Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov və Aparat rəhbəri Ramin Həsənli 3 fevral 2026-cı ildə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Gənclər Günü”nə həsr olunmuş “Ümummilli Lider və gənclər siyasəti” mövzusunda keçirilmiş konfransda iştirak ediblər.
Konfransdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov ölkə gənclərini təbrik edib, Ümummilli Lider Heydər Əliyev və Prezident cənab İlham Əliyevin gənclərə olan münasibətindən, onlara göstərdiyi diqqət və qayğıdan söz açıb: “Öncə bütün gəncləri Gənclər Günü münasibətilə təbrik edir, onların hər birinə uğur və müvəffəqiyyət arzulayıram. Bizim üçün qürurvericidir ki, bu gün biz qalib gənclərlə bir yerdəyik. Bu gün Azərbaycan gəncləri öz vətənpərvərliyi, milli-mənəvi dəyərlərə bağlılığı, elmi-intellektual potensialı, ən müxtəlif sahələrdə əldə etdikləri uğurlarla bütün dünyada tanınmaqda, sevilməkdədir. Bütün bunlar Azərbaycan gəncliyinin mübarizliyindən, zəhmətkeşliyindən, novatorluğundan xəbər verir. Bu bir tarixi həqiqətdir ki, Azərbaycan gəncləri hər zaman dövlətin diqqət və qayğısını öz üzərində hiss edib, bu qayğı sayəsində uğur və inkişaf yolunda qətiyyətlə addımlayıblar. Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə 1997-ci ildən etibarən hər il 2 fevral tarixinin Gənclər Günü kimi qeyd edilməsi dövlətimizin ölkə gəncliyinə verdiyi önəm və diqqətin təzahürüdür.
Prezident cənab İlham Əliyev də hər zaman gənclərə diqqət göstərib, onların xarici ölkələrdə təhsil almalarına, özlərini elm, idman və s. sahələrdə daha yaxşı inkişaf etdirmələrinə şərait yaradıb. Bu gün Azərbaycanda dövlət idarəçiliyində xeyli sayda gənc təmsil olunur ki, bunun özü Prezidentimizin gənclərə olan inam və etimadından, ölkəmizin gənclərlə bağlı siyasətindən xəbər verir. Azərbaycan gənclərinin 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq, qələbəmizə verdiyi tarixi töhfə hər zaman Müzəffər Ali Baş Komandan tərəfindən təqdirlə qarşılanıb, dövlət başçısı öz çıxışlarında bu mövzuya xüsusi önəm verib.”
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov da öz çıxışında gənc nəsli Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edərək Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan bu əlamətdar tarixdən ətraflı söz açıb. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə ölkə gənclərinin yüksək savada, dünyagörüşünə, təhsilə sahib olması və tərəqqisi üçün mötəbər qərarlar verdiyini, gənclər siyasətinin dövlətin əsas prioritet sahələrindən biri kimi yaranmasının və inkişafının əsasını qoyduğunu vurğulayıb. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ölkəmizdə gənclər siyasətinin uğurla davam etdirildiyini bildirib. Qeyd edib ki, gənclərimiz Azərbaycanın beynəlxalq təmsilçiliyində də fəal iştirak edir, elm, yaradıcılıq, iqtisadiyyat, sosial, ekoloji və müxtəlif sahələrdə rəqabətyönümlü uğurlar qazanırlar. Vahid Novruzov çıxışı zamanı millət vəkili, professor Eldar Quliyevin sədrliyi ilə Azərbaycan Ağsaqqallar Şurası tərəfindən gənclər arasında vətənpərvərlik hissinin gücləndirilməsi, onlara milli-mənəvi dəyərlərin aşılanması və vətəndaş məsuliyyətinin artırılması üçün zəruri tədbirlərin həyata keçirildiyini, bir sıra əhəmiyyətli görüşlərin və layihələrin reallaşdırıldığını vurğulayıb. Bildirib ki, bu gün Azərbaycan ağsaqqalları cəmiyyətimizin hər bir nümayəndəsinin, xüsusilə ilə də gənclərimizin maariflənməsi, cəmiyyət üçün layiqli vətəndaş kimi tərbiyə alması və daha parlaq gələcəyə malik olmaları üçün əllərindən gələni əsirgəmir, ölkəmizin müstəqilliyi və tərəqqisi uğrunda vətənpərvər mübarizlərin yetişməsində yaxından iştirak edir, gənclərimizin milli-mənəvi ruhda böyüməsində böyük rol oynayırlar.
Daha sonra tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru, filologiya elmləri doktoru, professor Afət Abbasova, AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru, professor Sudeif İmamverdiyev, Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsinin dekanı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Murtəza Həsənov, filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf xanım Cəlilli və başqaları dövlətimizin gənclərə olan diqqət və qayğısından söz açıblar, 44 günlük Vətən müharibəsində Azərbaycan gəncliyinin tarixi qəhrəmanlığa imza atdığını bildiriblər. Natiqlər qeyd ediblər ki, bu gün dövlətin idarə edilməsində, milli maraqlarımızın müdafiəsində yaxından iştirak edən Azərbaycan gəncləri bundan sonra da xalqa və dövlətə sədaqətlə xidmət etməkdə davam edəcək, hər zaman Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşməklə respublikamızın tərəqqisinə töhfə verəcəklər.
Tədbirin sonunda bir qrup gənc Fəxri Fərmanla təltif olunub.






