Azərbaycan Ağsaqqallar Şurasına ağır itki üz vermişdir. 2024-cü il aprel ayının 19-da Qusar Rayon Ağsaqqallar Şurasının sədri Mehdixanov Vahid Beybala oğlu ömrünün 78-ci ilində vəfat etmişdir.
Uzun illər yorulmadan insanların sağlamlığının keşiyində dayanan Vahid Mehdixanov 1966-cı ildən Bakı şəhərində tibb sahəsində fəaliyyətə başlamış, 1969-cu ildən Qusar Mərkəzi Rayon xəstəxanasında cərrah, 1976-cı ildən cərrahiyə şöbəsinin müdiri, 1987-ci ildən isə həmin xəstəxananın baş həkimi olaraq çalışmışdır. 2006-cı ildən 2015-ci ilə qədər Qusar Təcili Təxirəsalınmaz Tibbi Yardım stansiyasının müdiri kimi həkimlik fəaliyyətini davam etdirmişdir. I dərəcəli cərrah olan Vahid Mehdixanov tibb sahəsində hansı vəzifədə çalışmasından asılı olmayaraq işinə həmişə vicdanla yanaşmış, əhaliyə göstərilən səhiyyə xidmətinin səviyyəsinin yüksəldilməsinə çalışmışdır.
Əhalinin sağlamlığının qorunması sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə, fədakar və nümunəvi əməyinə görə 1989-cu ildə “SSRİ Səhiyyə Əlaçısı” döş nişanı ilə, 2003-cü ildə isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilmişdir. Vahid müəllim rayonun səhiyyə tarixinə həsr edilmiş “Qusar səhiyyəsi” kitabının həmmüəllifi olmuşdur.
2013-cü ildən Qusar Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsini daşıyan Vahid Mehdixanov müdrik bir ağsaqqal, dəyərli bir ziyalı kimi öz nümunəvi fəaliyyəti ilə rayonun ictimai-siyasi və mədəni həyatında yaxından iştirak etmiş, gənclərimizə milli-mənəvi dəyərlərimizi və mütərəqqi adət-ənənələrimizi aşılamış, onların Vətənə, xalqa, dövlətə məhəbbət ruhunda yetişməsində, elmin, mədəniyyətin cəmiyyətdə təbliğ olunmasında dəyərli xidmətlər göstərmişdir.
Bu ağır itki ilə əlaqədar dərindən kədərləndiyimizi bildirir, Mehdixanovlar ailəsinə və mərhumun bütün yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyirik. Müdrik ağsaqqal, dəyərli ziyalı Vahid Mehdixanovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!
Dərin hüznlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə
Heyətinin üzvləri adından Şuranın sədri,
millət vəkili, professor Eldar QULİYEV