Azərbaycan Ağsaqqallar Şurasının şəhər və rayon təşkilatlarının üzvləri Ulu Öndər Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar ölkəmizin bütün bölgələrində keçirilmiş tədbirlərdə yaxından iştirak ediblər.
Şəhər və rayonlarda keçirilmiş anım tədbirlərində ağsaqqallar digər ictimaiyyət nümayəndələri ilə birlikdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər, əziz xatirəsini ehtiramla yad ediblər. Anım mərasimləri konfrans və tədbirlərlə, həmçinin ehsan süfrələri ilə davam edib. Azərbaycan Ağsaqqallar Şurasının şəhər və rayon təşkilatlarının üzvləri ilə yanaşı, mərasimlərdə İcra hakimiyyətlərinin, YAP-ın yerli təşkilatlarının, hüquq-mühafizə orqanlarının və digər idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimlərdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Ümummilli Liderin əziz xatirəsinə, ruhuna müqəddəs kitabımız “Qurani Kərim”dən ayələr və “Yasin” surəsi oxunub, dualar edilib. Anım tədbirlərində çıxış edən ağsaqqallar Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının tarix boyu yetişdirdiyi təkrarsız və nadir şəxsiyyət olmasından, bütün həyatını fövqəladə bacarıq, əzmkarlıq və böyük inamla Vətənə xidmətə həsr etməsindən, ölkəmizi işıqlı gələcəyə aparan uğurlu siyasətindən bəhs ediblər. Bugünkü azad, müstəqil, iqtisadi cəhətdən inkişaf etmiş, qüdrətli Azərbaycan Respublikasını dahi şəxsiyyətin şah əsəri olaraq səciyyələndiriblər. Allahdan Ümummilli Liderə rəhmətlər diləyiblər. Natiqlər, həmçinin, Ulu Öndər Heydər Əliyevin işıqlı yolunu böyük uğurla davam etdirən, bizi möhtəşəm Zəfərə qovuşduran Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə əldə etdiyi yüksək nailiyyətlərdən söz açıblar. Vurğulayıblar ki, daim Ümummilli Lider Heydər Əliyevin zəngin mənəvi irsini, milli dövlətçilik ideyalarını cəmiyyətə, xüsusilə gənclərə aşılayan ağsaqqallar bundan sonra da üzərlərinə düşən vəzifələri həyata keçirmək üçün bilik və bacarıqlarını əsirgəməyəcəklər.
Tədbirlərdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarxlar da nümayiş olunub.




























