Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Nəriman Həsənzadə ilə vida mərasimində iştirak ediblər

Avqust ayının 2-də Beynəlxalq Muğam Mərkəzində müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, “Heydər Əliyev” mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar incəsənət xadimi, Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilib.

Vida mərasimində Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, həmçinin Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, İdarə Heyətinin üzvləri – AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, akademik Arif Həşimov, professor İbrahim Quliyev, Xətai Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov,  Sabunçu Rayon Ağsaqqallar Şurasının sədri Vəli Səfərov, mətbuat katibi Rafiq Rzayev və başqaları iştirak ediblər.

Mərhumun cənazəsi Beynəlxalq Muğam Mərkəzinin matəmsayağı bəzədilən səhnəsində postament üzərinə qoyulmuşdu. Postamentin ətrafına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, dövlət və hökumət təşkilatları adından əklillər düzülmüşdü.

Xalq şairi Nəriman Həsənzadənin həmkarları, dostları, tanınmış mədəniyyət və incəsənət xadimləri, mərhumun sənətini sevənlər mərkəzin binasına gələrək, Azərbaycan poeziyasının görkəmli nümayəndəsinə son borclarını yerinə yetiriblər.

Vida mərasimində əvvəlcə Nəriman Həsənzadənin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən Mədəniyyət nazirinin müavini Səadət Yusifova Mədəniyyət naziri Adil Kərimlinin adından mərhumun ailə üzvlərinə və yaxınlarına başsağlığı verib. Bildirib ki, böyük söz ustası olan Nəriman Həsənzadə bütün yaradıcılıq fəaliyyəti boyunca milli-mənəvi dəyərlərimizin yorulmaz tərənnümçüsü və təbliğatçısı olub. Onun poeziyasının qayəsi vətənsevərlik, humanizm ideyalarından ibarətdir. Səadət Yusifova görkəmli şairin Azərbaycan ədəbiyyatının və mədəniyyətinin inkişafındakı mühüm xidmətlərinin dövlətimiz tərəfindən daim yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, o, müxtəlif illərdə “Əməkdar incəsənət xadimi”, “Xalq şairi” fəxri adlarına, “Şöhrət”, “Şərəf”, “İstiqlal”, “Heydər Əliyev” ordenlərinə və “Heydər Əliyev” mükafatına layiq görülüb. Görkəmli ədib 2002-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.

Vida mərasimində çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, AMEA-nın  prezidenti, akademik İsa Həbibbəyli, Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu, Xalq şairi Vahid Əziz Nəriman Həsənzadənin zəngin yaradıcılığından, Azərbaycan ədəbiyyatına verdiyi dəyərli töhfələrdən danışıblar.

Çıxışlarda Nəriman Həsənzadənin təkcə böyük şair və dramaturq deyil, həm də yüksək mənəvi keyfiyyətlərə malik ziyalı, dövlətçilik və azərbaycançılıq ideallarına sədaqətlə xidmət edən ictimai xadim olduğu bildirilib. Onun fəal təşəbbüslərlə çıxış etdiyi, gənc yazıçı və şairlərə daim dəstək göstərdiyi, “Ədəbiyyat və incəsənət” qəzetinə rəhbərlik etdiyi dövrün milli mətbuat tarixində mühüm mərhələ təşkil etdiyi vurğulanıb. Natiqlər Nəriman Həsənzadənin nəzakəti, insanpərvərliyi və zəngin ədəbi irsi ilə xalqın yaddaşında əbədi yaşayacağını bildirərək, xatirəsini dərin ehtiramla anıblar.

Ailə üzvləri adından çıxış edən oğlu Nazim Həsənzadə atasının yaradıcılığına hər zaman böyük diqqətlə yanaşan ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Sonra Xalq şairi Nəriman Həsənzadənin cənazəsi Beynəlxalq Muğam Mərkəzinin binasından qaldırılaraq Fəxri Xiyabana gətirilib. Burada mərhumun ruhuna dualar oxunub. Böyük ədibin cənazəsi torpağa tapşırılıb. Məzarı üzərinə əklillər, gül dəstələri düzülüb.

Görkəmli şair və müdrik ağsaqqal Nəriman Həsənzadənin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.