Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair Əhməd Cavadın 130 illik yubileyinin qeyd edilməsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən əmr imzalanıb. Müvafiq əmr ilə təsdiqlənmiş tədbirlər planına əsasən, ümumi təhsil müəssisələrində Əhməd Cavadın həyat və yaradıcılığına həsr olunmuş tədbirlər, konfranslar, seminarlar, müsabiqələr, ədəbi-bədii gecələr və dəyirmi masalar keçirilir. Növbəti belə tədbirlər Bakının Nizami rayonunda 10 və 229 saylı orta məktəblərdə, son dəfə isə 238 saylı tam orta məktəbdə təntənəli şəkildə qeyd olunub.
Nizami rayonunun ağsaqqallarının da iştirak etdiyi bu tədbirdə əvvəlcə Əhməd Cavada həsr olunan videoçarx göstərilib. Sonra şagirdlərin iştirakı ilə Əhməd Cavadın gənc illərini, həmçinin əzablı günlərini səhnələşdirildiyi ədəbi kompozisiyalar göstərilib. Daha sonra şagirdlər Əhməd Cavadın şeirlərinə bəstələnmiş “Gəncəm, hey”, “Can Azərbaycan”, “Şükrüyyə”, “Çırpınırdın Qara dəniz” mahnılarını ifa ediblər. Tədbirdə Nizami Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyevin Əhməd Cavadın həyat və fəaliyyətinə həsr olunmuş nitqi də dinlənilib. O, öz çıxışında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, tərcüməçi, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın keşməkeşli həyatından, ədəbi yaradıcılığından və ictimai-siyasi fəaliyyətindən bəhs edərək məktəbliləriyməlumatlandırıb. Çıxışda yazıçı publisist Rəhman Salmanlının “Əhməd Cavadın yaradıcılıq yolu” kitabından ayrı-ayrı maraqlı faktlar da auditoriyaya çatdırılıb.
Tədbirə Əhməd Cavadın nəvəsi və nəticələri də iştirak ediblər.