Fevral ayının 26-da Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.
Ziyarətdə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev, sədrin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov, müavinlər – Bayram Yusifov, professor Vahid Novruzov, İdarə Heyətinin üzvləri – millət vəkili, professor Aqiyə Naxçıvanlı, akademik Abel Məhərrəmov, professorlar Şəmsəddin Hacıyev və İbrahim Quliyev, Şuranın Aparat rəhbəri Ramin Həsənli, baş məsləhətçi-hüquqşünas Kamal Əliyev, məsləhətçi Zahid Abbasov, şəhid valideynləri – Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov və Xətai Rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov, həmçinin Bakı şəhərinin digər rayonlarının Ağsaqqallar Şuralarının sədrləri iştirak ediblər.
Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Xocalı soyqırımı abidəsinin önünə gül dəstələri düzərək, faciə qurbanlarının əziz xatirələrini ehtiramla anıblar, Allahdan bütün şəhidlərimizə rəhmət diləyiblər.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev ziyarət zamanı bildirib ki, 32 il bundan əvvəl dünyanın gözü qarşısında törədilən və beynəlxalq ictimaiyyətin səssiz qaldığı Xocalı soyqırımını, bu bəşəri cinayəti unutmadıq və unutmayacağıq. Lakin bu gün biz kədər hissi ilə yanaşı, qürur hissi də keçiririk. Rəşadətli Ordumuz Xocalı faciəsi qurbanlarının və bütün şəhidlərimizin qisasını alaraq, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımızı düşməndən azad etdi, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyimizi bərpa etdi. Bu gün Qarabağımızda, azad edilmiş bütün torpaqlarımızda, o cümlədən Xocalıda Azərbaycanın Zəfər salnaməsinin rəmzi olaraq üçrəngli Dövlət Bayrağımız dalğalanır.






