Xəbərlər

BAŞSAĞLIĞI

Azərbaycan Ağsaqqallar Şurasına ağır itki üz vermişdir. 2024-cü il yanvar ayının 30-da Gəncə Şəhər Ağsaqqallar Şurası sədrinin birinci müavini İmanov Mobil Qulu oğlu ömrünün 80-ci ilində vəfat etmişdir.

Həyatı boyunca mənəvi saflığı, xeyirxahlığı və şərəfli ömür yolu ilə seçilən Mobil müəllim hər zaman yaxşılığın keşiyində dayanan ləyaqətli, vətənpərvər və alicənab bir şəxsiyyət idi. Ümummilli Liderimiz Heydər Əliyevin də yaxından tanıdığı və hörmət bəslədiyi Mobil İmanov Gəncə xalça kombinatından başlayan məhsuldar əmək fəaliyyəti, işgüzarlığı və bacarığı sayəsində daim ucalaraq məsul vəzifələrdə çalışmaqla iqtisadiyyatımızın inkişafına, dövlətimizin və xalqımızın tərəqqisinə mühüm töhfələr vermişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə imzaladığı Sərəncama əsasən Mobil İmanov ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakına görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. YAP və Əmək veteranı olan Mobil müəllim həm də dəyərli ziyalı və müdrik bir ağsaqqal kimi Gəncə Şəhər Ağsaqqallar Şurası sədrinin birinci müavini olaraq ölkəmizin tərəqqisi naminə yorulmadan səylər göstərmiş, gənclərimizə milli-mənəvi dəyərlərin, vətənpərvərlik ruhunun aşılanmasında, onların maariflənməsində və nümunəvi vətəndaşlar olaraq həyata vəsiqə qazanmalarında böyük rol oynamışdır.
Bu ağır itki ilə əlaqədar dərindən kədərləndiyimizi bildirir, İmanovlar ailəsinə və mərhumun bütün yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyirik. Müdrik ağsaqqal, dəyərli ziyalı, gözəl insan Mobil İmanovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!

Dərin hüznlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə
Heyətinin üzvləri adından Şuranın sədri,
millət vəkili, professor                                                                                 Eldar QULİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.