerli qurumları ilə əməkdaşlıq daha da artırılıb, birgə fəaliyyət proqramları çərçivəsində bir sıra işlər həyata keçirilib. Natiqlər, həmçinin, şəhər və rayonlarımızda mövcud olan çatışmazlıqlara, problemlərə qarşı da təşəbbüslər irəli sürdüklərini, o cümlədən ölkəmizdə keçirilən yas mərasimlərində yol verilən israfçılıq və digər məsələlərlə bağlı təkliflərlə çıxış etdiklərini və bu təkliflərin müvafiq qurumlar, eləcə də əhali tərəfindən dəstəklənərək zəruri tədbirlərin həyata keçirildiyini konfrans iştirakçılarının diqqətinə çatdırıblar. Sonda vurğulayıblar ki, hər zaman dövlət başçısı cənab İlham Əliyevi ürəkdən dəstəkləyən, respublikamızın gələcək uğurlarının təntənəsinə, Vətənimizin çiçəklənməsinə çalışan, qədirbilən xalqımızın önündə gedən şəhər və rayon ağsaqqalları ölkəmizin gələcək inkişafı naminə bundan sonra da var qüvvələrini əsirgəməyəcəklər.

Konfranslarda ağsaqqallar, ziyalılar, şəhid valideynləri və digər natiqlər də çıxış edərək təşkilat üzvlərinin, müdrik ağsaqqallarımızın bu ahıl vaxtlarında böyük əzmkarlıqla həyata keçirdikləri işlərdən, onların hərtərəfli fəaliyyətlərindən bəhs ediblər. Həmçinin ölkəmizin hər bir bölgəsində ağsaqqallara ayrılan diqqət və qayğıya, o cümlədən şəhər və rayonlarımızda belə yüksək səviyyəli tədbirlərin keçirilməsinə görə öz minnətdarlıqlarını ifadə ediblər.

Konfranslarda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından tədbir iştirakçılarını salamlayaraq növbəti dəfə qərb bölgəsinin ağsaqqalları ilə görüşməkdən və onları belə gümrah görməkdən məmnun olduğunu bildirib. Öz nitqində ağsaqqallıq institutunun qədim tarixindən bəhs edən natiq hazırda ölkəmizdə ağsaqqalların böyük nüfuz və hörmət sahibi olduqlarını vurğulayıb. Qeyd edib ki, Azərbaycan Ağsaqqallar Şurasının respublikamızın 80 şəhər və rayon təşkilatında fəaliyyət göstərən 35 mindən çox üzvü bu gün ağsaqqallıq missiyalarını uğurla həyata keçirirlər. Şura, həmçinin, Türk dünyasında, eləcə də Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasında yüksək səviyyədə təmsil olunur. Bayram Yusifov Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı möhtəşəm Zəfər nəticəsində işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən də söz açıb. Bildirib ki, fenomen şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, dövlət başçısı cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərdikləri yüksək səylər sayəsində Qarabağımızla yanaşı, Vətənimizin hər bir guşəsi gündən-günə daha da gözəlləşir və inkişaf edir. Bu gün dünyanın hər yerindən qalib Azərbaycan qüdrətli görünür, hörmətlə qarşılanır. Biz bunu möhtərəm Prezidentimizin xarici ölkələrə səfərləri, beynəlxalq tədbirlərdə iştirakı zamanı dünya liderlərinin cənab İlham Əliyevə olan yüksək münasibətində görürük və bu, bizi sonsuz qürurlandırır. Bayram Yusifov Azərbaycan tarixində böyük əhəmiyyətə malik 27 sentyabr – Anım Gününün yaxınlaşdığını vurğulayaraq bir daha uca Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyib. Qeyd edib ki, bu gün hamımız bizə bu möhtəşəm tarixi, böyük Zəfəri və nailiyyətləri yaşadan qalib Liderimizin, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında daha sıx birləşməli və uğurlarımızın davamlı olmağı üçün əlimizdən gələni əsirgəməmliyik. Çıxışının sonunda hesabat dövrü ərzində görülən işləri ümumilikdə qənaətbəxş qiymətləndirən Bayram Yusifov bütün müsbət keyfiyyətlərin daşıyıcıları olan müdrik ağsaqqallarımıza daha da ictimai fəal olmağı və öz dəyərli fəaliyyətlərini davamlı həyata keçirməyi tövsiyə edib, çünki cəmiyyətimizin onlardan gözləntiləri çoxdur. Müasir dövrümüzün bəlası olan narkomaniyanın, boşanmaların və cəmiyyətimizdəki digər neqativ halların qarşısını almaq, süni intellekt əsrində gənclərimizi qorumaq üçün ağsaqqal sözünə, bilik və təcrübəsinə böyük ehtiyac vardır. Natiq bu şərəfli yolda ağsaqqallara möhkəm cansağlığı və iş avandlığı arzulayıb.

Şəmkirdə keçirilən hesabat-seçki konfransında təşkilati məsələlər də müzakirə olunub. Rayon Ağsaqqallar Şurasının səlahiyyət müddəti başa çatan sədri, İdarə Heyəti və Təftiş Komissiyalarına seçki keçirilib. Rayon təşkilatının sədri vəzifəsinə yenidən Bilal Məmmədovun namizədliyi irəli sürülüb. Keçirilən açıq səsvermə yolu ilə o, Şəmkir Rayon Ağsaqqallar Şurasının sədri seçilib. Sonra isə sədrin təqdimatı ilə rayonun nüfuzlu ağsaqqalarından ibarət İdarə Heyəti və Təftiş Komissiyası formalaşdırılıb.

Gəncə Şəhər Ağsaqqallar Şurasının hesabat konfransında təşkilatın sədri, professor Nurəddin Məmmədov bu yaxınlarda Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, proffessor Eldar Quliyevin 75 illik yubileyinin tamam olduğunu xatırladaraq bu münasibətlə Şuranın sədr müavini Bayram Yusifovun nəzarət etdiyi 12 şəhər və rayon təşkilatı tərəfindən birgə təbrik ünvanının hazırlandığını qeyd edib. Həmin ünvanı xalqımızın dərin hörmət və sevgisini qazanan müdrik ağsaqqal, alicənab şəxsiyyət və dəyərli alim Eldar Quliyevə çatdırması üçün Bayram Yusifova təqdim edib. Konfransda, həmçinin, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun 70 illik yubileyi münasibətilə şəhər ağsaqqalları tərəfindən hazırlanmış təbrik ünvanı İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlova təqdim olunub. Tədbirin sonunda Gəncə Şəhər Ağsaqqallar Şurasının fəaliyyətində fərqlənmiş bir qrup şəxs Təşəkkürnamələrlə təltif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.