Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Bəhreyn, BƏƏ və Omanda səfərdə olub

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev yanvarın 25-dən 30-na qədər Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyətininin tərkibində Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Omanda səfərdə olub.
Bəhreyn Krallığına səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova və nümayəndə heyəti bu ölkənin Şura Məclisinin sədri Əli bin Saleh Al Saleh, Nümayəndələr Şurasının sədri Əhməd bin Salman Al-Musalam və Kral Həməd bin İsa Al Xəlifə ilə görüşüb. Səmimi şəraitdə keçən görüşlər zamanı Azərbaycan-Bəhreyn münasibətlərinin dostluq, qarşılıqlı etimad və hörmət üzərində qurulduğu ifadə edilib, ölkələrimiz arasında mövcud olan siyasi əlaqələrin digər sahələrdə, o cümlədən iqtisadi, investisiya, turizm sahələrində geniş əməkdaşlıq imkanları yaratdığı bildirilib. Görüşlərdə qarşılıqlı maraq doğuran digər mövzularda da fikir mübadiləsi aparılıb. Səfər zamanı Azərbaycan Milli Məclisi ilə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi Miilli Məclisin sədri Sahibə Qafarova və Bəhreyn Nümayəndələr Şurasının sədri Əhməd bin Salman Al Musalam imzalayıblar. Bəhreyn Krallığında işgüzar səfərdə olarkən Milli Məclisin sədri Sahibə Qafarova, həmçinin, Asiya Parlament Assambleyasının (APA) 16-cı plenar sessiyasında çıxış edib. Azərbaycanın APA-ya sədrliyi zamanı görülən işlər barədə məlumat verən spiker Sahibə Qafarova öz çıxışında həmin dövrdə təşkilatın parlament diplomatiyasında rolunun və beynəlxalq müstəvidə nüfuzunun artırılması məsələlərinə də toxunub. O, APA-ya üzv olan bütün ölkələri bu ilin mayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunda fəal iştirak etməyə dəvət edib.
APA-da sədrlik rəsmi olaraq Bəhreyn Krallığının Nümayəndələr Şurasına təhvil verilib.
Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığına işgüzar səfəri çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Federal Milli Şurasının sədr müavini Tariq Humaid Al Tayer ilə də görüşüb.
Milli Məclisin sədri Sahibə Qafarova Aralıq Dənizi Parlament Assambleyasının (ADPA) Qadın Parlament Forumunun 2-ci Sessiyasında iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib və Əbu-Dabidə keçirilən Forumun Sessiyasının açılış mərasimində çıxış edib. Çıxışı zamanı vurğulayıb ki, gender bərabərliyinə və qadınların səlahiyyətləndirilməsinə xüsusi önəm verilməsi Assambleyanın ümumi məqsədlərə nail olmaq naminə kollektiv fəaliyyətə davamlı sadiqliyinin bariz nümunəsidir.
Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində bu ölkənin Federal Milli Şurasının sədri Saqr Qobaş və Aralıq Dənizi Parlament Assambleyasının (ADPA) sədri Cülio Çentemero ilə görüşüb, səmərəli fikir mübadiləsi aparıb.
Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 28-də Oman Sultanlığında da rəsmi səfərdə olub. Səfər çərçivəsində bu ölkənin Şura Məclisinin sədri Şeyx Xalid bin Hilal Al Mavali, Dövlət Şurasının sədri Şeyx Əbdülməlik Al Xəlili və Xarici işlər naziri Bədr əl-Busaidi ilə görüşüb. Görüşlərdə ölkələrimiz arasında dostluq, qarşılıqlı hörmət və anlayışa əsaslanan ikitərəfli münasibətlərin mövcudluğu vurğulanıb, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Milli Məclisin sədri Sahibə Qafarova və parlament nümayəndə heyəti Oman Sultanlığına rəsmi səfəri çərçivəsində bu ölkənin paytaxtı Məsqət şəhərində Azərbaycan Respublikasının səfirliyində olub. Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyduqdan sonra səfirlik əməkdaşları ilə görüşərək, onlar üçün yaradılmış iş şəraiti ilə tanış olublar.
Spiker Sahibə Qafarova səfirlikdə xatirə kitabına öz ürək sözlərini yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.