Azərbaycan Ağsaqqallar Şurasına və ölkə ictimaiyyətinə ağır itki üz vermişdir. Kəlbəcər Rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, dəyərli ziyalı, müdrik ağsaqqal İsmayılov Vəliyəddin Misir oğlu 2024-cü il aprel ayının 9-da ömrünün 81-cü ilində vəfat etmişdir.
Vətəninə, dövlətinə, xalqına, soy-kökünə çox bağlı olan Vəliyəddin İsmayılov yalnız Kəlbəcər rayonunun əhalisi arasında deyil, bütün Azərbaycanda böyük hörmət və nüfuz sahibi olmuşdur. Səmərəli fəaliyyəti, təmkini, tələbkarlığı və nikbinliyi ilə çoxları üçün örnək sayılan Vəliyəddin müəllim zəngin bədii yaradıcılığı ilə də tanınmışdır. 250-dən çox məqalənin müəllifi olmaqla yanaşı, otuzdan çox kitabda xatirə yazıları, hekayələri, xalqımızın qədim adət-ənənələri, faktlar və ədəbi mühit haqqında məqalələri, bir sıra qoşmaları və nəsihətamiz şeirləri dərc olunmuşdur. Azərbaycan Jurnalistlər Birliyinin üzvü kimi “Qızıl qələm”, “Hacı Zeynalabidin Tağıyev adına” və “Qarabağ Xeyriyyə Cəmiyyəti”nin mükafatlarına layiq görülmüşdür.
Fəaliyyəti dövründə hər zaman Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyən Vəliyəddin İsmayılov Kəlbəcər Rayon Ağsaqqallar Şurasının sədri kimi ölkəmizin ictimai-mədəni həyatında daim yaxından iştirak etmiş, gənc nəslin milli-mənəvi dəyərlərimizə və doğma Vətənimizə hörmət ruhunda formalaşdırılması işinə böyük töhfələr vermişdir.
Bu ağır itki ilə əlaqədar dərindən kədərləndiyimizi bildirir, Azərbaycan ictimaiyyətinə, İsmayılovlar ailəsinə və mərhumun bütün yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyirik. Müdrik ağsaqqal, dəyərli ziyalı Vəliyəddin İsmayılovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!
Dərin hüznlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə
Heyətinin üzvləri adından Şuranın sədri,
millət vəkili, professor Eldar QULİYEV