Xəbərlər

BAŞSAĞLIĞI

Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Görkəmli ictimai-siyasi xadim, tanınmış diplomat Yaşar Tofiq oğlu Əliyev 2023-cü il dekabr ayının 8-də ömrünün 75-ci ilində vəfat etmişdir.

Azərbaycan Milli Məclisinin I və II çağırış üzvü olan Yaşar Əliyev 1994-1995-ci illərdə Azərbaycan Ali Sovetinin sədr müavini, 1995-2002-ci illərdə Parlamentin sədr müavini, 2002-2011-ci illərdə Çində, həmçinin 2004-2011-ci illərdə Vyetnam, Cənubi Koreya, Şimali Koreya və Monqolustanda Azərbaycanın Fövqəladə və Səlahiyyətli Səfiri vəzifələrini uğurla həyata keçirmişdir. O, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin uğurlu və qətiyyətli siyasətini hər zaman dəstəkləyərək, dəyərli bir millət vəkili kimi ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirakı ilə xalqımıza böyük xidmətlər göstərmiş, vətənpərvər bir diplomat kimi Azərbaycan Respublikasının mənafeyini xarici ölkələrdə yüksək səviyyədə müdafiə etmişdir. Yaşar Əliyevin fəaliyyəti dövründəki xidmətləri dövlətimiz tərəfindən hər zaman yüksək dəyərləndirilmişdir və o, “Şöhrət” ordeninə, “Azərbaycan diplomatiк xidmət orqanlarının 90 illiyi (1919-2009)”, “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)” yubiley medallarına, habelə MDB Parlamentlərarası Assambleyasının “Sodrujestvo” ordeninə və bir çox digər təltiflərə layiq görülmüşdür.
Bu ağır itki ilə əlaqədar dərindən kədərləndiyimizi bildirir, Azərbaycan xalqına, mərhumun qızı, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya və mərhumun bütün yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyirik. Görkəmli ictimai-siyasi xadim, tanınmış diplomat, dəyərli ziyalı, alicənab insan Yaşar Əliyevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!

Dərin hüznlə,
Eldar Quliyev – Azərbaycan Ağsaqqallar Şurasının sədri,
millət vəkili, professor
Əhliman Əmiraslanov – Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, millət vəkili, akademik
Eldar İbrahimov –    Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini,   millət vəkili, professor
Elmira Süleymanova – Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor
Bayram Yusifov – Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini
Vahid Novruzov – Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor
Tahir Süleymanov – Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini
Ağalar Vəliyev – Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili
Ramin Həsənli – Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri və İdarə Heyətinin digər üzvləri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.