Xəbərlər

BAŞSAĞLIĞI

Azərbaycan xalqına və Respublika Ağsaqqallar Şurasına ağır itki üz vermişdir. Müasir poeziyamızın görkəmli nümayəndəsi, Xalq şairi, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Nəriman Əliməmməd oğlu Həsənzadə 2026-cı il avqust ayının 1-də 95 yaşında vəfat etmişdir.

Bütün həyatını poeziyaya, milli dəyərlərimizin tərənnümünə, Vətənə və xalqa həsr edən Nəriman Həsənzadənin böyük əməlləri, saf düşüncələri, dövlətçilik əqidəsi, xalqa bağlılığı onun ziyalı ömründən, ağsaqqal örnəyindən xəbər verirdi. Uzunmüddətli səmərəli fəaliyyəti Azərbaycana yüksək xidmət nümunələri ilə zəngin olan görkəmli şairin yaradıcılığı hər zaman təkcə poeziyamızın deyil, bütövlükdə xalqımızın mənəvi sərvəti kimi dəyərləndirilmişdir. Onun vətənpərvərlik, qəhrəmanlıq, sevgi, vəfa və insanlıq dərsi hesab edilən poeziyası və əsərləri böyük bir ürəyin, sarsılmaz ruhun və dərin müdrikliyin məhsulu idi. Hər bir misrası ilə zamanın nəbzini tutan Nəriman Həsənzadə Azərbaycan dövlətçiliyinə bağlı bir ictimai xadim kimi həmişə milli və dövlət maraqlarına, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi kursuna və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin tərəqqisinə istiqamətlənmiş uğurlu siyasətinə sadiqlik nümayiş etdirmişdir. Xalq şairinin yaradıcılığı və xidmətləri hər zaman yüksək dəyərləndirilmiş, o, Azərbaycan Respublikasının “Şöhrət”, “Şərəf”, “İstiqlal” və “Heydər Əliyev” ordenlərinə, Prezidentin fərdi təqaüdünə, “Heydər Əliyev adına mükafat”a və bir sıra digər ali təltiflərə layiq görülmüşdür.

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü olaraq nüfuzlu ziyalı, müdrik ağsaqqal kimi Nəriman Həsənzadə həyatı boyunca daim milli-mənəvi irsimizin qorunmasına, gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinə, cəmiyyətimizin inkişafına öz qiymətli töhfələrini vermişdir. Gənclərimiz onun əsərlərindən Vətənə, xalqa, dövlətə, mənəvi dəyərlərə sədaqət və həyatın mənasını anlamaq kimi ülvi dərslər almışlar. Onun nəsihətamiz ağsaqqal məsləhətləri, fədakar vətəndaş mövqeyi hər birimiz üçün böyük dəyər daşıyırdı.

Bu ağır itki ilə əlaqədar dərindən kədərləndiyimizi bildirir, Azərbaycan xalqına, Həsənzadələr ailəsinə və mərhumun bütün yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyirik. Görkəmli şair və müdrik ağsaqqal Nəriman Həsənzadənin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

 

Dərin hüznlə,

Azərbaycan Ağsaqqallar Şurasının İdarə

 Heyətinin üzvləri adından Şuranın sədri, 

 millət vəkili, professor                                                                             Eldar QULİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.