Azərbaycan Ağsaqqallar Şurasının şəhər və rayon təşkilatlarının üzvləri 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar ənənəvi olaraq ölkəmizin bütün bölgələrində keçirilmiş tədbirlərdə yaxından iştirak ediblər.
Şəhər və rayonlarda keçirilmiş tədbirlərdə ağsaqqallar digər ictimaiyyət nümayəndələri ilə birlikdə Şəhidlər Xiyabanını və 20 Yanvar faciəsi qurbanlarına ucaldılmış abidələri ziyarət edərək önünə gül dəstələri düzüblər, soyqırımda qətlə yetirilənlərin əziz xatirəsini ehtiramla anıblar. Anım mərasimləri konfrans və tədbirlərlə, həmçinin ehsan süfrələri ilə davam edib. Azərbaycan Ağsaqqallar Şurasının şəhər və rayon təşkilatlarının üzvləri ilə yanaşı, mərasimlərdə şəhid ailələrinin üzvləri, qazilər, İcra hakimiyyətlərinin, YAP-ın yerli təşkilatlarının, hüquq-mühafizə orqanlarının, digər idarə, müəssisə və təşkilatların nümayəndələri, gənclər iştirak ediblər.
Tədbirlərdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin, eləcə də 20 Yanvar faciəsi zamanı həlak olan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Anım tədbirlərində çıxış edən ağsaqqallar bildiriblər ki, 20 Yanvar faciəsi qurbanları – öz şəhadətləri ilə xalqımıza azadlıq, müstəqillik gətirən şəhidlərimiz mübarizliyin, zülmə etirazın simvoluna çevriliblər. 20 Yanvar günü Azərbaycan xalqının tarixinin faciəli, kədərli səhifəsi olduğu kimi, eyni zamanda qəhrəmanlıq, rəşadət səhifəsidir. Natiqlər, həmçinin, vurğulayıblar ki, Ümummilli Lider Heydər Əliyev təhlükələrdən çəkinməyərək sovet hakimiyyətinin “20 Yanvar” cinayətinə etiraz edərək Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. Bu gün 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri Ulu Öndər Heydər Əliyev tərəfindən uzaqgörənliklə formalaşdırılan dövlət siyasətimizi uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yüksək diqqət və qayğısını hiss edirlər.


















