Xəbərlər

Bərdə, Tərtər və Goranboy rayonlarının Ağsaqqallar Şuralarının hesabat-seçki konfransları keçirilib

Sentyabr ayının 23-də Azərbaycan Ağsaqqallar Şurasının Bərdə, Tərtər və Goranboy rayon təşkilatlarında hesabat-seçki konfransları keçirilib.

Konfranslarda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili Ağalar Vəliyev, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, həmçinin ağsaqqallar, ziyalılar, şəhid ailələrinin üzvləri, qazilər, gənclər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Konfranslarda Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin və hesabat dövrü ərzində dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Rayonların icra hakimiyyətlərinin başçıları öz çıxışlarında Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili Ağalar Vəliyevi və tədbir iştirakçılarını salamlayaraq ağsaqqalların rayonların ictimai-mədəni həyatındakı əhəmiyyətli rolundan, onların aktiv fəaliyyətlərindən, həmçinin dövlətimiz tərəfindən yaşlı nəslin nümayəndələrinə göstərilən diqqət və qayğıdan danışıblar. Cəmiyyətimizin maarifləndirilməsində, xüsusilə gənc nəslin milli-mənəvi dəyərlərimizə hörmət və Vətənə, xalqa, dövlətə sədaqət ruhunda yetişdirilməsində ağsaqqallara hər zaman böyük ehtiyacın olduğunu vurğulayıblar. Bildiriblər ki,  Azərbaycanın hər bir regionunda olduğu kimi, Bərdə, Tərtər və Goranboy rayonlarında da ağsaqqallar yüksək nüfuza malikdirlər.

Sonra Bərdə Rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov, Tərtər Rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov və Goranboy Rayon Ağsaqqallar Şurasının sədri Rəddin Məmmədov hesabat dövrü ərzində görülən işlər və qarşıda duran vəzifələr barəsində məruzələr ediblər. Bildiriblər ki, Rayon Ağsaqqallar Şuralarının üzvləri mütəmadi olaraq sakinlərlə, şəhid ailələri və qazilərlə görüşlər keçirir, əsasən, gənclərin maarifləndirilməsi, əhalinin sosial-məişət problemlərinin, ailədaxili zorakılığın, boşanmaların, erkən nikahların qarşısının alınması istiqamətindəki tədbirlərdə fəallıq nümayiş etdirirlər. Eyni zamanda mövcud problemlər barədə aidiyyəti qurumlara məlumatlar verilir, onların həllinə köməklik göstərilir. Natiqlər, həmçinin, qeyd ediblər ki, bundan sonra da ağsaqqallar Bərdə, Tərtər və Goranboy rayonlarının ictimai-siyasi və mədəni həyatında yaxından iştirak edərək, ölkəmizin inkişafı naminə öz səylərini əsirgəməyəcəklər.

Konfranslarda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili Ağalar Vəliyev Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından tədbir iştirakçılarını salamlayaraq, növbəti dəfə bu rayonlarda ağsaqqallarla görüşdən məmnun olduğunu vurğulayıb. Ölkəmizdəki ictimai-siyasi proseslərdə hər zaman yaxından iştirak edərək xalqımızın milli mənafeyinə xidmət göstərən ağsaqqalların fəaliyyətindən ətraflı bəhs edən natiq 80 şəhər və rayon təşkilatında 35 min üzvü öz ətrafında birləşdirən Şuranın qarşıya qoyduğu başlıca məqsədlərdən söz açıb. Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və humanitar inkişafına, cəmiyyət həyatının aktual məsələlərinin həllinə ağsaqqalların töhfəsini yüksək dəyərləndirib. Natiq Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qazandığı böyük Qələbə nəticəsində işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən də bəhs edib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yüksək fəaliyyəti sayəsində ölkəmizin hər bir bölgəsi gündən-günə inkişaf edir və daha da gözəlləşir. Çıxışının sonunda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili Ağalar Vəliyev hesabat dövrü ərzində yerli təşkilatlar tərəfindən görülən işləri qənaətbəxş qiymətləndirib və hər bir ağsaqqala dəyərli fəaliyyətində uğurlar arzulayıb.

Konfranslarda çıxış edən digər natiqlər də ağsaqqalların dövlətçilik, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin düzgün istiqamətləndirilməsi istiqamətində mühüm rol oynadıqlarını qeyd edərək, onların ictimai-mədəni proseslərdəki fəal iştirakını yüksək qiymətləndiriblər və təşkilatların qarşıdakı dövrdə öz fəaliyyətini daha da genişləndirəcəklərinə əminliklərini ifadə ediblər.

Hesabat-seçki konfranslarında təşkilati məsələlərə də baxılıb. Hər üç rayon təşkilatının səlahiyyət müddəti başa çatan sədrləri, İdarə Heyəti və Təftiş Komissiyalarına seçki keçirilib. Açıq səsvermə yolu ilə Yaşar Zamanov Bərdə Rayon Ağsaqqallar Şurasının, Faiq Məmmədov Tərtər Rayon Ağsaqqallar Şurasının və Rəddin Məmmədov isə Goranboy Rayon Ağsaqqallar Şurasının sədri seçiliblər. Sonra isə onların təqdimatı əsasında rayonların ictimai fəal və nüfuzlu ağsaqqalarından ibarət İdarə Heyəti və Təftiş Komissiyası formalaşdırılıb.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili Ağalar Vəliyev və digər konfrans iştirakçıları yeni seçilən sədrləri və heyət üzvlərini təbrik edərək onlara gələcək işlərində davamlı nailiyyətlər diləyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.