Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ad günüdür. Bu münasibətlə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Şuranın çoxsaylı üzvləri adından Mehriban xanımı təbrik edib. Təbrikdə deyilir:
Hörmətli Mehriban xanım!
Sizi – zəriflik, xeyirxahlıq, yüksək intellekt, mənəvi saflıq, gözəllik və ülvilik rəmzi olan alicənab bir şəxsiyyəti, doğma Azərbaycanımızın tərəqqisi naminə dövlətimizə və xalqımıza misilsiz xidmətlər göstərən vətənpərvər ictimai-siyasi xadimi Ad Gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, ailə səadəti, hər zaman gözəl əhvali-ruhiyyə, sevincli günlər və dəyərli fəaliyyətinizdə davamlı uğurlar arzulayırıq!
Siz bu gün cəmiyyətimizdə və beynəlxalq aləmdə yorulmaz fəaliyyətiniz, yüksək mədəniyyətiniz, humanizminiz, güclü təşkilatçılıq və idarəçilik qabiliyyətinizlə böyük nüfuz qazanmısınız. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycanın birinci xanımı, Müzəffər Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sədaqətli ömür-gün və ən yaxın mübarizə yoldaşı, Heydər Əliyev Fondunun prezidenti, ISESCO-nun xoşməramlı səfiri olaraq Siz Vətənimizin dünyada tanıdılmasına, dövlət siyasətinin uğurla həyata keçirilməsinə, elmimizin, təhsilimizin, mədəniyyətimizin və idmanımızın inkişafına əvəzsiz töhfələr verirsiniz. Şəhid ailələrinin üzvləri, qazilər, ağsaqqallar, ağbirçəklər, köməyə ehtiyacı olan bütün vətəndaşlarımız hər sahədə qayğıkeş və doğma bir insan kimi daim Sizin diqqətinizi, qayğınızı və dəstəyinizi hiss edirlər. Şərəfli və fədakar ömür yolunuz, yüksək fəaliyyət əzminiz Azərbaycan gəncliyi üçün bir örnəkdir. Gözəl ana və nəvazişli nənə olaraq vətənpərvər və dəyərli övladlar, nəvələr yetişdirmisiniz.
Səmərəli və çoxşaxəli fəaliyyətinizə görə dəfələrlə respublikamızın, xarici ölkələrin, beynəlxalq təşkilatların nüfuzlu mükafatlarına, “Heydər Əliyev” ordeni kimi Azərbaycanın ən ali dövlət təltifinə layiq görülübsünüz. Lakin tam əminliklə deyə bilərik ki, ən böyük mükafatınız qədirbilən xalqımızın Sizə olan sonsuz sevgisi və ehtiramıdır.
Hörmətli Mehriban xanım!
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevlə birlikdə xalqımıza xoşbəxt həyat və böyük qələbələr yaşatdığınıza görə Sizə öz dərin minnətdarlığımızı bildirir və bir daha Sizi Vətənimizin çiçəklənməsinə həsr etdiyiniz dəyərli ömrünüzün əlamətdar və xoş günü olan Ad Gününüz, Yubileyiniz münasibətilə ürəkdən təbrik edirik! Ölkəmizin inkişafına istiqamətlənmiş məsuliyyətli və şərəfli fəaliyyətinizdə Sizə yeni-yeni nailiyyətlər, tükənməz enerji, xoşbəxtlik və əmin-amanlıq diləyirik!
Uca Allah Sizi və ailənizi qorusun!
Dərin hörmət və səmimiyyətlə,
Azərbaycan Ağsaqqallar Şurasının çoxsaylı
üzvləri adından Şuranın sədri,
millət vəkili, professor Eldar QULİYEV