Bərdə Rayon Ağsaqqallar Şurası tərəfindən növbəti dəfə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Heydər Əliyev adına park-bulvarda 5-ci “Kitab Günü” bayramı qeyd edilib.
Rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Ulu Öndər Heydər Əliyevin və xalqımızın azadlığı, dövlətimizin suverenliyi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Bərdə Rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov və digər natiqlər Ümummilli Lider Heydər Əliyevin zəngin və mənalı həyatından, Azərbaycan xalqının bu günü və xoşbəxt gələcəyi naminə misilsiz xidmətlərindən, kitaba verdiyi yüksək dəyərdən bəhs ediblər. Həmçinin bilik mənbəyi olan kitabın əhəmiyyətindən danışıblar, yeniyetmə və gəncləri mütaliə etməyə çağırıblar.
Rayon sakinlərinin, o cümlədən ümumtəhsil məktəblərinin müəllim və şagirdlərinin də iştirak etdiyi kitab sərgisində müxtəlif sahələri əhatə edən, o cümlədən Ulu Öndər Heydər Əliyevdən bəhs edən 3 min nüsxəyə yaxın nəşr nümayiş olunub.
Açıq havada sərgilənən kitablar rayon sakinlərinə hədiyyə edilib. Tədbirin bədii hissəsində şeirlər səsləndirilib, rəqslər, mahnılar ifa edilib.
Sərgi rayon ictimaiyyətinin marağına səbəb olub və böyük razılıqla qarşılanıb.